Beşincinin onuncusu – TƏHLİL

Beşincinin onuncusu – TƏHLİL
  06 May 2017    Oxunub:16752
2012-ci ildə yenicə prezident seçilmiş Fransua Olland Yelisey Sarayına köçəndə verdiyi ilk sual belə olmuşdu: “Buradan gizlin çıxmaq üçün arxa qapı varmı?” Sonradan məlum oldu ki, Olland bunu sevgilisi, aktrisa Jülu Qaye üçün soruşurmuş. Amma bu ilk sualın sehri sanki onun bütün prezidentlik müddətində əks olundu.
Ollandın özü də elə bil, Fransanın dövlət idarəçiliyinə arxa qapıdan girib, oradan da gizlincə çıxdı; nə istədiyini, niyə gəldiyini də nə Fransada, nə də dünyada heç kim düz-əməlli anlaya bilmədi. Onu Fransada “itirilmiş vaxtın prezidenti” adlandırırlar.

Buna görə də, ikiqat maraqlıdır: Ollandın xələfi - yəni Beşinci Respublikanın onuncu prezidenti kim olacaq? Dünyanın altıncı böyük iqtisadiyyatına malik ölkəni bu dəfə necə prezident gözləyir?

Sosioloji sorğular və ona əsaslanan ekspertlər birmənalı şəkildə “Makron”,- deyirlər. Amma əslində hər şey bu qədər sadə deyil.

Namizədlərin teledebatına qədər Marin Le Pen aralarındakı reytinq fərqini xeyli azalda bilmişdi. Amma debatdan sonra yenidən Makronun reytinqi yuxarı sıçradı. Deyəsən, tale Le Pen ilə çox pis zarafat edib: sakit, fağır Ollandan sonra fransızlar yenə də Nikola Sarkozi kimi hiperaktiv prezident istəyirlər. Marin Le Pen isə debatlardakı bir qədər ağır qadın manerası və təmkini ilə Ollandı daha çox xatırladırdı. Baxmayaraq ki, Ollandın əslində Makro ilə eyni düşərgədəndir.

Amma digər tərəfdən, seçkiyə marağın az olması da Makronla çox axmaq zarafat edə bilər. Budəfəki debata 16,5 milyon adam baxıb, halbuki, 2012-ci ildə həmin rəqəm 30 milyon idi. Təxminən iki dəfə azalma var və bu, ciddi göstəricidir. Debat axşamı baş tutan “Yuventus” – “Monako” matçına maraq daha böyük olub. Əgər seçkiyə biganəlik ikinci turda da davam etsə, bu, daha çox Makrona ziyan vuracaq. Çünki ultrasağçı partiyanın lideri Le Penə ideya bağlılığı olanlar daha çoxdur və onlar sabit seçicidirlər; Makron isə situativ elektoratın favoritidir. Onun “İrəli” hərəkatı siyasi qurum olmaqdan daha çox, bir növ elektoral “start-up”dır.

İkinci turdan qabaq açıq şəkildə Marin Le Penə dəstək verən və ondan baş nazirlik vədi alan “Ayağa qalx, Fransa” hərəkatının lideri Nikola Düpen-Enyan oldu. Bu, minimum 4 faiz deməkdir. Amma hərəsi təxminən 20 faiz səs yığan Fransua Fiyon ilə Jan-Lük Melanşonun tərəfdarlarının da Le Penə səs verəcəyi istisna deyil. Çünki sol cinah elektoratının “kapitalistlərin adamı” Makronu dəstəkləyəcəklərini təsəvvür eləmək bir qədər çətindir.

Bütün bunlar o deməkdir ki, hələ ayını ölmüş saymaq çox tezdir və ikinci turun nəticəsi bütün dünya üçün sürpriz də ola bilər. Elə olarsa, Le Penin qələbəsi Avropa geosiyasətində 12 ballıq zəlzələ effekti yaradacaq. Bu, artıq tamam fərqli bir mövzudur və ayrıca təhlil edilməlidir. Çünki o halda ortaya Rusiya faktoru, Avropa Birliyinin və NATO-nun gələcəyi kimi məsələlər çıxacaq; Avropa “Brexit"dən yox, “Frexit”dən danışmalı olacaq; seçkinin nəticələri Fransanın sərhədlərini çox-çox aşacaq.

Yox, əgər sosioloqlar haqlı çıxsalar və Makron qalib gəlsə, gözlər gələn ayın 11 və 18-də keçiriləcək parlament seçkisinə yönələcək. Adətən Fransa parlamentində iki qüvvə - sağlar və sosialistlər geniş təmsil olunur və qərarların qəbuluna təsir göstərirlər. Bu, az qala, Beşinci Respublikanın oturuşmuş siyasi ənənəsidir. Yaxşı, bəs heç bir ənənəvi “sistem partiyası”nı təmsil etməyən, elektoral “start-up” ilə hakimiyyətə gələn Makron öz tərəfdarlarını parlamentə yerləşdirə biləcəkmi? Bilməsə, parlament partiyaları ilə münasibətləri necə formalaşacaq? Hökuməti kimlərdən və kimlərlə formalaşdıracaq? İndi bu, prezident seçkisinin nəticəsindən daha vacib sualdır.

Ona görə də, sabahkı seçkinin nəticəsinin necəliyindən asılı olmayaraq, birisigün belə demək lazım gələcək: Seçki bitdi, başlasın Seçki! Və daha bir ay gözləmək gərəkdir ki, Fransanı əslində kimin idarə edəcəyi məlum olsun.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: #Fransa   #Makron   #Le-Pen   #Seçki  





Xəbər lenti