İnternet tülkülərinin kütləyə təsir texnologiyaları – Sənan Nəcəfov yazır

İnternet tülkülərinin kütləyə təsir texnologiyaları – Sənan Nəcəfov yazır
  17 Aprel 2018    Oxunub:7294
Sənan Nəcəfov

Ötən yazımızda əks tərəflərin bir-birinin fikrini həzm etməməsi haqda danışmışdıq. Bu dəfə konkret nəzəriyyə ilə bunu bəlli etməyə çalışacacağıq.

Düşmən mətbuat effekti

Hostile media effect
(bilmirəm, tərcüməm nə qədər uyğundur, ötən dəfə söylədiyim kimi, daha uğurlu təsvir tapılarsa, minnətdar olaram) - kütləvi kommunikasiyada nəzəriyyələrdən biridir. Bu nəzəriyyəyə görə, hər hansı bir mövqeyi, fikri, düşüncəsi olan fərd onun baxışlarına zidd müddəanın mediada işıqlandırılmasını qərəzli sayır.

Bu nəzəriyyənin tərəfdarları hesab edirlər ki, “düşmən mətbuatı effekti” KİV-in qeyri-obyektivliyi kimi qələmə verilə bilməz. Yəni, əks fikirli insanlar hər hansı bir mövzunu fərqli rakurslardan görürlər, burada KİV-in günahı yoxdur. Hətta ən etibar edilən, bitərəf, təmizliyi ilə ad çıxarmış jurnalistlərin yazıları belə normal qəbul edilmir. Tərəflər mütləq neytral yazıda belə əks-tərəfin xeyrinə nüanslar olduğu düşüncəsində qalırlar. Bu nəzəriyyə ilk dəfə Robert Vallone, Li Ross və Mark Lepper tərəfindən irəli sürülüb.

1982-ci ildə bu fenomenin araşdırılması üçün ilk ciddi sınaq aparılıb. Stenford Universitetinin tələbələri arasından bərabər sayda Fələstin və İsrail tərəfdarları seçiblər. İştirakçılara 1982-ci ildə Livan-İsrail müharibəsi zamanı baş vermiş hərbi əməliyyatlardan biri haqda haqda çəkilmiş “Sabre və Şatildə qətllər” filmi göstərilib. Nə qədər qəribə olsa da hər iki tərəf eyni düşüncədə olub: film qarşı tərəfin xeyrinə çəkilib. İsrail tərəfdarları filmdə anti-İsrail fikirlərin çox olduğunu deyir, Fələstinlilər isə iddia edirdilər ki, film anti-Fələstin əhval-ruhiyyəlidir.

Nəzəriyyənin aktuallığını nəzərə alan elm adamları araşdırmaları davam etdiriblər. Bəlli olub ki, nəzəriyyə özünü digər hərbi, siyasi və sosial qarşıdurmalarda da göstərib. Xorvat-boşnak münaqişəsində, ABŞ-dakı 1992-ci il seçkilərində, 1997-ci ildə "United Parcel Service” şirkətindəki tətildə, hətta adi idman yarışı, genetik modifikasiya olunmuş məhsullarla bağlı mübahisələrdə də. Uzağa getməyək. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlanan istənilən film (ədalətli və neytral mövqedən söhbət gedir, belə filmlər azdır), məqalə, reportajla bağlı anoloji mövqeyi biz sərgiləyəcəyik.

Başqa bir sınaq illər öncə aparılıb. Prinston və Dartmuts Universitetlərinin tələbələrinə ayrı-ayrılıqda bu universitetlərin futbol komandaları arasında matçın video-yazsını göstəriblər və tapşırılıb ki, hər iki komandanın neçə dəfə qayda pozduğunu hesablasınlar. Tələbələr bir mənalı olaraq rəqibin daha çox qayda pozduğunu qeydə alıblar.

Bəs izahı? İlk olaraq koqnitiv amildən başlayaq. Bu effektin izahı üçün 3 mexanizm təklif olunur.

Nümunə üçün xatırlama. Yaddaşa bağlıdır və buradan informasiyanın götürülməsi nəzərdə tutulur. Araşdırmalar göstərir ki, tərəfdar daha çox fikirlərinin təkzib olunduğu məqamı yadda saxlamağa meyillidilər, nəinki dəstəklədikləri ideyanın tərifləndiyi. Əslində bu fenomen “neqativ effektini”nin təzahür formalarından biridir. Yəni hətta statistik baxımdan hər ikisi eyni sayda olsa belə, neqativ informasiya daha yaddaşda çox çəkiyə malik olur, nəinki pozitiv.

1) Seçmə(selektiv) qavrayış. Fərd məlumatdan ancaq özünə lazım olanı seçir, qalan fikirləri kənara qoyur. “Düşmən mətbuatı effekti”ndə tərəfdarlar arasında güclü tendensiya mövcuddur ki, məlumatın informasiyalarını arzu edilməyən, istənilməyən, əlverişsiz və düşmən aspekt kimi interpretasiya edir. Başqa sözlə, seçmə qavrayışa görə, biz məlumatı elə interpretasiya edirik ki, bizim dəyər və inanclarımızla üst-üstə düşsün.

2) “Müxtəlif standartlarla” izahat və ya motivə olunmuş mülahizə isə əsaslandırılmış arqumentlərdən asılıdır. Yəni, öz mövqeyinin haqlı olduğunu müxtəlif səviyyələrdə təsdiqini axtarır. Fərd kitab və ya qəzet oxuyanda, radioya qulaq asıb, TV-yə baxanda inandığı, qəbul etdiyi doqmanın təsdiqini axtarır, digər bütün fikirləri “silir”. Amma, qarşı tərəfdən təsdiq almadığı fikirlərini əsaslandırmaq üçün fərd rasional izahlarını əsas gətirir. Beləliklə əsaslandırlmış mülahizələr əks tərəfin gətirdiyi arqumentlərə qarşı reaksiyaya çevrilir.

Bəzi araşdırmaçıların fikirlərinə görə əsaslandırlmış mülahizələrin mənbəyi koqnitiv dissonansdır. (latın dilindən tərcümədə uyğun olmayan, nizamsızlıq, qaydasızlıq mənası verir). Fərdin düşüncəsinin əks fikirlə toqquşmasından yaranan psixoloji diskomfortdur. Səbəb odur ki, tərəfdarın qərəzsiz məlumatı neqativ spektrdə görməsinə uyğunlaşmasıdır.

“Tərəfdar”ın sosial şəbəkədə və ya TV-də həmfikirləri tərəfindən səslənən istənilən faktı real, doğru və həqiqət kimi qəbul etməsi də bununla bağlıdır. Ona görə də fərqli düşüncələrin, baxışların tərəfdarları hər hansı mənbənin öncədən hazırlanmış yalnış məlumat olduğu fikrinə qapılması normaldır. Onlar mənbəni fərqli görürlər, çünki düşüncələrindəki assosiasiyalarda diametral fərq var.

Mütəxəssislər əmindilər ki, bu efektin izahı üçün istifadə olunan bütün mexanizmlər sədaqət, bağlılıq, tərəfdarlıq təsiri ilə birbaşa bağlıdır. Belə ki, fərd öz fikir, düşüncə və ideyalarına nə qədər çox bağlıdırsa, düşmən media effekti özünü bir o qədər aydın büruzə verir. Öz düşüncələrinə bağlı olan fərd əks fikirli mülahizəyə daha çox önyarğı ilə yanaşır. Bununla da o ya öz dəyərlərini qoruyur, ya da eynifikirlilərin təsiri altına düşür.

* * *

Camaat belə deyir - Argumentum ad populum


“Argumentum ad populum”, latın dilindən tərcümədə “kütlənin arqumenti” mənası verir, əslində “camaat belə deyir” ifadəsinə daha yaxındır. Çoxluğun hər zaman doğru olduğunu əsas gətirən məqsədli səhvməntiqli dəlil gətirmədir. “Əgər insanlar qırmızı işıqda keçirlərsə, mən niyə keçməyim?” və ya “Çində istehsal olunan malların keyfiyyəti aşağıdır və saxta brenddən yararlanma çoxdur, demək Çindən mal almaq olmaz”. Baxmayaraq ki, “çoxluq” (söhbət ictimai şüurda yaradılan “çoxluq” obrazından gedir, əslində elə də çox deyillər) nəyinsə doğru olduğu iddia edib, bunu əsaslandıra bilər, lakin bu hər zaman həqiqət olmur.

Adətən, belə bir məntiqlə çıxış edən şəxs heç də həmişə müfəssəl, etibarlı faktlara malik olmurlar. “Çoxluq” (camaat) haqqında danışanda adətən öz şəxsi təcrübəsindən, tanışlarının dediklərindən məhdud sosial-iqtisadi məlumatlardan yararlanmaqla danışırlar. Misal üçün, camaat deyir ki, polislər mitinqə gedənlərə təzyiq ediblər. Həbs olunan Filankəs bəy həbsxanda işgəncələrə məruz qalıb. Bu hakimiyyət asır, kəsir, millət acından ölür və s. bu qəbildəndir. Haradan bilirsən? Camaat belə deyir.

Bundan başqa “Argumentum ad populum” baxmayaraq böyük əksəriyyət tərəfindən qəbul olunur, lakin bu o demək dyil ki, geniş tətbiq oluna bilər. Çünki bu formalaşan yalnış təsəvvürdü və bu formalaşmış bu yalnış təsəvvürün həyata keçirilməsi qayda pozuntusu, qanunlardan kənar ola bilər. Uzun müddət Bakıda küçə və prospektlərdə zolaqlı ağ xəttə, işıqfora diqqət yetirilmirdi. Hamı haradan istəyirdi ordan da keçirdi. İndi isə bu yöndə ciddi addımlar atılır, qaydanı pozanlar cərimələnir və belə demək mümkünsə artıq küçəni haradan gəldi keçmirlər. Bu qaydanı pozanlar polis əməkdaşları tərəfindən saxlanıldıqda arqumentləri gülməlidir: “hamı keçir”.

* * *

Daha bir psixoloji effekt haqda söz açacağıq. Təsəvvür edin ki, Universitetlərdən birində müəllim tələbələrə əlavə bal toplamaq şansı verir. Bu balları qazanmaq üçün 2 şərt var: Üç səhifəlik referat yazmaq və ya şənbə gününü “Ahıllar evi”ndə keçirmək.

Sınağın nəticələrini oxumadan öncə, özünüzü yoxlayın. Siz hansı qərarı verərsiniz? Tələbələrdən biri ikinci varianta üstünlük verib və düşünüb ki, hər dəfə gördüyü yeknəsək işdənsə, xeyirxah addım atsın. Və o, əmin olub ki, tələbə yoldaşları da eyni addımı atacaq. Başqa cür necə ola bilər? Axı, yaşlı insanlara kömək etmək lazımdır. Lakin deyilən vaxtda “Ahıllar evi”nin qapısı önündə yalnız 3 qrup yoldaşını görüb. Qalanları referat yazmağa üstünlük veriblər.

Buna psixologiyada

Yalnış konsensus effekti

deyilir. Siz vaxtınızı hansısa darıxdırıcı yazı hazırlamaqdansa xeyirxah işə sərf edirsiniz və belə düşünürsünüz ki, çoxluq da bu qərarı verəcək. Realda isə fərqli qərarlar ortaya çıxır.

Biz öz səviyyəmizi, fikirlərimizi, düşüncələrimizi, dəyələrimizi, münasibət və ünsiyyətlərimizi çox şişirdirik. Bax, bu yalnış konsensus yaradır və qərar və davranışlara təsir edir. İnsanları bu səhvi etməklə düşünürlər ki, verdikləri qərar, atdıqları addım hamı tərəfindən qəbul olunur. Belə hesab edirlər ki, fərdi dəyərləri və ideyaları normadır, digərləri də bu fikirlə razılaşırlar.

Biz, hər hansı bir hadisənin başvermə ehtimalını hesablayanda ilk olaraq düşüncələrimizə uyğun, ağlımıza gələnlərdən misal gətiririk. Sonra alternativləri deyil, məhz yaxın ətrafın, tanışların, qohumların düşüncələrini nəzərə alırıq. Və beləliklə belə fikir formalaşır ki, bu qədər insan təsdiqləyirsə, demək digərləri də bu fikirdədir. Əgər düşünürüksə ki, cinayətin azalması üçün qanunun qəbulu vacibdir, çünki bu cəmiyyətə xeyirdir, bu Yalnış Konsensus Effektidir. Çünki hər qanun cinayətin azalmasına xidmət etməyə bilər.

Başqa bir misal, tutaq ki, hər hansı filmə baxırıq və xoşumuza gəlmir. Çünki süjet xətti yoxdur, mənasız xüsusi effektlərdən istifadə olunub. Belə baxanda səbəb ədalətlidir. Bu əsas verir ki, həmin filmin digər tamaşaçılar tərəfindən də pis qarşılandığı qənaətinə gələk. Əlsində isə belə deyil. Tamaşaçılar filmi öz baxış bucaqlarına uyğun sevə və dəyərləndirə bilərlər.

Bu effektlə bağlı ilk araşdırmanı Li Ross 1970-ci ildə aparıb. Sınaq zamanı iştirakçılara bir münaqişə haqda məlumat toplamaq və münqaişənin həlli üçün təklif olunan iki yoldan birini seçmək tapşırılır. Sonra iştirakçılardan bu həll yollarından hansını iştirakçının seçəcəyini, hansının qalan çoxluq tərəfindən bəyəniləcəyini soruşurlar. Və bir də təklif edilən iki variantdan birini seçənlərin xarakteristikasını vermək istənilir. Araşdırmaçılar müəyyən ediblər ki, variantlardan asılı olmayaraq cavab verənlərin böyük əksəriyyəti öz qərarlarının çoxluq tərəfindən dəstəklənəcəyini deyirlər. Və ikinci şərtə uyğun olaraq, iştirakçılar alternativ variant seçənləri “neqativ” obrazlı təsvir edirlər.

Hər hansı bir Con facebook-da davamlı olaraq yüngül narkotiklərin satışının leqallaşdırılması haqda yazır. Araşdırma zamanı bəlli olur ki, Con böyük əksəriyyətin bu düşüncədə olduğunu düşünür. Amma yaddan çıxardır ki, onu dəstəkləyənlərin çoxu yaxın ətrafı, dostları və onu tanıyanlardılar. Bu məqamda Azərbaycan sosial şəbəkəsində gün keçirən bir “obıvatel”i düşünün və onun profil fotosunda M. Ə. Rəsulzadənin fotosu var, davamlı olaraq Əli Kərimlinin və dəstəsinin “nağıllarına” qulaq asır və ancaq Xədicə İsmayıl ritorikalı məlumatları paylaşır. Mitinqə çağırış edir, hakmiyyət tərəfdarlarını “yaltaq” və yuyucu vasitə adlandırır. Bir sözlə həqiqət və azadlıq mücəssiməsi. Sizcə, bu düşüncədə adam alternativ fikri qəbul edərmi? Mitinq adı verdikləri piketə adamın az gəldiyini deyəndə, adamı qətlə yetirməyə hazır olmazmı? Adam, Yanlış Konsensus effektini yaşayır, şirin yuxuda, xam xəyallardadır.

Növbəti misal. Hansısa Fred mühafizəkardır, mühafizəkar verilişlərə baxır, mühafizəkar media izləyicisidir, oxşar düşüncəli insanlarla ünsiyyət qurur, facebook dostluğunda olanların 90%-i eyni idelogiyanı paylaşırlar. Təmsil etdiyi partiya seçkiyə hazırlaşır, həmin dairədən namizədləri var, ciddi təbliğat gedir, “qələbə yaxındır” deyə düşünür. Nəhayət seçki günü gəlir və nəticə elan olunanda Fred şoka düşür. Ağlına ilk nə gəlir? Təbii ki, saxtakarlıq! Başqa nə ola bilər? Axı, liberallar bu seçkini necə uda bilərdilər? Axı hamı mühafizəkar düşünürdü. İndi bu situasiyanı Azərbaycana transfer edin və mənzərəni izləyin. “Saxtakarlıq” deyib bağıranlar Yalnış Konsensus effektindədilər, sadəcə bunu onlara izah edən lazım.

Bu məqamda NLP fərziyələrindən olan “xəritə ərazinin özü deyil” fikri haqda danışmaq yerinə düşərdi.

“Xəritə Ərazinin özü deyil”

- bu cümlə NLP-nin əsas müddəalarından biridir. İlk dəfə polşalı alim Alfred Korjibski işlədib. Nə məna verir?

İnsanlar yaşadıqları dünyanın “həqiqətinin” yalnız bir hissəsini dərk edə bilir. Heç bir zaman kənardan gələn informasiyanın hamısını qəbul edə bilməz. Məsələn, insan elektormanitik dalğaların mövcudluğunu bilir, amma qəbul edə bilmir. NLP deyir ki, insanlar çöl dünyanı duyğuları ilə görərək, hiss edərək, qoxulayaraq hiss edir. Kənardan gələn məlumatların bir qismi elektriksəl parçalar və ya dalğalar halında real dünya informasiyalarından qəbul edilərək beyinə gəlir. Orada şüura oturana qədər bir anın içində fərqli əməliyyatlar görür, insanların metproqramları, dəyərləri və inancları, söz xəzinəsi filtirlərindən keçir və beləliklə çöl dünyanın fərdi dizaynı ilə beyinə yerləşir. Biz hisslərimiz sayəsində kənardan gələn və filtirlərimizdn keçən məlumatları yeni məlumatlar əlavə edərək fərdi baxışımızı, düşüncəmizi, “həqiqətimizi” yaradırıq.

“Xəritə Ərazinin özü deyil” cümləsində ƏRAZI bütün məlumatları özündə cəmləşdirən çöl dünyamız, XƏRITƏ isə beynimizin çöl dünyadan aldığı məlumatlardan yaratdığımız fərdi reallığımızdır.

Ona görə də insanların beyinlərində yaratdıqları dünya modellərinə görə mühakimə olunması heç vaxt qəbul olunmur. “Zövqlərə görə mübahisə edilməz” fikri burada öz təsdiqini tapır. Ona görə heç bir insanın dünya modeli dəyər mühakiməsi prizmasından digərinə görə pis və ya yaxşı müqayisəsi aparıla bilməz. Necə deyərlər, sadəcə var, bu insan belə düşünür, vəssallam. Hər kəs fərqli və təkdir. Bu səbəbdən fərqli dəyər və inanclara görə mühakimə edilməz. Elə isə bir nəfər öz dünya modelinə möhkəm sarılanda və bu mövzuda çox iddialı “həqiqətlərdən” və ya “obyektiv”, “tək doğru onundur” deyirsə, artıq insanın düşüncələrinə şübhə ilə baxırıq. Bəllidir ki, hər şey məzmuna görə dəyişir və heç nə göründüyü kimi deyil.

İndi Azərbaycandakı siyasi baxışlarına görə təhqir, təhdid olunan, söyülən insanları göz önünə gətirin. Bizi hakimiyyətə yarınmaqda, yaltaqlıq etməkdə qınayan, söyən, təhqir edən, şantaj edən bu insanların, qrupların düşüncələrinə baxın. Bunlar demokratdılarmı? Ümumiyytlə bu insanların liberal dəyərlərin “a”sından xəbərləri varmı? Profil fotosuna Əli Kərimlinin fotosunu yerləşdirib, Kərimlinin pafos dolu yazılarını paylaşan birisi bizi fərqli düşündüyümüzə, haqlı bildiyimizdə israr etdiyimizə görə “yaltaq” adlandırırsa, bu insanların “xəritəsi” nə ilə cızılıb? Bunların düşüncələri Bolşeviklik, dağıdıcılıq, yırtıcılıq, anarxizm deyil, nədir?

* * *

Ağac nə qədər çox bar verirsə, onu daşlayan insanlar bir o qədər çox həzz alırlar. Hakimiyyətə gələn Uels şahzadəsi VIII Edvard gənc yaşlarında bunu yaşayıb. Onun 14 yaşı olanda Hərbi Dəniz Məktəbinin filialı olan Devonşir Dartmus Kollecində təhsil alırmış. Bir gün mühafizəçilərin şahzadənin bir küncdə ağladığını görürlər. Bütün məktəb bir yerə toplanılır və şahzadənin döyülməsinin səbəbi araşdırılır. Hadisənin iştirakçıları kütlənin qabağına çıxarılır və onlar bu işi etdiklərini etiraf edirlər. Səbəbə diqqət edək. “İllər sonra Kral donanmasında qulluq edərkən “İndiki Kralı döyümüşük” deyə bilməyimiz üçün bunu etdik!

Buna görə güclü təzyiq və təqiblə, təhqir və ya tənqid olunursunuzsa, bunu edənlərin özlərini önəmli sanaraq böyük həzz aldıqlarını düşünün. Əmin olun ki, gördüyünüz iş, tənqid və hücumlara səbəb ola biləcək qədər diqqət çəkicidir.

Bunu da unutmayın ki, əksər insanlar özlərindən savadlı, dünyagörüşlü, bacarıqlı birini günahlandırıb, tənqid edib, ələ salıb bundan qəribə bir həzz alırlar.

* * *

Bəs bu insanların, xüsusi hazırlanmış trolların, botların birləşdiyi qruplar- briqadalar söyüş, təhdid, şantaj texnikalarından necə yararlanır, kütləvi terroru necə həyata keçirirlər?

Söyüş Briqadaları necə işləyirlər?

Bunları ayırd etmək üçün yazdıqlarına (yazı demək də günahdır, söyüşlərinə deyək-müəl.) diqqət yetirmək kifayətdir. Əksəriyyəti dilimizi pis bilirlər, jarqonlardan istifadə edirlər, çoxlu sayda orfoqrafik səhv buraxırlar. “Bunlar” hazırladıqları kapslarda “da, də” ədat və bağlayıcılardan primitiv istifadəni belə bacarmırlar. Xarici ölkələr haqda nağıl uydurmağı bacarırlar. Eləcə də ölkəmiz haqda. Kinayə, acıq və qisas dolu yumor hissləri var. Öz aralarında dialoq zamanı açıq-saçıq sözlərdən, söyüşlərdən istifadədən çəkinmirlər. Cəmiyyətdən seçildiklərini nümayiş etdirmək üçün hərkətlərində fərqlilik nümayiş etdirirlər.

İki qrup bölünürlər. Xaricdə yaşayanlar və xaricə getmək üçün yaşayanlar. Xaricdə yaşaynlar ən çox təhqirə, söyüşə yol verən, aqressivlərdilər. Məhz bunlar ölkədə ən kiçik hadisəni də hakimiyyət adına yazıb, təhqirli fikir bildirməklə, söyməklə kütləyə təsir etməyə çalışırlar.

Qarşı tərəfi sıradan çıxarmaq üçün bir çox metodları var. Elə ki, şəbəkədə alternativ fikir söylənilir, həmin fikrin müəllifi haqda dərhal araşdırma başlayır. İlk olaraq tanışlar vasitəsilə kimliyi müəyyən olunur. Sonra həmin şəxs uzun müddət izlənilir. Hər hansı fikrinin ucundan tutub ucuzluğa gedilir. Xaricdən idarə olunan səhifələrdə təhqirlər, capslar, kollajlarla təhqir olunur, haqqında hədyanlar yazılır, xüsusi fake profillər vasitəsilə “artilleriya” atəşinə tutulur. Əsas məqsəd alternativ fikirli insanı ruhdan salıb, sıradan çıxarmaqdır. Bunlar baş tutmadıqda, şantaj başlayır. Xüsusən də yazan şəxs gəncdirsə. Xanım, “gəlin” profillərindən “sevgi mesajları” yağışı başlayır. Yetər ki, bir dəfə “görüşmək, “öpüşmək” və pastel haqda nəsə yazsın. Vəssallam.

Başqa bir sxem. Hakimyyətlə bağlı pozitiv fikir bildirən və yaxud əksinə Əli Kərimli, Nida, Xədicə İsmayıl, Orduxan haqda tənqid yazan istənilən bir şəxsi götürün. Bu insana qarşı əvvəlcə kollektiv bombardıman başlayır. Biri həmin şəxsin savadsızlığını, ideoloji məlumatsızlığını, səhvini deyir. İkincisi, söyüşlə danışır, üçüncü ağıl kəmliyindən, psixi problemlərin olmasında, dördüncü, zamanı gələndə qəsd edilməsi, ölüm ilə qorxuzur. Beləcə, hədəf susdurulmuşdu! Yox, rəqib sərt, mövqeyindən dönməyən olursa, profilinin dağıdılmasından, xaker hücumundan tutmuş facebook-a şikayətə qədər hər şeyə əl atılır.

Bu briqadaların fake-profil oyunu daha dərindir. Hərəsinin 10-20 profili var. Bəzən özləri söhbət açıb, özləri cavab verib, yekunda hakmiyyəti günahlandıra bilirlər. Bütün bu proses isə sonradan kütləvi fikir kimi şəbəkəyə sırınır. O qədər primitiv yazırlar ki, müxtəlif niklərdə təkrarlanan sözlərdən, şivələrdən frazeoloji birləşmələrdən eyni insanlar tərəfindən idarə olunduğunu müəyyən etmək asanlıqla mümkün olur.

* * *

Söyüş briqadalarının sosial şəbəkələrdə fəaliyətinin bir adı da var:

Kərimlinin trol və botları - Kərimlifason astroturfinq

Sonsuz sayda sifarişli yazılar, yalnış faktlar, dezinformasiyalar, habelə həqiqi məlumatlar vasitəsilə ictimai şüurun formalaşdırılması texnologiyasıdır. Bu termin “AstroTurf” sintetik meydança örtüyü yaradan məşhur firmanın adından götürülüb. Bu firmanın məhsulları təbii ota o qədər yaxın olur ki, uzaqdan fərqləndirmək qeyri-mümkündür. İlk dəfə Texas ştatının senatoru Lloyd Bentsen tərəfindən 1970-ci ildə işlədilib. O vaxt Bentsen ABŞ-ın gələcək prezidenti olan ata Corc Buşla ABŞ Senatında yer uğrunda mübarizədə idilər. Həmin seçiklər zamanı ata Buş republikaçıları dəstəkləyən “xalq hərəkatları” yaratmışdlar. Bu situasiyanı yani süni yaradılan ictimai fikri Bensten çıxışlarından birində “idarə olunan süni ot kütləsi” adlandırıb.

Astroturfinq haqlı fikirlərin, doğru ideyaların aradan çıxarılması, boğulması üçün internetdə istifadə olunur. Bu zaman ictimai fikirdə belə bir yalnış təsəvvür formalaşır ki, böyük sayda insan nəyisə tələb edir və ya konkret nəyəsə qarşı çıxırlar. Misal üçün, xaricdə hər hansı məhsulu bazarda tanıtmaq və ya hansısa ideyanı kütləyə çatdırmaq üçün əlehidarlarla mübahisələr təşkil olunur və bu zaman qeyd olunan texnologiya ilə ictimai dəstək imitasiyası yaradılır. Adətən korparativ lobbistlər, marketloqlar, siyasi texnoloqlar, xüsusi xidmət orqanları tərəfindən tətbiq edilir. Astroturfinqi həm də internetin “beşinci kolonu” adlandırırlar.

İnternetdə astroturfinq dövlət, hər hansı hakimiyyət, liderin irəli sürdüyü ideyanı, fikri, apardığı siyasəti gözdən salmaq, yalanlamaq, tənqid etmək üçün süni yaradılan ictimai fikirlərin məcmusudur. Bu zaman “nüfuz (təsir) agentləri”, süni şişirdilmiş internet fenomenlər, bloqqerlər və buna paralel olaraq yaradılan xüsusi “zombi qruplar” tərəfindən süni ictimai rəy formalaşdırılır. Hazırlanmış xüsusi proqram təminatı vasitəsilə işin texniki tərəfi həll olunur. Qeyd olunmalıdır ki, eyni texnika ilə bir çox dövlətlərdə süni yaradılan ictimai rəyə qarşı hakimiyyətlərin anoloji texnologiyası da işə düşür. Yani proses ikitərəflidir. Azərbaycanda bu texnikadan Xədicə İsmayıl, Nida-çılar, Əli Kərimlinin trolları, İran tərəfdarları və “separatçı”lar istifadə edirlər. Hələlik sonunculara ictimai rəydə daxili müqavimət var deyə, fəaliyyətləri elə də nəzərə çarpmır. Amma qeyd olunan ilk 4-lük bu sahədə xeyrli ixtsiaslaşıblar.

Necə fəaliyyət göstərirlər?

- Özünü ictimaiyyətin maraqlarını müdafiə edən, döyüşkən, haqq səsini ucaldan kimi təqdim edən bir və ya bir neçə təsir agenti, saxta qurumlardan istifadə etməklə. Bunlar ictimai fikirdə nə qədər təmiz, şəffaf və mübariz obrazı yardırlarsa bir o qədər də tabe olduqları qurumlar tərəfindən qiymətləndirilirlər.

- “Marionetlər” və ya trorllardan istifadə. Trol (bir neçə saxta profilin bir nəfər tərəfindən idarə edilməsidir. Bunlar ictimai fikiri bir mərkəzə cəmlədiyi fonunu yaratmaqla məşğul olurlar. Halbuki ictimaiyyətin ondan xəbəri olmur.

- Botlar - süni intellekt moduluna əsaslanan proqram-robotlar tərəfindən yaradılan kütləvi informasiya buraxılışı. Botlar eynilə “marionet” və trollarla eyni funksionallığa malik olsalar da, botlar daha böyük müstəvidə fəaliyyət göstərirlər.

İş prinsipi çox sadə, mövzudan asılı olmayaraq yanaşma eynidir. İstər şirkətin reklamı olsun, istər siyasi partiyanın təbliğatı bütün hallarda hazırlanmış insanlar təqdim etdikləri, (sifarişçinin tələbinə uyğun olaraq) məhsulun müsbət imici yaradır, bu haqda tənqidi fikir söyləyəni neytrallaşdırırlar (ələ salmaq, təhqir, bloklaşamq) . Və yaxud rəqib şirkət (təşkilat, sayt, siyasi partiya və ya lider) haqda neqativ, lağ-lağı, aşağılayıcı fikirlər yazılıb, paylaşılır.

Edvard Uolker «Grassroots for Hire: Public Affairs Consultants in American Democracy», kitabında astroturfinqi kütləyə təsir, dələduzluq və təbliğat forması kimi qiymətləndirib.

The Guardian, yazırdı ki, ABŞ Ordusu xüysu internet proqramlarla təmin olunub. Sosial şəbəkələrdə amerika meyilli təbliğat aparılması məqsədi daşıyır. Bu texnologiya vasitəsilə xarici ölkələrdə məxfi bloggerlik fəaliyyəti nəzərdə tutulub. Bu proqram çərçivəsində saxta profillərlə imic formalaşdırmaq və nağıllar danışmaq lazım gələcək.

* * *

Tülküləri tanıyın!


İsaya Berlin məşhur Qədim yunan “Kirpi və tülkü” rəvayətini özünəməxsus şərh edərək eyniadlı essesində dünyanı xəyali iki yerə bölmüşdü. “tülkülərə” və kirpilərə”. Təxminən belə: “Tülkü” çox şey bilir, “kirpi” isə nəsə bilir, amma vacib olanı. Tülkü təbiətən hiyləgər məxluqdur, hədəfinə çatmaq üçün saysız-hesabsız strategiyalar düşünə bilir. Hər gün kirpinin yuvası yaxınlığında gəzir, axtarış edir, düşünür-yalnız bircə dəfə əlinə düşəcək fürsətdən maksimum yararlanmaq üçün. Belə baxanda tülkü qalib olmalıdır, bunun üçün hər cür imkanı və şəraiti var, cəlddir, hiyləgərdi. Kirpi isə əksinə astagəldir, strategiyası yoxdur, gün ərzində ora-bura yalnız qarnını doydurmaq üçün gəzir.

Nəhayət, gün gəlir tülkü pusqudadır və qurbanı ona tərəf gəlir. Kirpinin heçnədən xəbəri yoxdur və növbəti dəfə mədə niyyətlidir. Kirpinin çatmasına az qalmış səbirsizlənmiş tülkü ovuna tərəf qaçır və ...kirpi ənənəvi müdafiə formasını alır - tam zirehli yumağ. “Bu tülkü ağıllanmadı ki, ağıllanmadır”. Tülkü kirpinin qurduğu müdafiə sistemini izləyir, qoxulayır və anlayır ki, bu cür müdafiə çəpərini yarmaq onun gücü daxilində deyil və tikanlı kürədən uzaqlaşır, amma yenidən qayıtmaq düşüncəsini bir an belə yadından çıxartmır. Yeni strategiya, yeni pusqu, yeni hücum planı, bir sözlə növbəti dəfəki cəhdə qədər. Amma tülkünün hiyləgərliyinə, məkrliliyinı, tərsliyinə, şanslarının çoxluğuna abxmayaraq hər zaman qalib kirpidir.

Bu essedən nə nəticə çıxır? Əvvəldə də dedik ki, İsaya Berlin insanları məhz bu xarakterinə görə iki qrupa bölür. “tülkülər” eyni anda bir neçə hədəfə eyni anda çatmağı düşünür və dünyanı bütün çətinliklərinə qədər seyr edə bilir. Onlar ideyalar səpələnməsində itib-batır, eyni zamanda çox şeyi nail olmaq istəyirlər. Bu zaman onların düşüncəsi hər hansı konsepsiya və ya nəzəriyyə üzərində cəmlənmir. Kirpilər isə əksinə dünyanı dərk etmənin ən sadə formasını qəbul ediblər. Ən sadə təşkilatçılıq ideyası, konsepsiya, prinsip və ya nəzəriyyəni tətbiq etməklə hərəkətlərini cəmləşdirir, vahid hala gətirir. Dünyanın nə qədər mürəkkəbliyi onlar üçün əhəmiyyətli deyil, “kirpilər” bütün sual və problemləri sadələşdirmiş və hətta primitiv hala-“kirpinin öz tərəfindən qəbul olunan ideya formasına gətirir. Kirpi üçün onun konsepsiyasına daxil olmayan ideyalar əhəmiyyətli deyil.

Burada “tülkü”nün məqsədyönlü, “kirpinin” yalnız özünü düşünən olduğu yalnış təsəvvürü yaranmasın. Prinston Universitetinin professoru Marvin Bressler bu məqamı gözəl izah edir. “kirpilər” yekun nəticəni əldə etmək baxımından daha çox töhfə verir, nəinki hər cür imkanı olub yekun nəticəyə nail ola bilməyən “tülkü”. Xeyr “kirpilər” sadəlövh deyillər, əksinə fərasətli, bəsirətli, ağıllıdılar. Bu isə bütün ağırlığına, mürəkkəbliyinə rəğmən həyatın əsas prinsiplərini fərqləndirə bilirlər. Mahiyyəti dərk edir, hədəfi görür, qalanları boş verirlər.

Məncə bu alleqoriya situasiyaya gözəl aydınlıq gətirir. Tülküləri tanıtmağa ehtiyac qaldımı?



Teqlər:





Xəbər lenti