Manat daha dollardan qorxmur – TƏHLİL

Manat daha dollardan qorxmur – TƏHLİL
  04 Noyabr 2017    Oxunub:7968
Bu gün ölkəmizdə manatın ABŞ dollarına nisbətdə kursuna kənar təsirlərdən əvvəlkilə müqayisədə daha az narahatıq və daha az danışırıq. Məsələn, götürək elə ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsi ilə bağlı qərarlarını. Xatırladım ki, 2015-ci ilin dekabrından sonra FES haqda heç bir bilgisi olmayanlarımız da onu tanımağa başladılar. Niyə? Çünki FES uçot dərəcəsini qaldıran kimi Azərbaycanda manat ikinci dəfə devalvasiyaya uğradı. Hərçənd, ortada heç bir birbaşa əlaqə yox idi.
Bəlli olduğu kimi, ABŞ Federal Ehtiyatlar Sistemi (FES) növbəti yüksək səviyyəli iclasının yekununda uçot dərəcəsini dəyişməyərək, 1% həddində saxladı. Beləliklə, ötən ilin dekabrında göstərici 0,25%-dən 0,5%-ə yüksəldilərkən, qurumun rəhbərliyi tərəfdən 2017-ci il ərzində 4 dəfə də belə qərar qəbul ediləcəyi haqda söylənilən fikir özünü doğrultmadı. Çünki ilin sonunadək artıq 2 dəfə də eyni cür qərarın qəbul oluna biləcəyi mümkün deyil. Xatırladım ki, cari il ərzində 2 belə qərar qəbul olunub: birincisi, mart ayında - 0,5-dən 0,75%-ə yüksəldilməklə, ikincisi isə iyunda – 0,75%-dən 1%-ə qaldırılmaqla... Bundan əvvəl isə, 2015-ci ilin dekabrında və keçən ilin eyni ayında artırılmışdı. Hər biri 0,25% həddində olmaqla...

Məlumdur ki, xeyli müddətdir dolların məzənnəsi sabitdir. Yəni, nəinki Azərbaycanda, hətta dünya miqyasında da ABŞ-ın milli valyutası bahalaşmamaqdadır. Əksinə, dünyanın bir sıra aparıcı valyutalarına münasibətdə bir ara ucuzlaşmaqda idi. Buna səbəb isə FES-in bir-birinin ardınca faiz artımına getdikdən sonra, özünün də dolların dəyərinin möhkəmlənməsi prosesinin dayanmasında maraqlı olması idi. Çünki dolların həddindən artıq möhkəmlənməsi Amerika mallarını bahalaşdırır ki, bu da iqtisadi artıma istər-istəməz əngəl törətmək təhlükəsi yaradır. Faiz artımı isə bilavasitə iqtisadi artım, inflyasiya, işsizlik probleminin maksimum həlli kimi məsələlərə bağlıdır.

Bəs, FES növbəti faiz artımına nə vaxt gedəcək?

Qeyd etdik ki, FES bu il ərzində artıq, 2 dəfə faiz artımına getmişdir. Bu, keçən ilin dekabrdakı anoloji addımdan cəmi 3 ay sonra mart ayında və ondan cəmi, yenə 3 ay sonra iyun ayında edildi. Növbəti belə bir addımın isə cari ilin dekabrından tez atılmayacağı qabaqcadan proqnoz edilib. Çünki məşğulluq, xüsusən də inflyasiya kimi göstəricilərdə istənilən templərə nail olmaq və bunu əldə saxlamaq çətin prosesdir. Bunları daha çox ilin sonunda dəqiq müəyyən etmək mümkündür.

Diqqət yetirək: ABŞ iqtisadiyyatı resesiyadan çıxdıqdan sonra ilk dəfə uçot dərəcəsi artımı da məhz ilin axırıncı ayında – 2015-ci ilin dekabrında həyata keçirildi. Həmçinin, sonrakı artım da düz 1 ilin tamamında – 2016-cı ilin dekabrında edildi... Və hər dəfə də 0,25%. Ümumiyyətlə, hələ ilin ortasına yaxın yazmışdım ki, bu il ərzində faiz dərəcəsi ilin sonunadək 1 dəfə də olsa, artırılacaq. Çünki ABŞ iqtisadiyyatında vəziyyət yaxşıdır. Üstəlik, martdakı və iyundakı artımdan sonra dünyanın maliyyə və o cümlədən, əsas xammal bazarlarında əvvəlkitək mənfi təsirlər yaşanmadı. Xüsusən də, neftin qiyməti düşmədi. Odur ki, hesab edirəm, FES faiz dərəcəsini 1-1,25 %-dək qaldıracaq. Ancaq bunun cari ilin II yarısından tez edələcəyini demək çətindir...

Yəqin ki, qarşıdakı ayda, yəni dekabrda da artım haqda qərar qəbul edilərsə, 0,25% səviyyəsində olacaq. Belə ki, ABŞ iqtisadiyyatında vəziyyət qənaətbəxş olaraq qalır. İşsizlik maksimum aşağı səviyyədədir. ÜDM istehsalı səviyyəsi normaldır. İnflyasiyanın isə bütün bunlara uyğun olaraq, istənilən tempdə olacağı istisna edilmir. Odur ki, faiz dərəcəsi dekabrda böyük ehtimalla qaldırılacaq. O ki qaldı, bunun dünya və Azərbaycan iqtisadiyyatına, yəni manata təsirinə, keçən ilin dekabrında və bu ilin martında, iyununda anoloji qərarlar əvvəlkilərindən fərqli olaraq dünya valyuta birjalarını çox da silkələmədiyi kimi, bu dəfəki artım qərarı da ciddi rezonans yaratmayacaq...

FES-in sonuncu, ümumiyyətlə gələcək qərarlarının manatın vəziyyətinə təsirinə gəldikdə isə, birdəfəlik yadda saxlamaq lazımdır ki, FES-in qərarların birbaşa olaraq manatın dəyərinə heç bir təsiri yoxdur və ola da bilməz. Çünki manat yena, yuan, avro və sair kimi sərbəst dönərli valyuta deyil. Manatın arxasında neftdən başqa hələki ciddi şəkildə heç bir növ məhsul dayanmır. Dollar dünyada möhkəmlənərkən manat ona nəzərən ona görə dəyər itirir ki, neft ucuzlaşır. Odur ki, hər şey neftin qiymətindən asılıdır.

Bayaq qeyd etdim ki, FES-in sonuncu dəfə faiz dərəcəsini artırmaq haqda qərarları neftin qiymətinə təsir göstərmədi. Neftin qiymətini başqa səbəblər ucuzlaşdıra bilər ki, ona görə də bilavasitə manatla əlaqədar bizi, FES-in faiz dərəcəsinə dair nə kimi qərar qəbul edəcəyi deyil, başqa proseslər maraqlandırmalı və digər tendensiyaları nəzərdə saxlamalıyıq.

Yeri gəlmişkən, Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov son zamanlar manatın məzənnəsinin möhkəmlənməsinə toxunaraq qeyd edib ki, buna tədiyyə balansının vəziyyətinin yaxşılaşması, neftin bahalaşması kimi faktorlar təsir edib. Rüstəmov əlavə edib ki, ilin sonuna kimi manatın bahalaşması istisna deyil: “Müsbət tendensiyalar göstərir ki, manatın bahalaşması potensialı daha çoxdur”. Neftin qiyməti isə hazırda 60 dollar civarındadır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Manat   #Dollar   #Təhlil  





Xəbər lenti