Bankların dövlət dəstəyinə ehtiyacı var – TƏHLİL

Bankların dövlət dəstəyinə ehtiyacı var – TƏHLİL
  06 İyun 2018    Oxunub:9281
Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorunun 2018-ci ilin aprel ayı üzrə açıqladığı icmal göstəricilərinə əsasən, 30 aprel 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27,7 milyard, öhdəlikləri isə 23,8 milyard manat təşkil edib. Sektorun balans kapitalı 3,9 milyard manat, əhalinin əmanətləri isə 7,8 milyard manat olub. 2018-ci ilin aprel ayı ərzində bank sektorunun aktivləri 0,9% (256 milyon manat), öhdəlikləri 1,1% (258 milyon manat) azalsa da, kapitalı 0,04% (2 milyon manat) artıb.
Ümumiyyətlə, bank sektoru bu ilin yanvar-aprel aylarını 57,1 milyon manat xalis zərərlə başa vurub. Düzdür, ilin ilk 4 ayı ərzində bankların faiz gəlirləri 561 milyon manat, xərcləri isə 201,1 milyon manat təşkil edib. Bu, yanvar-mart aylarının yekunu ilə müqayisədə 2,15% çoxdur. Kreditlər üzrə faizlərdən banklar bu ilin yanvar-aprel aylarında 386,6 milyon manat əldə edib.

57,1 milyon manat zərər kifayət qədər böyük məbləğdir. Bu, bir daha göstərir ki, bank sektoru bu gün Azərbaycan iqtisadiyyatının ən ağrılı yeridir. Və sözügedən sektordakı vəziyyət iqtisadiyyatımızın hazırda bir nömrəli problemi sayılır.

Nəzərə almaq lazımdır ki, bütövlükdə götürəndə bu gün ölkə iqtisadiyyatında müəyyən canlanma var. Ötən ilin əvvəlindən etibarən, dünya bazarında neftin qiymətinin sabitləşməsi ilə bağlı olaraq, həm valyuta bazarında sabitlik yaranıb, həm də buna müvafiq olaraq makroiqtisadi göstəricilərdə: xarici ticarət dövriyyəsində, tədiyə balansında və sair... Yəni, ölkə iqtisadiyyatının vəziyyətini müəyyən edən əsas barometr göstəricilərdə müsbətə doğru dəyişikliklər mövcuddur. İqtisadi aktivlik isə elə bir şeydir ki, müvafiq maliyyə dəstəyi görməsə, bank kreditləşdirməsi əldə etməsə, keçici xarakter daşıyacaq.

Bu ilin mayın 1-nə olan məlumata əsasən, bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 milyard 422,6 milyon manat təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 173 milyon manat və ya 1,54% artıq deməkdir. Bu, çox cüzi müsbət göstəricidir.

Əgər, həyata keçirilməkdə olan cari iqtisadi kursun daha çox səmərəli nəticə verməyini istəyiriksə, banklar tərəfindən kreditlərin verilməsi zəifliyi mütləq aradan qalxmalıdır. Əks halda, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı ilə bağlı və bu sahədən ixrac potensialının genişləndirilməsi istiqamətində atılmaqda olan addımların səmərə verməsi çətin olacaq.

Ona görə də, ən vacib məqamlardan biri bank sektorunun iqtisadiyyata vəsait qoyuluşunda rolunu bərpa etməkdən ibarətdir. Bunun üçün isə banklarda vəsait çatışmazlığı problemi aradan qalxmalı və banklar tərəfindən iqtisadiyyata kredit qoyuluşunun 2015-ci ildən bəri azalması tendensiyasının qarşısı alınmalıdır.

Banklar ona görə kredit verə bilmirlər ki, vəsaitləri yoxdur. Və onlar hazırda özlərini sığortalamaqla məşğuldular. Mərkəzi Bankın (AMB) və bazarın onların qarşısına qoyduğu tələbləri pis-yaxşı icra etməyə çalışırlar. Amma əlavə olaraq kredit götürüb, depozitləri cəlb edib onları dövriyyəyə buraxıb normal bank fəaliyyəti yerinə yetirsinlər – bu, sıfır dərəcəsindədir.

Xatırladım ki, bu, 2014-cü ildə neftin qiymətinin düşməsi ilə başlayan bir tendensiyadır və devalvasiyalardan sonra daha da kəskin xarakter aldı. Belə ki, 2016-cı ildə problem bir qədər də dərinləşdi. Bu gün ölkədəki 30 bankın 3-4-nü çıxmaq şərtilə, yerdə qalanların hamısının süni nəfəs altında olduğunu söyləyə bilərik. Onları bu vəziyyətdən çıxarmaq üçün isə ilk növbədə problemli kreditlər məsələsi həllini tapmalıdır. Bankın kredit verdiyi vəsait 3 mənbə hesabına formalaşır: əhalidən cəlb etdikləri əmanətlər, AMB-nin verdiyi kreditlər və xarici maliyyə qurumlarından cəlb etdikləri vəsaitlər.

Neftin qiyməti düşdükdən sonra xarici maliyyə qurumları kredit şərtlərini çox ağırlaşdırıblar. Bir sıra banklar xaricdən aldıqları kreditləri hələ təzə verib qurtara biliblər. AMB-nin verdiyi kreditlər isə çox bahalıdır. Düzdür, Mərkəzi Bank uçot dərəcəsinə 2 dəfə yenidən baxaraq azaldıb, lakin hazırkı 11% də yüksək rəqəmdir. Üstəlik, bəzi məlumatlara görə, bir sıra kommersiya banklarının AMB resurslarına çıxışı o qədər də asan başa gəlmir.

Əmanətlərə gəlincə, onların məbləği kəskin azalıb. Manatın iki dəfə devalvasiyaya uğraması, iqtisadi vəziyyətin ağırlaşması, gəlirlərin azalması ilə bağlı olaraq əhalinin sərbəst vəsaitləri, demək olar, yox dərəcəsindədir. Olan-qalan sərbəst vəsaitləri isə banklardan geri çəkərək dollar çevirib özlərində saxlayırlar. Bu şəraitdə banklar kredit vermək üçün vəsaiti haradan alsınlar?

Bu gün banklarda olan sərbəst vəsaitlərin böyük əksəriyyəti xarici valyutadadır. Hansı sahibkar, vətəndaş indi gedib bankdan xarici valyutada kredit götürər? Əlbəttə ki, heç kim... Bax belə, acınacaqlı bir durum yaranıb.

Təəssüf edirəm ki, dövlət Azərbaycan Beynəlxalq Bankı (ABB) göstərdiyi dəstəyi digər kommersiya banklarına münasibətdə nümayiş etdirmir. Heç olmasa problemli kreditlərin həllində dəstək verilməli idi banklara... Ötən il deyilirdi ki, banklarla bağlı yol xəritəsi hazırlanacaq, artıq ilin birinci yarısı gedib, amma o sənəddən isə hələ də səs-soraq yoxdur.

Yeri gəlmişkən, “Fitch” beynəlxalq reytinq agentliyi Beynəlxalq Bankın reytinqlərinə yenidən baxıb. Və bankın dayanıqlılıq reytinqini (VR) “b-” səviyyəsinə yüksəldib. Xarici valyutada uzunmüddətli reytinqinisə sabit proqnozla “B-” səviyyəsində saxlayıb. Səbəb olaraq, bankın mənfəətliliyinin artması və açıq valyuta mövqeyinin kapital üzrə təzyiqinin azalması göstərilir.

Ümumiyyətlə, öhdəliklərin könüllü restrukturizasiyası nəticəsində ABB-nın likvidlik mövqeyi güclənib və sağlamlaşdırma tədbirləri nəticəsində aktivlər daha aşağı riskliyə çevrilib. Bütün bunlar isə bankın dayanıqlıq reytinqinin yüksəlməsi deməkdir. Fitch-in analizinə görə, ABB-nın mənfəətə çıxmasında aşağı faizli maliyyələşmənin, əməliyyat xərclərinin azaldılmasının da böyük rolu olub. Ölkədə bütövlükdə bank sektoruna hökumətin dəstəyi zəruri deyilmi?


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti