Şərq “çaşqınlığı”, Şərq “savadsızlığı”, yoxsa Şərq “xainliyi”? – TƏHLİL

   Şərq “çaşqınlığı”, Şərq “savadsızlığı”, yoxsa Şərq “xainliyi”? –    TƏHLİL
  15 May 2019    Oxunub:9871
Müxalifətin ənənəvi və sosial mediasında hər şeyin bir-birinə qarışdırılması, bütün müsbət məqamların “hakimiyyətin məğlubiyyəti” kimi qələmə verilməsi köhnə xəstəlikdir, amma bu dəfə lap ağ oldu. Prezident İlham Əliyevin “Şərq Tərəfdaşlığı” Proqramının 10 illik yubileyinə həsr olunmuş tədbirə qatılmaq üçün Brüsselə getməsinin nəticəsi belə təqdim edildi ki, “Azərbaycanla AB arasında gözlənilən saziş imzalanmayıb”. Hansı gözlənilən? Hansı saziş?
Ümumiyyətlə, səfəri tənqid etməyə çalışanların nədən danışdıqlarını anlaya bilən varsa, lütfən, tərcümə eləsin. Azərbaycanın AB ilə imzalayacağı Strateji Tərəfdaşlıq Sazişi tamam ayrı mövzudur, o sənəd hələ heç hazır deyil və dövlət başçımız da Brüsselə onu imzalamaq üçün getməmişdi. Elə isə, hələ hazır olmayan bir sənədin imzalanmamasından necə danşmaq olar?!

Deyəsən, müxaliflər Azərbaycanın AB ilə imzalayacağı Strateji Tərəfdaşlıq Sazişi ilə “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyinə həsr olunmuş Bəyannaməni qarışıq salıblar. Bəli, həmin Bəyannamənin mətni Azərbaycanı qane etmirdi, buna görə də ölkəmiz veto hüququndan istifadə etdi; səbəb də budur ki, orada tərəfdaş ölkələrin ərazi bütövlüyü məsələsi əksini tapmamışdı. Söhbət təkcə bizdən də getmir – “Şərq tərəfdaşlığı”nın digər üzvləri olan Gürcüstan və Ukrayna üçün də bu məqam prinsipialdır. Buna görə, sənədi Federiko Moqerini təkcə özü imzalamalı olub. Görünür, AB ərazi bütövlüyü məsələsini Bəyannaməyə daxil etsə, “Şərq Tərəfdaşlığı”na görə Rusiya ilə münasibətlərin kəskinləşəcəyindən ehtiyatlanır. Və yaranan vəziyyətdə bu ehtiyatlanma Proqramın digər üzvü olan Ermənistanın əlinə işləyib.

Ona görə də, Ermənistan mediası fürsəti fövtə verməyərək, dərhal “Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanımır” istiqamətində təbliğata başladı. Bu, informasiya müharibəsində Azərbaycana qarşı növbəti təxribat və yalan həmləsi idi. Halbuki, “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyinə həsr olunmuş Bəyənnamə qətiyyən hansısa hüquqi və ya siyasi qüvvəsi olan sənəd deyil, Avropa Birliyinin münaqişələrə rəsmi münasibətini də əks etdirmir. Bu, sadə desək, bir ad günü hesabatı idi. Amma düşmən elə ona görə düşməndir ki, əsaslı oldu-olmadı, hər bir hadisədən sənə qarşı istifadə etsin. Düşmənin bu hərəkətini başa düşmək olar. Amma daxildəki müxalifətin isə yox...

Baş verənlərə bu prizmadan yanaşmaq əvəzinə, ölkədəki radikal müxaliflər yenə də ermənilərlə unison fikirlər səsləndirdilər, Azərbaycan diplomatiyasının Qarabağ məsələsindəki prinsipiallığını “məğlubiyyət” kimi qələmə verməyə çalışdılar. Maraqlıdır, əgər Strateji Tərəfdaş olmağa hazırlaşdığın AB kimi qüvvənin qarşısında milli maraqları güzəştsiz şəkildə qorumaq “məğlubiyyət”dirsə, onda bəs qələbə necə olur?! Əslində həmin bəyanatı imzalamamaq Rəsmi Bakının milli maraqlar mövzusunda sərtliyini və dönməzliyini göstərən güclü diplomatik addım idi.

Bundan başqa, radikallar nadanlıqdan, cahillikdən və savadsızlıqdan gətirib hələ hazır olmayan Azərbaycan-AB Strateji Tərəfdaşlıq Sazişini zorla mövzuya calayır, tərəflər arasında guya mövcud olan, barmaqlarından sorub çıxardıqları “problemləri” sadalayırlar. Halbuki, bu səfərdə ümumiyyətlə, ikitərəfli münasibətlərin müzakirəsi prioritet deyildi. Amma cənab İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun görüşü, müzakirə etdikləri məsələlər və hər iki tərəfdən səsləndirilən bəyanatlar deməyə əsas verir ki, ikitərəfli əlaqələrdə də narahatçılığa səbəb ola biləcək heç bir gərginlik yoxdur.

Yeri gəlmişkən, “Şərq Tərəfdaşlığı”nın yubiley Bəyannaməsinin Azərbaycan tərəfindən imzalanmaması niyə Strateji Tərəfdaşlıq Sazişinin üzərində çalışmaların bu qədər uzandığını anlamaq üçün ciddi bir ipucu ola bilər. Görünür, tərəflər məhz Qarabağ məsələsinin sənəddə hansı formada əks etdirilməsi üzərində razılığa gələ bilmirlər. Və rəsmi Bakı da bu prinsipial məsələdə geriyə addım atmaq istəmir. Ona görə danışıqlar uzanır...
Bir halda ki, AB ilə Strateji Tərəfdaş oluruq, bir halda ki, onların enerji təhlükəsizliyi kimi strateji marağının təminatında ciddi rol oynamağa başlayırıq, özümüz üçün əsas strateji hədəfin üzərində bu qədər israrla dayanmağımız da təbii və anlaşılandır. Bu baxımdan, sazişin yubanmasında heç bir problem yoxdur, əsas olan milli maraqlarımızın orada əksini tapmasıdır.

Müxalifətin bir qrupu Bakı ilə Brüssel arasındakı danışıqların gündəliyində insan haqları, demokratiya kimi mövzuların çətinlik yaratdığını bildirsə də, bunu təsdiqləyən heç bir fakt, dəlil yoxdur. Sənədin adı onun mahiyyətini anlamaq baxımından gözəl ipucu ola bilər: Orada söhbət Bakı ilə Brüssel arasında məhz STRATEJİ münasibətlərin necə qurulacağından gedəcək. Bu tarixi sənəd yaxın vaxtlarda imzalanacaq və ölkəmizin AB ilə münasibətlərinin inkişafında yeni mərhələyə təkan verəcək.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Avropa-Birliyi   Tərəfdaşlıq-Sazişi   Brüssel  





Xəbər lenti