Latviya tarixində ilk dəfə qadın baş nazir

Latviya tarixində ilk dəfə qadın baş nazir
  23 Yanvar 2014    Oxunub:1295
Latviya parlamenti ölkə tarixində ilk dəfə qadının başçılıq etdiyi hökumətin yeni tərkibini təsdiq edib.
AzVision.az xəbər verir ki, bu gün Latviya seyminin növbədənkənar iclasında ölkə hökumətinin yeni tərkibi səs çoxluğu ilə təsdiq edilib. Yeni hökumətə Latviya Respublikasının tarixində ilk dəfə qadın baş nazir - Laymdota Strauyuma rəhbərlik edəcək.

Baş nazir olan Strauyumanın namizədliyini və yeni Nazirlər Kabinetinin tərkibini səsvermədə iştirak edən 100 deputatdan 64-ü dəstəkləyib.

Latviyada hakim koalisiya dörd siyasi partiyadan ibarətdir: “Yedinstvo” birliyi – bu birliyin lideri sabiq baş nazir, əvvəlki hökumətin istefa verməsini elan edən Valdis Dombrovskisdir; sabiq prezident Valdis Zatlersin başçılıq etdiyi İslahatlar Partiyası; millətçi “Vətən və azadlıq / Latviyanın milli müstəqilliyi hərəkatı – hər şey Latviyanındır” birliyi; “Yaşıllar” və Kəndlilər İttifaqı.

Əvvəllər əkinçilik naziri vəzifəsində çalışmış L.Strauyumanın baş nazir vəzifəsinə namizədliyi “Yedinstvo” və İslahatlar Partiyası tərəfindən irəli sürülüb. Onun namizədliyini ölkə prezidenti Andris Berzinş də dəstəkləyib.

Maliyyə naziri Andris Vilks, yollar (nəqliyyat) naziri Anriys Matiss, mədəniyyət naziri Datse Melbarde, daxili işlər naziri Rixards Kozlovskis və xarici işlər naziri Edqars Rinkeviç yeni hökumətdə öz vəzifələrində qalıblar. Vaxtilə əkinçilik naziri vəzifəsində işləyən Yanis Duklavs yenidən bu vəzifəyə təyin edilib. Rifah naziri Uldis Auqulis də əvvəllər bu idarənin rəhbəri olub. Ədliyyə naziri vəzifəsinə isə Riqa dumasının deputatı Bayba Broka təyin edilib. Raymonds Veyonis müdafiə naziri, İna Druviyete təhsil və elm naziri təyin edilmiş, Vyaçeslav Dombrovskiy təhsil nazirliyinin rəhbəri kürsüsündən iqtisadiyyat naziri kürsüsünə keçmişdir. Milli blokun nümayəndəsi Eynars Silinskis ətraf mühit və regional inkişaf naziri təyin edilib, səhiyyə naziri vəzifəsinə isə əvvəllər bu idarənin rəhbəri olan İnqrida Tsirsene təyin edilib.

Parlamentin iclası başlanmazdan əvvəl hakim koalisiya formalaşdıran siyasi qüvvələr hökumət deklarasiyası imzalayıblar. Bu sənədə görə, yeni Nazirlər Kabinetinin əsas vəzifələri Latviyanın rəqabət qabiliyyətini artırmaq, iqtisadiyyatı inkişaf etdirmək, cəmiyyətdə parçalanmanı, hakimiyyətlə ictimaiyyət arasında uçurumu azaltmaq, habelə 2018-ci il sentyabrın 1-dən etibarən dövlət tərəfindən maliyyələşdirilən bütün rus məktəblərində təlimin latış dilində aparılması üçün hüquqi, iqtisadi və sosial baza yaratmaqdır.


Teqlər:





Xəbər lenti