Heç kimə əl açmadan: Azərbaycan BVF və DB-siz də virusun öhdəsindən gəlir - TƏHLİL

      Heç kimə əl açmadan:    Azərbaycan BVF və DB-siz də virusun öhdəsindən gəlir -    TƏHLİL
  20 Aprel 2020    Oxunub:11093
Dünyanı cənginə almış koronavirus epidemiyasının heç 6 ay deyil davam etməsinə baxmayaraq, artıq 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Bu, dünya ölkələrinin yarısından çoxu deməkdir. Çünki mövcud vəziyyət əksər ölkələri ikitərəfli vurur - həm kənardan, həm də daxildən. Kənardan ümumən dünyada iqtisadi vəziyyətin pisləşməsi ilə, daxildən isə sərt karantin rejiminə görə... Bu, Azərbaycana da aiddir.
Lakin ölkəmizin adı Beynəlxalq Valyuta Fondu (BFV) və Dünya Bankına (DB) müraciət edənlərin sırasında yoxdur, olacağı da gözlənilmir. Çünki bizdə mövcud makroiqtisadi göstəricilər və maliyyə vəziyyəti kifayət qədər dayanıqlıdır. Bunda həm 2014-2016-cı illərdə əldə edilmiş təcrübə böyük rol oynayır, həm ötən müddət ərzində iqtisadiyyatdakı uğurlar az əhəmiyyət daşımır, həm də xüsusən, 2 il bundan öncə, yəni 2018-ci ilin ikinci yarısından etibarən başlanılan islahatlar mühüm təsirə malikdir.

Odur ki, ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair videokonfrans şəklində keçirilən müşavirədə dövlət başçımız da qeyd etdi ki, bu vəziyyətdən şərəflə çıxsaq (Prezident buna əmin olduğunu vurğulayıb), atılmış bütün addımların düşünülmüş və xalqımızın, dövlətimizin maraqlarına uyğun olduğu bir daha sübuta yetəcək.

Yaranmış vəziyyət və iqtisadiyyata təzyiqlər kifayət qədər təhlükəlidir. Müddət uzandıqca və məlum bəlanın konkret nə vaxt sovuşacağı bəlli olmadıqca, "özünümüdafiə və sığorta" tədbirləri mövcud imkanlardan istifadənı genişləndirməyi məcbur edir. Başqa sözlə desəm, bütün imkanların səfərbərliyə alınması deyilən bir hal var ki, dövlətimiz də buna yaxın vəziyyətdədir.

Hazırda dövlət başçımızın bu ilin martın 19-u tarixində imzaladığı sərəncama əsasən, böyük dəstək paketi həyata keçirilir ki, bu da hələlik ÜDM-in 4 faizindən çoxdur. Yeri gəlmişkən, hələ məlum deyil, cari ilin yekununa proqnoza əsasən ÜDM istehsalı ötən ilki 81 milyar manata rəğmən 83 milyard təşkil edəcək, ya yox?

Bir məqama da toxunum ki, ötən il sosial sahədə başlanılan genişmiqyaslı maliyyələşdirmə tədbirləri üzrə 2020-ci ildə də bəzi sahələrdə əməkhaqlarının əlavə olaraq artırılması nəzərdə tutulurdu ki, buna keçən ilki ilə bərabər 4 milyard manata qədər əlavə vəsait xərclənəcəkdi. İnsanların evdə qala bilməsi üçün əvvəlcə 1 milyard manat məbləğində sosial-iqtisadi paket nəzərdə tutulmuşdu, sonra bu rəqəm 2,5 milyard manata qalxdı, son addımlardan sonra vəsaitin həcmi 3-3,5 milyard manatı da ötə bilər. Dövlət xərclərə görə narahat olmur və heç nəyi vətəndaşdan əsirgəmir.



Bütün bunları mövcud makroiqtisadi göstəricilərə və maliyyə vəziyyətimizə zərərsiz şəkildə həyata keçirmək tələb olunur. Ona görə də, sözsüz, dövlət büdcəsinə yenidən baxılmalı, keçən il başlanılan islahatlar davam etdirilməli, daxildə yeni gəlir mənbələrinin aşkarlanması, yaradılması işləri genişləndirilməli, dövlət vəsaitlərinin xərclənməsi üzərində nəzarət daha çox gücləndirilməlidir.

Daxildə yeni gəlir mənbələrinin aşkarlanması və yaradılması işlərinin genişləndirilməsi zərurəti üzərində xüsusən dayanmaq istəyirəm. Ötən yazımda da qeyd etdim ki, 2019-cu ildə vergi və gömrük orqanlarının xətti ilə büdcəyə 1 milyard manat əlavə vəsait daxil olub. Bu gəlirlər dövlət tərəfindən əhalinin sosial, iqtisadi cəhətdən müdafiəsini yaxşılaşdırmaq üçün islahatları dərinləşdirməyə yol açdı.

Bax, həmin 1 milyard manat əlavə vəsaitin əldə olunmasında 2019-cu ildən Vergi Məcəlləsində qüvvəyə minən 300-ə qədər əlavə və dəyişikliklər vacib rol oynadı. Bu ilin ilk 3 ayı ərzində isə bu məbləğ 310 milyon manatdan çox təşkil edib. Hələ sonuncu ayda, yəni mart ayı ərzində ölkə iqtisadiyyatı böyük duman qatına daxil oldu ki, yoxsa, bu məbləğ bir az da çox olacaqdı. Bu nəyi göstərir? Demək, daxildə böyük potensial var, sadəcə, bunu aşkarlamaq lazımdır. Bu, koronavirusla bağlı hökumətin dəstək paketini maliyyələşdirməyə çox böyük kömək olar.

Bəli, dövlətimizin 52 milyard ABŞ dollarından çox valyuta ehtiyatları var. Ancaq nəzərə almalıyıq ki, dövlət büdcəmizin 47 faiz hissəsi Dövlət Neft Fondundan transferdən asılıdır. Məhz bunun hesabına sosial xərclər - pensiyalar, əmək haqları, müavinətlər ödənilir. Yəni, neftin dünya bazarlarında neçəyə satılmasından asılı olmayaraq sosial ödənişlərin həyata keçirilməsində hansısa problem yaşanmır.

Ancaq koronavirus üzündən kəskin iqtisadi geriləmə və o cümlədən, məcburi əlavə xərclər ABŞ kimi bir ölkədə cari maliyyə ilində dövlət büdcəsində kəsir həddini azı 4 dəfə yüksəldərək, ÜDM-in 20 faiz hissəsinədək çatdıracaq. Yəni, 3,8 trilyon dollar həcminə... Keçən ilin sonuna isə bu rəqəm 984 milyard dollar təşkil etmişdi.

Sözüm ondadır ki, indi təsəvvür edin, xırda ölkələrin dövlət büdcələri nələr çəkəcək. Yeri gəlmişkən, cari ilin dövlət büdcəmizin həcmi Azərbaycanın müstəqillik tarixində ən böyükdür. Ancaq bunu keçən ilin axırında bu cür qürurla bəyan etdiyimiz vaxt heç ağlımıza da gətirə bilməzdik ki, başımıza belə işlər gələcək. Demirəm ki, bizdə də dövlət büdcəsi üzrə kəsir böyük olacaq. Xeyr!

2020-ci ilin büdcə qanununa əsasən, bizdə kəsir 2760.2 milyon manat nəzərdə tutulub. Amma yaxşı ki, Neft Fondumuz var. Zərbəni məhz bu qurum üzərinə götürür və götürəcək. Bununla belə, növbəti aydan gec olmayaraq, hər halda, dövlət büdcəsinə yenidən baxılmalıdır və baxılacaq da...

Demək istədiyim budur ki, hələ ki, real olaraq təhlükə yoxdur, lakin koronavirus bəlası uzun sürərsə, qarşıda ola da bilər. Və həmin təhlükə gözlənildiyindən də ciddi xarakter daşıyarsa, Neft Fondundan əlavə transfert olacaq. İş ondadır ki, növbəti tranşı manatın məzənnəsinə toxunmadan həyata keçirmək mümkün olacaq, ya yox - bunu demək çətindir.

Sözün qısası, şəffaflığın tam təmin olunması istiqamətində islahatları davam etdirmək olduqca zəruridir və bu, getdikcə daha çox bir nömrəli prioritet təşkil edir. Məhz bunun hesabına iqtisadi-maliyyə vəziyyəti sabit saxlamaq mümkündür.

Azərbaycanda hələ də “kölgə iqtisadiyyatı" mövcuddur. Bu mənada bir məqama da diqqət çəkmək istəyirəm ki, koronavirusla bağlı sahibkarlara dövlət dəstəyinin göstəriləcəyi barədə məlumatlar veriləndən sonra əmək müqaviləsi bağlayanların sayı aprelin 1-dən sonra 51 min artıb. Deməli, indiyədək həmin iş yerləri mövcud olub, sadəcə bəzi sahibkarlar fəaliyyətlərini qeyri-leqal qurublar. Düzdür, inzibati tədbirlərlərlə “kölgə” iqtisadiyyatını tam aradan qaldırmaq mümkün deyil. Bunun üçün sahibkarlıq subyeklərinin stimullaşdırılması vacibdir. Elə bir stimullaşdırıcı mexanizm hazırlanmalıdır ki, sahibkarlar “kölgədə" fəaliyyət göstərməkdən çəkinsinlər. Bir sözlə, nicatımız öz əlimizdədir. Və sahibkarlarımız da Dövlətə dəstək olarsa, BVF və DB bizim qapını döyəcək, biz onların yox... Koronavirusdan əvvəl olduğu kimi.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Koronavirus   İqtisadiyyat  





Xəbər lenti