Vətəndaşın idarəetməsində iştirakı –QANUN LAYİHƏSİ
A.Quliyev bildirib ki, bu günə qədər dövlətin idarə olunmasında ictimai iştirakçılıq olsa da, bunun konkret mexanizmi yox idi: "Amma bu sənəd konkret mexanizmləri nəzərdə tutur. Layihənin hazırlanmasında Maliyyə Nazirliyi də daxil olmaq bütün müvafiq qurumların rəyi alınıb".
4 fəsil 19 maddədən ibarət yeni qanunda ictimai iştirakçılığın təşkilati-hüquqi formaları təsbit olunub. Bunlar İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi və ictimai ekspertizadır. Sənəddə o da göstərilib ki, qanunvericilikdə ictimai iştirakçılığın digər təşkilati-hüquqi formaları da müəyyən edilə bilər. Burada İctimai Şura müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 3 ildən birdir. İctimai Şura 15-21 üzvdən ibarət tərkibdə bu qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai Şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əmək haqları və başqa ödənişlər saxlanılır.
Komitə üzvləri layihəni konseptual baxımdan dəstəkləyərək bəzi təkliflər irəli sürüblər. Deputatlar İctimai Şuranın sədrinin səlahiyyətinin müddətinin 3 il olmasının çox olduğunu bildiriblər və bu müddətin 2 ilə salınmasını təklif ediblər. Müzakirələrdən sonra layihə MM-in plenar iclasına tövsiyə olunub.