"Aclıq oyunları" planlarını pozan humanizm - TƏHLİL

     "Aclıq oyunları"    planlarını pozan humanizm  -    TƏHLİL
  19 Sentyabr 2020    Oxunub:22122
Tofiq Yaqublu olayı son iki həftənin əsas mövzularından biri idi. Ona görə yox ki, bir müxalifətçi aclıq aksiyası keçirir və bu yolla məhkəməyə təsir göstərməyə çalışırdı. Ona görə ki, həmin aclıq başlayandan 3-4 gün sonra elə bir xarakter almışdı ki, artıq Tofiq Yaqublunun fərdi etiraz aksiyası olmaqdan çıxmışdı.
Bir tərəfdən radikal siyasi dairələr, digər tərəfdən də sosial şəbəkə kütləsi bu aclıq aksiyasına elə yiyələnmişdilər ki, nəinki mədəsi, hətta ürəyi, beyni və bütövlükdə həyatı da Tofiq bəyin özünə məxsus kimi görünmürdü. Hamı ondan birmənalı şəkildə aksiyanı dayandırmamağı, dirənməyi tələb edirdi. “Adam ac olar, kişi olar” deyərək, onu faktiki belə bir qastronomik məntiqlə mənəvi şantaj edirdilər ki, sən ac olmasan, kişi də olmayacaqsan. “Axıra qədər get, biz səninləyik, amma ölənə qədər – öləndə özün tək öləcəksən”.

Bəli, dəhşətli səslənsə də, Tofiq Yaqublunun həbsxanadan çıxmasını hamı istəyirdi, amma bəziləri ölü, bəziləri isə diri. Diri çıxmağını istəyənlər onu aclığı dayandırıb, apellyasiya məhkəməsinin qərarını gözləməyə səsləyirdilər. Biz də onların arasında idik. Amma radikallara, nə qədər dəhşətli səslənsə də, diri yox, məhz ölü Tofiq Yaqublu lazm idi.

Çünki əvvəla, həbsdə olarkən şişirdilib, az qala Mehdi Sahibəzzaman səviyyəsinə qədər qaldırılan siyasətçilərin azadlığa çıxandan sonra elə onları şişirdənlər tərəfindən necə yüngülsaqqal edilməsinə aid yaxın keçmişin siyasi təcrübəsi var. Və hər kəsə aydın idi ki, içəridə olarkən Mandela kimi görünmək asandır, fəqət çıxandan sonra aura dağılacaq. Bu baxımdan, məhz həbsxanada acından ölən Tofiq Yaqublu onlar üçün daha maraqlı və lazımlı idi.

Tofiq bəyin ölümü həm daxildə, həm xaricdə Azərbaycan dövlətilə mübarizə aparanların əlinə düşmüş çox güclü kart ola bilərdi. Və onlar bu kartı əldə etmək üçün siyasəti “adam ac olar, kişi olar” məişət tezisinə qədər endirməkdən çimçəşməmişdiər.
Bu düşərgə “Atamı öldürdüm ki, goruna and içim” prinsipinin siyasi təlimata çevrilmiş forması ilə hərəkət edirdi. Elə öz övladı da həmçinin.

Tofiq Yaqublunun qızı Nigar Həzinin atasının aclıq aksiyasna necə yanaşması insanı dəhşətə gətirir. Normalda bir övlad heç bir halda atasının ölümünü istəyə bilməzdi. Xüsusilə də adətən atanı daha çox sevən, şəfqətli olan qız övladları. Əksinə, o, atasını aclığı dayandırmağa, sağ və sağlam qalıb, mübarizəni hüquqi müstəvidə davam etdirməyə səsləməli, ona nikbinlik və inam aşılamağa çalışmalı idi. Amma Nigar Həzi doğma atasını kötüyün üzərinə yatıran siyasət qəssabı kimi davranırdı. Anlamaq olmur: Bir qızı buna nə vadar edə bilər?! "Atası zindandan ölmüş müxalifətçinin qızı" statusunu qazamaq? Bu adla xaricdən sığınacaq almaq?! Ərinə daha “parlaq” siyasi karyera təmin, yoxsa, əlində alət olduqları Əli Kərimlini daha güclü siyasi kartlarla təchiz etmək? Axı nə?! Qız övladının atasına qarşı belə siyasi vəhşiliyi insanı üşəndirməyə bilmir...

Amma Tofiq Yaqublunun başından bir tükün əskilməsində belə, maraqlı olmayan tərəf isə bu yaramaz oyunun pozulmasını istəyirdi. Söhbət hakimiyyətdən gedir.

Maraqlı məqam odur ki, Yaqublunun appellyasiya məhkəməsi onsuz da ayın 28-də keçiriləcəkdi. Yəni 10 gün qalırdı. Bu 10 günə Tofiq Yaqubluya onsuz da heç nə olmayacaqdı. Çünki insan orqanizmi 8 həftəlik aclığa tab gətirə bilir, o isə aclığın hələ ikinci həftəsində idi. Yəni Tofiq Yaqublu bundan sonra hələ təxminən 4 həftə də ac qala bilərdi və bu müddətdə onu ölüm təhlükəsi gözləmirdi. 10 günə isə zatən apellyasiya məhkəməsi olacaq və onun həbsxana məhkumluğu cəzasını evdə çəkməklə əvəzlənəcəkdi. Bəs niyə proses tezləşdirildi və apellyasiya məhkəməsi 10 gün qabağa çəkildi?
Tofiq Yaqublunun müraciəti əsasında cinayət işinin başlanması rədd edilib

Bunu hakimiyyətin özünə qarşı siyasi təsirlərin qarşısında geri çəkilməsi ilə izah etmək mümkün deyil. Çünki, düzdür, sosial şəbəkədə mövzu geniş yayılsa da, sentyabrın 9-da Tofiq Yaqubluya azadlıq tələbilə keçirilməsinə cəhd göstərilən yürüşə o qədər az adam toplaşmışdı ki, onu hətta yox saymaq belə, mümkündür. Belə bir vəziyyətdə hakimiyyətin ölkə daxilində hansısa təsirdən ehtiyatlandığını iddia etmək alınmır.

Xaricə gəlincə, Tofiq Yaqublu sağ olduqca – o isə apellyasiya məhkəməsinə qədər dəqiq ölməyəcəkdi,- Azərbaycana təzyiq üçün heç bir əsas olmayacaqdı. Hər şey qanuni prosedurlara uyğun idi: Məhkəmə olub, indi də yuxarı instansiyanın qərarı gözlənilir.

Yaxşı, bəs niyə hakimiyyət heç bir fəsad vəd etməyən həmin 10 günü gözləmədi? Niyə apellyasiya məhkəməsinin vaxtı qabağa çəkildi? Axı siyasi baxımdan gözləmək daha sərfəli idi. O halda radikallar feysbukda “İqtidar dözməyib geri çəkildi, biz qalib gəldik” deyərək, psevdoqələbəsini qeyd etmək şansı qazanmayacaqdı.

Bütün bunları ümumiləşdirəndə, bircə variant qalır: Humanizm. Bəli, insan ac qalanda 6 həftə yaşaya bilər. Fəqət məhz ikinc həftədən sonra bu proses əzablı olmağa başlayır, sağlamlığa təhlükələr ortaya çıxır. O cümlədən, əzələlər atrofiya olunur, ürəyin ritmi pozulur, tiamin çatışmazlığı özünü göstərməyə başlayır. Tofiq Yaqublu isə məhz aclıq aksiyasının ikinci həftəsinin tamam olmasına 1 gün qalmış evinə göndərildi. Yəni onu aclığın sağlamlığa zərər vuran ağır mərhələsinə keçməyə qoymadılar. Haradan necə baxsaq da, bu, dövlətin öz vətəndaşını əzab çəkməkdən xilas edən humanizm aktı idi.

Digər tərəfdən, hökumət Tofiq Yaqublunu gurultulu alqışlarla qurbanlıq quzu kimi siyasət kötüyünə göndərən qaragüruhun eşafot ehtirasını soyutdu. Ölkədə belə bir mənzərəni görmək heç də xoş deyildi ki, məsələnin sivil həlli ola-ola, hətta qızı belə daxil olmaqla, bir qrup radikal canlı insanı necə əzabla ölməyə səsləyirlər. Belə görünür ki, hakimiyyət bu mənəvi epidemiyanın mümkün qədər tez bitməsi üçün həmin sivil həlli tezləşdirdi.

Və üçüncüsü, bu addımla artıq əllərini bir-birinə sürtərək, Yaqublunun potensial ölüm faktından Azərbaycana qarşı necə istifadə edəcəklərini planlaşdıran dairələrin planları yarımçıq qaldı. Bir addımla 3 effektə nail olundu. İndi əsas məsələ bu hadisədən düzgün nəticələr çıxarmaqdır.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Tofiq-Yaqublu  





Xəbər lenti