Sosial artımların davamlığı üçün nə lazımdır? - TƏHLİL

   Sosial artımların davamlığı üçün nə lazımdır? -    TƏHLİL
  08 May 2019    Oxunub:3618
Dövlət başçımız İlham Əliyev Nazirlər Kabinetinin bu ilin I rübündə ölkə iqtisadiyyatının inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilən iclasında qeyd etdi ki, ilin əvvəlindən ölkə iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər potensialımızı gücləndirir, əhali tərəfindən yüksək qiymətləndirilir və əlavə maliyyə resursu əldə etmək üçün şərait yaradır.
Aparılan islahatlardan sonra büdcəyə daxilolmalar artıb. Bu ilin ilk 3 ayı ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1672,9 milyon manat vəsait daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 236,4 milyon manat və ya 16,5% çoxdur. Və bu vəsaitin də 70%-ə yaxın hissəsi, yaxud 1155,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb. Dövlət Gömrük Komitəsi tərəfindən də 1014,1 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,5% və yaxud 287,1 milyon manat çox deməkdir.

Prezident bütün bunların şəffaflıq, yeni yanaşma nəticəsində əldə edildiyini bildirərək, qeyd edib ki, ona görə də sosial sahəyə böyük məbləğdə maliyyə vəsaiti yönəltmək mümkün olub. Bəllidir ki, ilin əvvəlindən çox böyük həcmli sosial paket həyata keçirilməsinə qərar verilib. Bu isə külli məbləğdə vəsait hesabına başa gəlir.

Ümumiyyətlə, sosial maliyyələşdirməni həm üfüqi, həm də şaquli istiqamətdə genişləndirmək və artırmaq, dövlət büdcəsinə gəlirlərdə isə şəffaflıq yaratmaq və gizli gəlir mənbələrini aşkarlamaq, mədaxilin ardıcıl templə yüksəlməsini təmin etmək kökü üzərində bitən ağac kimi bir şeydir: kök yaxşı qidalanmasa – ardıcıl inkişaf etməsə, üzərində heç nə bitməz. Sosial sahə, başqa sözlə desəm, əhalinin maddi rifahının fasiləsiz olaraq yaxşılaşdırılması da sağlam maliyyələşdirmə tələb edən məsələdir. Yəni, burada "donor mənbələri" işə yarayan deyil. Başqa sözlə desəm, təkcə neft və qaz gəlirləri hesabına nəyəsə nail olmaq mümkün deyil. Söhbət, neft-qaz sektorundan daxilolmalardan gedir. Yəni, uzunmüddətli olaraq...

Odur ki, irimiqyaslı sosial paketin icrası üçün iqtisadiyyat gərək, sağlam olsun və bütün növ gəlir mənbələri üzrə mənzərə şəffaf, leqal, aşkar və stimullaşdırıcı xarakter kəsb etsin, kölgə prinsiplərinin yaranması və təşəkkül tapması üçün ortada heç bir zəmin mövcud olmasın. Bəs, buna bizdə zəmanət varmı? Yəni, sosial istiqamətdə artımları davamlı olaraq həyata keçirtmək üçün imkan mövcuddurmu?

Dövlət başçısı sözügedən iclasda bildirdi ki, büdcə daxilolmalarının artımı ilboyu davam edəcək. "Çünki aparılan islahatlar və yeni yanaşma prinsipləri bunu deməyə əsas verir. Beləliklə, bizdə əlavə maliyyə resursu formalaşacaq",- deyə Prezident İlham Əliyev qeyd etdi.

Əvvəlki şərhlərimdə yazmışdım ki, sosial dövlət modeli quruculuğunda bütün problemlərin kökü kölgə iqtisadiyyatında dayanır. Kölgə iqtisadiyyatı olan yerdə dövlət və hökumət sosial istiqamətdə nə qədər güclü siyasət yeridir, yeritsin, effektliliyi zərrə qədər təşkil edəcək. Bu, çox ciddi problemdir.

Bəli, bizdə kölgə iqtisadiyyatına qarşı həmişə mübarizə aparılıb. Lakin ən effektli, təsirli və real mexanizm əsasında mübarizə keçən ildən tətbiq olunmağa başlanıb. Vergi yoxlaması nəticəsində 2018-ci ildə iri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon, özəl tibb müəssisələrində 230 milyon manat vəsaitin dövlət büdcəsindən yayındırılma halı aşkarlanaraq, büdcəyə daxil edildi. Hesablama Palatasının 2018-ci ildə həyata keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində isə 15 milyon 214,9 min manat, 52,2 min avro, 224,1 min manat dollar və 27,4 min İsveç frankı məbləğində vəsait büdcəyə ödənildi.

Palatanın hesabatına əsasən, əvvəlki illərdə aparılmış tədbirlərin nəticəsi olaraq 6 milyon 584,4 min manat və 1,3 min ABŞ dolları məbləğində vəsait dövlət büdcəsinə, 172,5 min manat məbləğində vəsait isə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinə ödənilib ki, bununla da 2018-ci il üzrə 22 milyon 271,7 min manat, 52,2 min avro və 225,6 min ABŞ dolları və 27,4 min İsveç frankı məbləğində vəsaitin bərpası təmin olunub.

Bu ildən isə həmçinin, iqtisadiyyatı tənzimləmə vasitələrinin rolu, mexanizmi də dəyişdirildi ki, bununla da dövlət-biznes münasibətlərində yeni mərhələ start götürdü, vergi qanunvericiliyinə 300-ə yaxın yeniliklər həyata keçirilməklə, bir çox gömrük rüsumları, qaydaları da yüngülləşdirilərək sadələşdi. Hansı ki, bunlar da büdcəyə daxilolmaların artmasında böyük rol aynadı.

Məsələn, yanvar-mart aylarında DSMF-ın gəlirləri 1 276,8 milyon manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə, 27,7% və ya 276 milyon manat çoxdur. Çünki işləyən əhalinin sosial sığorta sistemində iştirak səviyyəsi artıb, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş dərəcələri də dəyişib, daxilolmalar da bu səbəbdən 12,9% artıb və 573,5 milyon manat təşkil edib. Təsadüfi deyil ki, qeyri-büdcə sektoru üzrə Fonda daxil olan sosial sığorta haqları cari ilin ilk rübündə 367,1 milyon manat olub ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən 13,1% və ya 42,6 milyon manat çox deməkdir.

Lakin kölgə iqtisadiyyatı iqtisadiyyatda payı hələ kifayət qədər yüksəkdir. Odur ki, şəffaflıq prinsiplərinin genişmiqyaslı tədbiqi və iqtisadiyyatı idarəetmə mexanizminin yeni modelinə keçid sahəsində islahatlar davam etdirilməli və bu istiqamətdə həyata keçirilən işlər fasiləsiz xarakter daşımalıdır. Çünki büdcəyə iqtisadiyyatın real sektorundan daxilolmalar tələb olunan hədədək çatmayınca, dövlətimizin sosial aspektdə cari ildən gücləndirdiyi genişmiqyaslı maliyyələşdirmə səylərinin maksimal səviyyədə uzunmüddətli effekt verməyi çətindir.

Bəli, yuxarıda sadaladığım tədbirlər və dəyişikliklər, başqa sözlə desəm, islahatlar hesabına qeyri-neft sektorundan daxil olan əlavə maliyyə vəsaiti imkan verdi ki, minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40%, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50% artırılsın, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər yüksəldilsin və sair...

Ancaq bu, davamlı xarakter daşımalıdır. Bunun üçün isə, tələb olunan budur ki, sahibkarlıqla, başqa sözlə desəm, bizneslə məşğul hər bir şəxs vergisini versin, əməkhaqqı alan isə sosial ayırmasını ödəsin. Özü də buna onlar məcburi yolla əməl etməli deyil, könüllü yanaşmalıdırlar. Dövlətin və hökumətin vəzifəsi də bax, məhz həmin mühiti yaratmaq və təşkil etməkdir.



Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Sosial-artımlar  





Xəbər lenti