“Dondurma diplomatiyası”: Putin buzları necə əridir – TƏHLİL

      “Dondurma diplomatiyası”:    Putin buzları necə əridir –    TƏHLİL
  10 Sentyabr 2019    Oxunub:6871
Diplomatiya tarixindən yaxşı bilirik ki, orta əsrlərdə Avropa ölkələri səfirləri ələ almaq üçün ləzzətli süfrə siyasətindən ağılla istifadə edirdilər. “Yemək diplomatiyası” ilk dəfə Fransada yaranmışdı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya sonuncu səfərində maraqlı diplomatik gedişin şahidi olduq. "Dondurma diplomatiyası" kimi təqdim olunan bu hadisə əslində heç də birinci dəfə baş vermirdi. Çünki bundan əvvəl də Rusiya ilə Çin liderləri arasında bənzər hadisə yaşanmışdı. 2016-cı ildə “G-20”-nin zirvə görüşü zamanı Rusiya Prezidenti Vladimir Putinin Çin lideri Si Cinpini plombirə qonaq etməsi Moskvanın “dondurma diplomatiyası” sahəsində ilk addımı kimi tarixə düşdü. O zaman ekspertlər hesab edirdilər ki, Moskva bu yolla Çinin daxili bazarına Rusiya dondurmasının girişinə nail olmaq məqsədi güdür. Çünki ona qədər rəsmi Pekin rus dondurmasının ölkəyə gətirilməsinə icazə vermirdi.



Danimarka xüsusi xidmət orqanının (PET) keçmiş rəhbəri Yakob Şarf 2016-cı ildə nəşr olunan "PET üçün yeddi il" (Svy Aar For PET) adlı kitabında türklərin “dondurma siyasəti”nə toxunaraq, yazır ki, türkiyələ həmkarları ilə toplantı zamanı onlara dondurma verilmiş və bu, avropalıların çox xoşuna gəlmişdi. Hətta o dərəcədə məmnun qalıblar ki, Türkiyə xüsusi xidmət orqanı (MİT) danimarkalıları yola salarkən, onlara xeyli dondurma da hədiyyə edib.

Bu fakta diqqət çəkməkdə məqsədimiz Rusiyanın dondurma jestini düzgün analiz etməkdir. Moskvanın "dondurma diplomatiyası" yavaş-yavaş siyasi populyarlıq qazansa da, görünən odur ki, Türkiyə diplomatiyasında da belə bir təcrübə var imiş.

Türkiyənin məşhur Maraş dondurması, özəlliklə də həmin dondurmanı satanların məzəli, bəzən isə qıcıqlandırıcı zarafatları hamımıza yaxşı tanışdır. Bəzi şərhçilər Putinin Ərdoğana plombir verməsini Maraş dondurmaçılarının zarafatyana, lakin həqiqəti əks etdirən davranışları ilə əlaqəndirməyə çalışırlar.

Bəs, Moskvanın "dondurma diplomatiyası"nın kökündə hansı məqsədlər dayanır?

Birincisi, Rusiya ilə Türkiyə arasında Suriya mövzusunda, əsasən də İdlib məsələsində ciddi fikir ayrılıqları yaşanmaqdadır. Hər şeydən öncə, İdlib mövzusu Türkiyənin hazırda Rusiya ilə birlikdə həll etməyə çalışdığı ən vacib məsələlərdən biridir. Bu mənada, “S-400” olayı, ABŞ-ın Türkiyəni iqtisadi sanksiya ilə hədələməsi, NATO daxilində rəsmi Ankaranın bu addımının qəbul edilməməsi, o cümlədən, ara-sıra pozulan türk-rus münasibətləri fonunda "dondurma diplomatiyası"na əl atılması heç də əbəs yerə deyildi. Kreml, güman ki, dondurma vasitəsilə beynəlxalq ictimaiyyətə Suriya münaqişəsinin həllində Türkiyə-Rusiya arasındakı buzların əridiyinə dair mesaj göndərmək məqsədi güdürdü. Bununla bağlı tərəflər gizli razılaşmış da ola bilərlər. Çünki Ərdoğanın Rusiya səfərinin ardından ABŞ Moskva və Ankara ilə heç bir razılaşma əldə etmədən İdlibi (Suriya) bombaladı. Bu da onu sübut edir ki, rəsmi Vaşinqton Türkiyə-Rusiya yaxınlaşmasından, həmçinin Suriya ilə bağlı əldə oluna biləcək istənilən müsbət nəticədən bərk narahatdır.

Məsələnin ikinci tərəfinə gəlincə, dondurma ilə yanaşı, rus hərbi texnikası, eləcə də döyüş təyyarələrinin Türkiyəyə göstərməsi heç də boşuna deyildi. Çünki yenə də mövzunun bir tərəfi gəlib çıxır Rusiyanın Türkiyə ilə bağlı geostrateji və başlıcası, iqtisadi maraqlarına. Unutmamalıyıq ki, Türkiyə “S-400”ləri aldığına görə, ABŞ ona “F-35”ləri satmaq istəmir. Bu da rəsmi Ankaranı alternativ variantlar axtarışına vadar edir. Bunu gözəl bilən Putin “Su-34”, “Su-35” və “Su-57” rus döyüş təyyarələrini Ərdoğana təqdim etdi. Daha dəqiq desək, açıq şəkildə “Su-35”, yaxud da “Su-57” döyüş təyyarəsini Türkiyəyə satmağa hazır olduqlarını bildirdi. Bircə qalır Türkiyənin qəti addım atması.

Rəsmi Moskvanın hərbi texnika nümayişi, şübhəsiz ki, Rusiyanı dünyada hegemonluğu tarazlayan bir aktor kimi görən digər ölkələri də onun silah bazarına meyillənməyə təşviq edəcək. Yəni Kremlin həyata keçirtməyə çalışdığı "dondurma diplomatiyası"nın kökündə konkret iqtisadi maraqlar, hesablanmış geosiyasi gedişlər durur ki, bunun da reallaşdırılmasına Putin demək olar, hər dəfə nail olur.

Fərrux Həsənov
Azvision.az üçün



Teqlər: Putin   Ərdoğan   Rusiya   Türkiyə  





Xəbər lenti