"Sosial paket": İslahatlar başqa nələri əhatə edə bilər? - TƏHLİL

      "Sosial paket":    İslahatlar başqa nələri əhatə edə bilər? -    TƏHLİL
  03 İyul 2019    Oxunub:5828
Minimum əməkhaqqı səviyyəsinin bu ilin martın 1-dən yaşayış minimumuna bərabərləşməsindən, sentyabrın 1-dən isə onu hətta keçəcəyindən sonra, növbəti ildən daha bir sıra əhəmiyyətli dəyişikliklər etmək zərurəti yaranıb. Bunlar yaşayış minimumunun özü, minimum istehlak səbəti və ehtiyac meyarı ilə bağlı ola bilərlər. Belə ki, qeyd olunan göstəricilərin səviyyəsini qaldırılmaqla yanaşı, mexanizmlərinə də əl gəzdirmək vaxtı yetişib. Açığı, hər 3 göstərici müəyyən mənada əslində, formal xarakter daşımaqdadır. Minimum əməkhaqqı səviyyəsinin bu göstəriciləri əhəmiyyətli dərəcədə keçməsindən sonra həmin formallıqlar aradan götürülməlidir. Amma sual yaranır ki, necə?
Məlumdur ki, dövlət başçımızın sərəncamı ilə minimum əməkhaqqı bu il 2 dəfə artırılıb. Belə ki, minimum aylıq əməkhaqqının artırılması haqqında 18 iyun 2019-cu il tarixli Sərəncama əsasən cari ilin sentyabrın 1-dən minimal maaş məbləği 250 manat təşkil edəcək ki, bu, 38,8% artım deməkdir.
Bundan əvvəl isə “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” 8 fevral 2019-cu il tarixli sərəncama əsasən, bu ilin martın 1-dən minimum əməkhaqqı səviyyəsi 38,4% artırılaraq 180 manat edilmişdi ki, bununla da ölkədə minimum əməkhaqqı məbləği ilk dəfə olaraq yaşayış minimumu səviyyəsi ilə bərabərləşmiş oldu.
Sonuncu sərəncamla isə minimum əməkhaqqı yaşayış minimumunu keçəcək. Xatırladım ki, cari il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.

Yeri gəlmişkən, minimum aylıq əməkhaqqı işçinin əməyinə görə ödənilən ən aşağı əməkhaqqıdır. İnkişaf etmiş ölkələrdə gündəlik və saatlıq əməkhaqqı ödənişi üzrə minimal hədd sistemi mövcuddur. Ölkəmizdə minimum aylıq əməkhaqqı həddinin və siyasətinin üstünlüyü ondan ibarətdir ki, maaşların aşağı səviyyəsini və yaxud döşəmə vəziyyətini müəyyən etməyə imkan yaradır. Bu isə dolayısı ilə həyat şəraitini yüksəltmək yollarını, perespektivlərini, yoxsulluq səviyyəsini azaltmaq və biznesin effektli olması yönündə necə stimul yaratmaq imkanlarını aşkarlamaq üçün çözüm verir.

Yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Bu göstəricidən aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi sisteminin formalaşdırılması və tətbiqində; aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyası və Dövlət Proqramlarının hazırlanmasında; əhalinin həyat səviyyəsini qiymətləndirməkdə və proqnozlaşdırmaqda; fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında; əhalinin pul gəlirləri ilə əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında, həyata keçirilməsində; dövlət və yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında istifadə olunur. Qeyd olunan göstərici əhalinin əsas sosial-demoqrafik qrupları üzrə ildə bir dəfə olmaqla yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq edilir.

Minimum istehlak səbəti isə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə, bir nəfərin və ya ailənin xərc maddələri üzrə bu tərkibdə formalaşdırılır: ərzaq məhsullarının minimum toplusu; fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.); xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.)... Sözügedən göstəricinin tərkibi dövlət elmi müəssisə və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir. Daha dəqiq desəm, əslində müəyyənləşdirilməlidir. Qeyd etdiyim kimi, bu göstəricilər indiyədək müəyyən mənalarda formal xarakter daşıdığından, bundan sonra mexanizmləri dəyişdirilməli və onların əhəmiyyəti, rolu artırılmalıdır. Bəli, gələn il üçün yaşayış minimumu məbləği ənənəyə uyğun olaraq, növbəti dəfə artırılacaq. Və yəqin ki, minimum əməkhaqqı səviyyəsinə bir qədər yaxın həddə çatdırılacaq. Lakin əsas bu deyil.



Sual yaranır ki, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarətdirsə, nədən ilk növbədə bunların özlərinin hesablanması qaydasına və mexanizminə baxılmasın? Yuxarıda qeyd etdim ki, minimum istehlak səbətinin tərkibi dövlət elmi müəssisə və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir.

Ancaq bu, baş vermir axı... Sözügedən göstəriciyə reallıqda çox gec-gec baxılır. Odur ki, sual edirəm: o zaman, yaşayış minimumu göstəricisi hər il nəyə əsasən və istinadən qaldırılır? Bu, aydın deyil. Deməli, yaşayış minimumunun hər il qaldırılması real əhəmiyyət deyil, sırf nominal xarakter daşıyır.

Digər məsələ isə ondan ibarətdir ki, yaşayış minimumu və minimum istehlak səbəti göstəriciləri olan yerdə ehtiyac meyarı, görəsən, nəyə lazımdır? Ümumiyyətlə, bu gün ölkədə fiziki mövcudiyyət üçün zəruri olan minimum məhsul və xidmətlərin dəyərini müəyyənləşdirən yaşayış minimumu varsa, ondan aşağı məbləği əhatə edən ehtiyac meyarı göstəricisinə nə ehtiyac var ki? Bəli, yaşayış minimumu haqqında qanunda yazılıb ki, ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. Sual edirəm: aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımını məgər, minimum istehlak səbətinin dəyərinə əsasən təyin etmək olmazmı? Bu, daha istinadlı, təyinata uyğun, hesablanması da asan, funksional və səmərəli xarakter daşımazmı?

Düzdür, indiyədək dövlətin maliyyə imkanları ünvanlı sosial yardımı yaşayış minimumuna əsasən müəyyənləşdirməyə imkan vermirdi. Buna görə də ehtiyac meyarından istifadə olunurdu. Ancaq artıq, böyük sosial paket həyata keçirilir, ölkənin əldə etdiyi əlavə gəlirlər əhalinin sosial təminatının gücləndirilməsinə xərclənir, odur ki, ehtiyac meyarından göstəricisindən imtina etməyin vaxtı çatmayıbmı? Yeri gəlmişkən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilib.

Bütün deyilənlər baxımından təklif edirəm: birincisi, yaşayış minimumu səviyyəsi növbəti il üçün qaldırılmamışdan öncə, minimum istehlak səbətinin tərkibi genişləndirilməklə, dəyəri yenidən hesablansın; ikincisi, ümumiyyətlə, yaşayış minimumunun səviyyəsinin hesablanması qaydası sırf minimum istehlak səbətinin tərkibinə görə müvafiq dəyərə əsasən həyata keçirilsin; üçüncüsü, minimum istehlak səbətinin tərkibinə hər il büdcə paketi ilə paralel olaraq baxılsın; dördüncü isə ehtiyac meyarı göstəricisi ləğv olunsun və ünvanlı dövlət sosial yardımı minimum istehlak səbətinin mövcud dəyərinə əsasən təyin edilsin.

Sözün qısası, minimum aylıq əməkhaqqı məbləği cari il ərzində üst-üstə 77,2% artırıldıqdan sonra minimum istehlak səbəti göstəricisinin rolu və əhəmiyyəti genişləndirilməklə, sözügedən göstəricinin dövlətin və hökumətin əhalinin sosial müdafiəsini durmadan gücləndirməyi təşkil etmək baxımından bundan sonrakı siyasətində əsas istiqamətverici xüsusiyyəti yüksəldilməlidir.



Pərviz Heydərov
Azvision.az üçün




Teqlər:





Xəbər lenti