ABŞ-a qarşı katolik-müsəlman birliyi – TƏHLİL

ABŞ-a qarşı katolik-müsəlman birliyi – TƏHLİL
  27 Noyabr 2017    Oxunub:9027
Avropa ilə İran arasında münasibətlərin kökü ən qədim dövrlərə gedib çıxır. Bu yaxınlarda ABŞ prezidenti Tramp ölkəsinin İranla nüvə sazişindən birtərəfli qaydada çıxa biləcəyini deyəndə Avropa Birliyi bəyan etdi həmin sənəd beynəlxalq ictimaiyyətin adından imzalanmış razılıqdır. Və bir dövlətin - yəni ABŞ-ın oradan çıxması beynəlxalq ictimaiyyətin iradəsini ifadə etmir.
Avropa Birliyinin İranı müdafiə etməsinin arxasında təbii ki, maliyyə və enerji maraqları dayanır. Avropa ölkələri İrana investisiya qoyublar, bank-maliyyə sahəsində böyük əlaqələr mövcuddur. Eyni zamanda, Avropa İrana və Rusiyaya alternativ enerji mənbəyi kimi baxır. Lakin bunlardan da vacibi geosiyasi maraqlardır. Çünki "hökumətlər gəlir və gedir, dağlar və dənizlər isə əbədi qalır" deyən siyasətçilərlə razılaşmamaq olmur.

Avropa Birliyinin bir xristian klubu olması heç kəsə sirr deyil. Yüzilliklər boyu Avropa kralları Papa tərəfindən təyin olunurdu və onun nüfuzu hələ də qalmaqda davam edir. Hətta Stalinə deyəndə ki, Vatikan Hitler koalisiyasının tərəfində müharibəyə qoşulmaq istəyir, o, soruşmuşdu: "Papanın nə qədər diviziyası var?!" Türkiyənin Avropa Birliyinə qəbul edilməməsinin əsas səbəbi də onun müsəlman dövləti olmasıdır. Bunu dəfələrlə Ərdoğan da etiraf edib.

Orta əsrlər boyunca katolik-protestant savaşları səbəbindən milyonlarla insan itirən Avropa İkinci Dünya müharibəsindən sonra bunu qəti şəkildə anladı və iqtisadi, siyasi, geosiyasi, amma hər şeydən əvvəl, sivilizasiya birliyi yaratmağa qərar verdi. Bəs düşmənləri kim idi? İsrail və Pravoslav dünyası. Əsas müttəfiqlər kim idi? İran!

Heç təsadüfi deyil ki, İran inqilabının banisi Xomeyni ölkəyə Fransa təyyarəsində qayıtmışdı. Ona sığınacaq verən də fransızlar idilər. Fransa 60-cı illərdə De Qoll dövründə NATO-dan çıxmışdı, anqlo-sakson ittifaqına qarşı gedirdi və NATO əsgərlərinə fransız torpağını tərk etmək üçün çox az vaxt vermişdi. Məhz bundan sonra Fransada De Qolla qarşı iğtişaşlar başladı və o, istefaya getməyə məcbur oldu. Almaniya İkinci Dünya müharibəsindən sonra iki yerə parçalanmışdı və Avropanın əsas yükü Fransanın çiynində idi. Belə bir dövrdə ABŞ və İsraili Orta Şərqdən sıxışdırmaq, onların yerini avropalıların tutmasını təmin etmək missiyası da Fransanın üzərinə düşürdü.



Avropalılar İranı özlərinə daha yaxın sivilizasiya hesab edirlər, nəinki İsraili. Birinci Dünya müharibəsi ərəfəsində Almaniyanın İranda güclü mövqeləri var idi. İngilislərin bir imperiyanın - Osmanlının sərhədini milyonlarca kilometr dəyişən Ərəb Lourens kimi kəşfiyyatçısı var idisə, almanların ondan geri qalmayan Vasmus Persia adlı emissarı İranda tayfa başçıları ilə yaxşı əlaqələr qurmuşdu. Hətta İngiltərənin Müstəmləkələr Nazirliyində həmin dövrdə böyük xəritə asılmış və Persiyanın (indiki İranın) üzərində qırmızı qələmlə iri hərflərlə “Vasmus” yazılmışdı.

Birinci Dünya müharibəsində olduğu kimi, İkinci Dünya müharibəsi dövründə də İran və Avropa ölkələri arasında münasibətlər olduqca yaxın idi. Burada Hitlerin farsları “ari irqi”nə məxsus xalq kimi qəbul etməsi də təsir göstərirdi. Məhz bu təhlükədən narahat olan Britaniya və SSRİ öz qoşunlarını İran ərazisində yerləşdirmişdilər. İran öz ərazisindən almanların SSRİ-yə qarşı aktiv kəşfiyyat aparmasına şərait yaradırdı.

İran müharibədən sonra BMT-də İsrailin yaradılmasına etiraz etməsə də, Fələstinin bölünməsinə qarşı çıxdı. Bununla belə, ABŞ və İsraillə münasibət çox yüksək səviyyədə idi. Bu isə həm SSRİ-ni, həm Avropa ölkələrini narahat edirdi. İran nefti ABŞ və İsrailin tam nəzarəti altında idi. İrana səfər edən Karter oranı "dünyanın ən narahat bölgəsində sabitlik adası" adlandısa da, tezliklə İranda inqilab baş verdi.



Amerikalıların bu yaxınlarda yaydığı 70-ci illərə aid arxiv materiallarından görünür ki, Xomeyni amerikalıları aladadaraq, hakimiyyətə gəlməsinə mane olmayacaqları təqdirdə 37 illik strateji müttəfiqliyi davam etdirməyə söz vermişdi. Nəticədə Amerika, Avropa ölkələri və hətta SSRİ-nin yardımı ilə İranda inqilab baş verdi. Xomeyni 3 fövqəlgüc mərkəzini onun xeyrinə qərar verməyə inandıra bilmişdi.

ABŞ və İsrail İrandan gedəndən sonra Avropa ölkələrilə münasibət daha yüksək səviyyədə inkişaf edirdi. Katolik klubu olan Avropa anqlo-sakson və yəhudi ittifaqını İran kimi strateji mövqeyə malik, nəhəng enerji ehtiyatı olan ölkədən sıxışdırıb çıxarmışdı.

Həmin dövrdə artıq Türkiyənin önəmi ABŞ və İsrail üçün getdikcə artmağa başlamışdı. Lakin İranı Türkiyə yox, başqa bir dövlət - Səudiyyə əvəz etməyə çalışdı. Həmin dövrdə Səudiyyə məhz İrana qarşı Yaxın Şərqdə və islam dünyasında əks qüvvə kimi sürətlə radikallasmağa başladı. 1980-ci ildə isə İran-İraq müharibəsi başladı və Avropa ölkələri öz maraqlarından çıxış edərək, gah İranı, gah İraqı dəstəklədilər. Müharibənin nəticəsi də məlumdur, Səddamın aqibəti də. Səddam Hüseynin ABŞ koalisiyasının hədəfinə çevrilməsində müxtəlif səbəblər olsa da, əsas amillərdən biri onun BMT-də çərçivəsində həyata keçirilən "neft əvəzində ərzaq" proqramının dollarla deyil, avro ilə hesablanmasını tələb etməsi olmuşdu. ABŞ və Avropa rəqabəti İraqın bugünkü terror və xaosa qədər ağır bir yol gəlməsində öz təsiri göstərib.

İran isə əksinə, bütün bu təlatümlərdən salamat çıxmağı bacarıb. Trampın hədələrinə isə İranla bərabər Avropa Birliyi, Cavad Zəriflə bərabər Federika Moqerini də eyni cavabı verirlər. İran diplomatiyası “katolik klubu”nu öz müttəfiqinə çevirməyi bacarıb. Minilliklər əvvəl Manedoniyalı Aleksandrın qarşısına Daranın qızı Roksalana çıxmışdı, minilliklər sonra isə amerikalı Trampın qarşısına Moqerini çıxır, özü də Zəriflə birgə. Amma Zərifin diplomatiyası heç də zərif və aciz deyil.



Nəzakət Məmmədova
AzVision.az üçün



Teqlər: #Avropa-Birliyi   #İran  





Xəbər lenti