Həkimlərin pul `xəstəliyi` - SORĞU

Həkimlərin pul `xəstəliyi` - SORĞU
  06 Sentyabr 2013    Oxunub:4741
Sağlamlıq hər kəsin qiymətli xəzinəsi hesab olunur. Həyatımız boyu bu xəzinəni xərcləyə-xərcləyə gəlirik. Bəzən isə düzgün istifadə etmədiyimiz zamanlarda bu xəzinəni itirəndə sağlamlığımızın keşiyində duranlara ehtiyacımız olur. Bu dünyanın “ağ xalatlı” xilaskarları bəzən ən son halda bizi ölümün pəncəsindən qurtara bilsə də, bir çox hallarda belə olmur. Yəni xilaskarlarımız hərdən bizim asanlıqla qorxulu röyalarımıza çevrilə bilirlər.
Son illər səhiyyədə böyük işlər görülüb. Texniki təminat yaxşılaşdırılıb. Amma çoxları hələ də həkimlərdən dad edir. Onların arasında tanınmış isimlər də az deyil.

Telli Penahqizi (jurnalist, şair, publisist):

- Hər kəs bir yolla pul qazanmaq istəyir. Əgər dövlət müəssisəsində işləyən həkimlər normal maaş alsalar, özəl tibb ocaqlarına ancaq çox yüksək maaşı və sığortası olanlar gedəcək. Mən şəxsən illər boyu yaxşı tanıdığım və savadına, təcrübəsinə güvəndiyim həkimlərə müraciət edirəm.

Günay Malikqizi: (telejurnalist, Bakı Park Bulvar AVM-nin PR-meneceri)

- Əsasən dövlət tibb müəssələrinə üz tuturam. Amma axırıncı dəfə qızımın boğaz agrısını özəl tibb müəssəsində sağlaltdılar.

Zəhra Rüstəm-Osmanova: (telejurnalist)

- Özəl tibb müəssisəsinə üstünlük verirəm. Düzdür, özəllərdə rüsum yüksəkdir, amma buna dəyər. Dövlət tibb müəsisəsinə daxil olanda qapıçıdan tutmuş sanitara, baş həkiminədək xəstədən pul umur. Gözləri elə əllərdə olur, səhhət keçir ikinci plana. Amma özəldə elə deyil, ilk növbədə xəstənin qeydinə qalırlar. Məsələn, özüm Baku Medical Plazada qeydiyyatdayam və çox məmnunam. Personal və xidmət yüksək səviyyədədir. İlk xəstəxanadır ki, ora gedəndə çıxmaq istəmirəm.

İradə İsaq (telejurnalist):

- Allaha şükür hələ ki, sağlamlığımla bağlı bir problem yaşamadığım üçün heç birinə üz tutmamışam. Amma insanlar arasında özəl müəssisələrdən çox şikayet eşitmişəm

Baba Vəziroğlu (şair):

- Hər şeydən öncə, tanıdığım, inandığım həkimlərə üz tuturam. Harda işləməyindən asılı olmayaraq. Özəl tibb ocaqlarının artması isə tələbatla bağlıdır. Millət sağlam yaşamaq istəyir...

Günel Xəzəl (yazıçı):

- Əlbəttə ki, özələ üstülük verirəm. Sivildir, həkimə" hörmət" eləmək üçün məbləğ haqqında başyoran fərziyələrə gərək qalmır, maaşları, gəlirləri çox olduğu üçün ora daha savadlı kadrlar can atır.

Aybəniz Haşımova (müğənni, Azərbaycan Respublikasının Əməkdar Artisti):

- Hər ikisinə eytiyac olan vaxtlar olur. Tanıdığım elə həkimlər var ki, dövlət, eləsi də var ki, özəl tibb müəssisəsində çalışırlar.

Xanım İsmayılqızı: (şairə, bəstəkar)

- Dövlət və ya özəl olması önəmli deyil. Məni həkim maraqlandırır. Hər ikisinə müraciətim olub.

Aytən Səfərova (telejurnalist):

- Nəzərə alınsa ki, günortaya qədər dövlət müəssiələrində çalışan həkimlər günortadan sonra özəl klinikalardakı işə gedirlər və ya əksinə (baxır iş rejiminə), çalışıram heç birinə müraciət etməyim, etdiklərim də, yalnız yoxlanılmış həkimlərdi - təcrübəli, yaşlı, sovet məktəbini keçmiş həkimlər. Bu qədər özəl tibb müəssisəsinin açılması yalnız bir şeyə dəlalət edir - qanuni şəkildə pasienti və onun qohumlarını soymaq. Əgər dövlət müəssisələrində bu, üstüörtülü baş verirsə, özəldə bunu "sivil" yolla edirlər. Halbuki elə ikisi də eyni şeydi. Bir arzum da var - nə vaxtsa başqa ölkələrdən gətirilən supermüasir tibb avadanlığını işlətmək üçün mütəxəssislər olsun. "İşlətmək" isə tək ağıllı sifətlə `knopka`ları basmaq deyil, həm də başı bu prosesə cəlb edərək pasientlərin evini yıxmamaqdır.

Yusif Kərimli (telejurnalist):

- Hər ikisinə müraciət edirəm. Kütləvi savadsızlıq özəl tibb müəssisələri üçün fürsətdir. Başı çıxmayan adamlardan pul qazanmaq istəyi özəl tibb müəssisələrinin sayının artmasına səbeb olub.

Samirə Safaraliyeva: (ANS Media və Yayım Şirkətində baş redaktor)

- Əsasən özəl klinikalara üz tuturam. Özəl klinikada ödənişi bir dəfə edirsən və əvvəlcədən ora üz tutanda hansı məbləği ödəyəcəyini bilirsən. Dövlət xəstəxanalarında isə əskinə, hər şey pulsuz olduğu halda, hamı nəsə istəyir, özü də bu dilənçilik formasında olduğundan insanı, hər halda məni qıcıqlandırır. Yəni xəstənin sağlamlığı, diaqnozu qalıb bir tərəfdə onlar hansı “klientdən” nə qədər pul qoparacağı barədə düşünür. İndi bəlkə dövlət xəstəxanaları düzəlib, deyə bilmərəm, amma artıq mən oralara üz tutmuram. Laboratoriyaları yaxşı işləmir, natəmizlik olur. Özəl tibb ocaqlarının artmasına səbəb odur ki, hər il Tibb Universiteti kifayət qədər həkim buraxır. Dölət xəstəxanalarında yer olmadığından , daha doğrusu yer pulla satıldığından, yəni hər adam gedib dövlət xəstəxanasında həkim , cərrah və ya tibb bacısı işləyə bilməz. Ona görə də onlar özəllərə üz tuturlar.

Ağalar Bayramov (əməkdar artist):

- İnkişafdan xəbər verir bu çoxluq. Amma əsas peşəkar həkimlərin olmasıdır. Binanın və avadanlığın olması hələ şərt deyil. Yüksək maaşla təmin olunmuş həkimlərin olmasıdır əsas şərt...

Əsəd Qaraqaplan (şair):

- Xəstələrdən qabaq həkimlər özəl klinikalara üz tuturlar puldan ötrü. Üstəlik, o həkimlər dövlət klinikalarında ürəksiz işləyirlər, pul az olur deyə. Cəmiyyətin, dövlətin yaxşı formalaşması üçün hamı müəyyən müddətdə fədakar olmalıdı, həkimi xəstəxanada, müəllimi məktəbdə, mühəndisi öz işində və s. Bizdəsə əksinədir, hamı anti-fədakarlıqla məşğuldur. Çünki biz ancaq özümüzü - özəl olanı düşünürük. Düzü, şəxsən mənim imkanım olmur özəl klinikalara getməyə, çünki bununçün yaxşı pulun olmalıdı, o da bizdə yoxdu. Dövlət klinikalarında da adamı o qədər gözlədib, bezdirib, ora-bura yollayırlar ki, axırda bir az da xəstə olursan.

Günel Hümbətova (teleaparıcı):

- Hər ikisinə üz tutduğum məqamlar olub, daha çox pasienti olduğum həkimlər özəl klinikalarda calışırlar. Özəl tibb müəssisələrinin sayının çoxalmasının səbəbini isə deyə bilmərəm. Təlabat var ki, yəqin sayı
günü-gündən artır.

Vüsal Məmmədov, “168 saat” qəzetinin baş redaktoru:
- Tibb müəssisələrini seçmək məcburiyyətindəyik. Təəssüf ki, dövlət müəssisələri xidmət keyfiyyətinə görə özəl müəssisələrə böyük fərqlə uduzur - baxmayaraq ki, həkim kontingenti demək olar, eynidir, yəni tutaq ki, günün 3 saatını dövlət xəstəxanasında işləyən həkim iş gününü özəl klinikada davam etdirir. Özəl tibb müəssisəsində xidmət göstərmək həkim üçün daha artıq gəlir anlamına gəlir. Bu isə onunla nəticələnir ki, həkim xəstəsini dövlət müəssisəsində qəbul etməkdənsə, hansısa özəl klinikada qəbul etməkdə daha maraqlı olur. Belə halda, biz süni olaraq da özəl müəssisələrə yönəldilirik. Özəl tibb müəssisələrinin sayının bu qədər artmasının arxasında da bazar iqtisadiyyatının azad sahibkarlıq üçün yaratdığı imkanla yanaşı yuxarıda dediyimiz faktorlar da dayanır.

Hazırladı: Səbinə Məmmədova
AzVision.az üçün



Teqlər:





Xəbər lenti