481 nəfər “Ən yaxşı müəllim” olmaq istəyir

481 nəfər “Ən yaxşı müəllim” olmaq istəyir
  11 Mart 2013    Oxunub:1533
Təhsil naziri “Ən yaxşı müəllim” müsabiqəsinə 2013-cü ildə 481 nəfərin sənəd təqdim etdiyi, onlardan 477-nin sənədinin ekspertizadan keçirilib qiymətləndirildiyi barədə məlumat verib
AzVision.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov müsabiqənin növbəti mərhələlərində iştirak edəcək müəllimləri təbrik edib və onlara uğurlar arzulayıb. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında» 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən, artıq altıncı ildir ki, müvafiq müsabiqələrin keçirildiyini vurğulayıb və maddi stimullaşdırma ilə müşayiət olunan bu müsabiqənin əsas məqsədinin ən yaxşı müəllimlərin üzə çıxarılması olduğunu bildirib.

Təhsil naziri “Ən yaxşı müəllim” müsabiqəsinə 2013-cü ildə 481 nəfərin sənəd təqdim etdiyi, onlardan 477-nin sənədinin ekspertizadan keçirilib qiymətləndirildiyi barədə məlumat verib. Misir Mərdanov bildirib ki, müsabiqədə iştirak üçün sənəd verən 477 nəfərdən 27-si 2007-2008-ci dərs ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş müəllimlərdir. Ekspertizanın nəticələrinə görə sənədləri qəbul olunmuş 477 müəllimdən müvafiq bal toplamış 207 nəfərin (Təşkilat Komitəsinə müraciət etmiş 6 nəfər sonradan növbəti mərhələyə buraxılıb) II mərhələyə buraxıldığını qeyd edən nazir müsabiqədə iştirak üçün sənəd verən müəllimlərin rayon və şəhərlər üzrə bölgüsünə diqqət çəkib.

İştirakçıların sayına görə ibtidai sinif (44 nəfər), ingilis dili (32 nəfər), tarix (25 nəfər), Azərbaycan dili və ədəbiyyat (23 nəfər) müəllimlərinin üstünlük təşkil etdiyini nəzərə çatdıran Misir Mərdanov digər fənlər üzrə müsabiqədə iştirak edəcək müəllimlərin sayı barədə də məlumat verib. Nazir müsabiqə iştirakçılarının nümunə dərslərinin təşkil olunacağı məktəblərin adlarını sadalayaraq qeyd olunan təhsil müəssisələrində müvafiq şəraitin yaradılacağını vurğulayıb və dərsləri qiymətləndirəcək ekspert komissiyalarının fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı tövsiyələrini verib.

Nazir dərslərin qiymətləndirilmə meyarları və dərs mövzusunun müəyyənləşdirilməsi qaydaları haqqında məlumat verib, bir müəllimə digərinin dərsində iştirak etmək imkanının veriləcəyini söyləyib. İştirakçıların sayından asılı olmayaraq hər fənn üzrə bir ekspert komissiyasının təşkil edildiyini vurğulayan təhsil naziri bunun müəllimlərin şəffaf seçimi baxımından daha səmərəli üsul olduğunu bildirib.
Bütün sınaq dərslərinin videoçəkilişinin aparılacağını qeyd edən nazir dərsin qiymətləndirməsinin nəticəsindən narazı qalan müəllimlərə 3 gün müddətinə nazirliyə ərizə ilə müraciət etmək imkanı verildiyini nəzərə çatdırıb. Misir Mərdanov bildirib ki, II mərhələ başa çatdıqdan sonra hər bir müəllim müəyyən olunmuş vaxtda Təşkilat Komitəsinin iclasında 10 dəqiqəlik təqdimatla çıxış edəcək və hər bir mərhələnin nəticələrinə əsasən, müsabiqə iştirakçılarının yekun balı müəyyən olunacaq.

Sonra sınaq dərsləri dinləniləcək müəllimləri maraqlandıran suallar cavablandırılıb, müvafiq məsələlər ətrafında fikir mübadiləsi aparılıb



Teqlər:  





Xəbər lenti