AzVision: Həftənin real təhlili - VİDEO

      AzVision:    Həftənin real təhlili -    VİDEO
  21 Sentyabr 2020    Oxunub:14432
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Sizi verilişin şənbə günü efirə gedən buraxılışına baxmağa dəvət edirik:



AzVisionda xoş gördük hər birinizi. Həftənin real təhlililə məşğul olacağıq. Çalışacağıq ki, geridə qoyduğumuz yeddi gündə ölkənin, eləcə də bölgənin və dünyanın nəticə çıxarılmalı olam əsas hadisələrinin mahiyyətinə nəzər salaq. Və görək ki,
- Hollivuddan başqa daha kimlərin “Aclıq oyunları”ssenarisi vardı və niyə baş tutmadı?
- Minsk qrupunun “payız oyanışı” ancaq qış yuxusuna hazırlaşmaq üçündürmü?
- Yəhudi-ərəb anlaşması kimi nəyə yaxınlaşdırdı: Trampı Nobel mükafatına, yoxsa Yaşın Şərqi sülhə?
- Navalnı ölmədi, amma niyə Qərb özünü sanki o, ölübmüş kimi aparır?


Tofiq Yaqublu olayı son iki həftənin əsas məsələlərindən biri idi. Ona görə yox ki, bir müxalifətçi aclıq aksiyası keçirir və bu yolla məhkəməyə təsir göstərməyə çalışırdı. Yox. Ona görə ki, həmin aclıq başlayandan 3-4 gün sonra elə bir xarakter almışdı ki, artıq Tofiq Yaqublunun fərdi etiraz aksiyası olmaqdan çıxmışdı. Bir tərəfdən radikal siyasi dairələr, digər tərəfdən də sosial şəbəkə kütləsi bu aclıq aksiyasına elə yiyələnmişdilər ki, nəinki mədəsi, hətta ürəyi, beyni və bütövlükdə həyatı da Tofiq bəyin özünə məxsus kimi görünmürdü. Hamı ondan birmənalı şəkildə aksiyanı dayandırmamağı, dirənməyi tələb edirdi. “Adam ac olar, kişi olar” deyərək, onu faktiki belə bir qastronomik məntiqlə mənəvi şantaj edirdilər ki, sən ac olmasan, kişi də olmayacaqsan. “Axıra qədər get, biz səninləyik, amma ölənə qədər – öləndə özün tək öləcəksən”.
Bəli, dəhşətli səslənsə də, Tofiq Yaqublunun həbsxanadan çıxmasını hamı istəyirdi, amma bəziləri ölü, bəziləri isə diri. Diri çıxmağını istəyənlər onu aclığı dayandırıb, apellyasiya məhkəməsinin qərarını gözləməyə səsləyirdilər. Biz də onların arasında idik.
Amma radikallara, nə qədər dəhşətli səslənsə də, diri yox, məhz ölü Tofiq Yaqublu lazm idi. Çünki əvvəla, həbsdə olarkən şişirdilib, az qala Mehdi Sahibəzzaman səviyyəsinə qədər qaldırılan siyasətçilərin azadlığa çıxandan sonra elə onları şişirdənlər tərəfindən necə yüngülsaqqal edilməsinə aid yaxın keçmişin siyasi təcrübəsi var. Və hər kəsə aydın idi ki, içəridə olarkən Mandela kimi görünmək asandır, fəqət çıxandan sonra aura dağılacaq. Bu baxımdan, məhz həbsxanada acından ölən Tofiq Yaqublu onlar üçün daha maraqlı və lazımlı idi.
Tofiq bəyin ölümü həm daxildə, həm xaricdə Azərbaycan dövlətilə mübarizə aparanların əlinə düşmüş çox güclü kart ola bilərdi. Və onlar bu kartı əldə etmək üçün siyasəti “adam ac olar, kişi olar” məişət tezisinə qədər endirməkdən çimçəşməmişdiər. Bu düşərgə “Atamı öldürdüm ki, goruna and içim” prinsipinin siyasi təlimata çevrilmiş forması ilə hərəkət edirdi.
Amma Tofiq Yaqublunun başından bir tükün əskilməsində belə, maraqlı olmayan tərəf isə bu yaramaz oyunun pozulmasını istəyirdi. Bəli, söhbət hakimiyyətdən gedir.
Maraqlı məqam odur ki, Yaqublunun appellyasiya məhkəməsi onsuz da ayın 28-də keçiriləcəkdi. Yəni 10 gün qalırdı. Bu 10 günə Tofiq Yaqubluya onsuz da heç nə olmayacaqdı. Niyə? Təhlilimizə qaldığımız yerdən davam edəcəyik, amma gəlin, əvvəlcə bu “niyə” sualına cavab vermək üçün görək, aclıq edən insanın orqanizmində hansı proseslər gedir və o, nə qədər ac qala bilər.
***
Aclığın ilk günlərində orqanizm öz daxili enerji ehtiyatlarını sərf etməyə başlayır. Əvvəlcə toplanmış qlikogendən istifadə edir, o bitəndən sonra piy toxumalarına keçir. Buna görə ilk 3-4 gündə ac qalmağın orqanizmə heç bir ciddi ziyanı olmur.
Qlükoza ehtiyatları tam bitəndən sonra orqanizmdə “ketoz” adlanan proses başlayır. Çünki bədənə bütün hallarda qlükoza lazımdır, yoxdursa, yavaş-yavaş başqa toxumaları söküb, qlükoza istehsal edir. Bu zaman bədəndə keton cismləri çoxaldığından, insandan aseton iyi gəlir. İlk həftənin tamamına doğru artıq insan hiss olunacaq şəkildə zəifləməyə başlayır. Quru aclıq edənlər 8-9-cu gündə ölə bilərlər. Amma aclıq edən su içirsə, ağır günlər hələ qabaqdadır.
Aclığın ikinci həftəsinin sonlarına doğru ciddi problemlər özünü göstərir. Çünki bədən artıq vacib əzələləri söküb, ketoz vasitəsilə qlükozaya çevirməyə başlayır. Buna görə də əzələlər atrofiya olunur, insan ayaq üstə durmaq, hərəkət etmək qabiliyyətini yavaş-yavaş itirir. Ürək də əzələ olduğundan, 4-cü həftədə növbə yava-yavaş ona və qara ciyərə çatır. Bundan sonra ürəyin döyünməsi yavaşıyır, bradikardiya ortaya çıxır. Maddələr mübadiləsi maksimum yavaşıdığından, ac qalan adam daim soyuqdan titrəyir. Orqanizmin vitamin və mineral ehtiyatları tamamilə tükəndiyi üçün onların səbəb olduğu bütün xəstəliklər baş qaldırır.
5-ci həftədə görmə və eşitmə korlanır, ardınca şüur dumanlanmağa başlayır, mühakimə qabiliyyəti itir. Bdəndə toksinlər çoxalır. Gözlərin nizamsız hərəkətləri başlayır.
6-cı həftə bu dramın son pərdəsi ola bilər. Həmin dövrdə ac insan vaxtın çoxunu şüursuz olur və ətrafdakılara heç bir reaksiya vermir. Bundan sonrası isə ölümdür.
***
Yəni Tofiq Yaqublu bundan sonra hələ təxminən 4 həftə də ac qala bilərdi və bu müddətdə onu ölüm təhlükəsi gözləmirdi. 10 günə isə zatən apellyasiya məhkəməsi olacaq və onun həbsxana məhkumluğu cəzasını evdə çəkməklə əvəzlənəcəkdi. Bəs niyə proses tezləşdirildi və apellyasiya məhkəməsi 10 gün qabağa çəkildi?
Bunu hakimiyyətin özünə qarşı siyasi təsirlərin qarşısında geri çəkilməsi ilə izah etmək mümkün deyil. Çünki, düzdür, sosial şəbəkədə mövzu geniş yayılsa da, sentyabrın 9-da Tofiq Yaqubluya azadlıq tələbilə keçirilməsinə cəhd göstərilən yürüşə o qədər az adam toplaşmışdı ki, onu hətta yox saymaq belə, mümkündür. Belə bir vəziyyətdə hakimiyyətin ölkə daxilində hansısa təsirdən ehtiyatlandığını iddia etmək alınmır.
Xaricə gəlincə, Tofiq Yaqublu sağ olduqca – o isə apellyasiya məhkəməsinə qədər dəqiq ölməyəcəkdi,- Azərbaycana təzyiq üçün heç bir əsas olmayacaqdı. Hər şey qanuni prosedurlara uyğun idi: Məhkəmə olub, indi də yuxarı instansiyanın qərarı gözlənilir.
Yaxşı, bəs niyə hakimiyyət heç bir fəsad vəd etməyən həmin 10 günü gözləmədi? Niyə apellyasiya məhkəməsinin vaxtı qabağa çəkildi? Axı siyasi baxımdan gözləmək daha sərfəli idi. O halda radikallar feysbukda “İqtidar dözməyib geri çəkildi, biz qalib gəldik” deyərək, psevdoqələbəsini qeyd etmək şansı qazanmayacaqdı.
Bütün bunları ümumiləşdirəndə, bircə variant qalır: Humanizm. Bəli, insan ac qalanda 6 həftə yaşaya bilər. Fəqət məhz ikinc həftədən sonra bu proses əzablı olmağa başlayır, sağlamlığa təhlükələr ortaya çıxır. O cümlədən, əzələlər atrofiya olunur, ürəyin ritmi pozulur, tiamin çatışmazlığı özünü göstərməyə başlayır. Tofiq Yaqublu isə məhz aclıq aksiyasının ikinci həftəsinin tamam olmasına 1 gün qalmış evinə göndərildi. Yəni onu aclığın sağlamlığa zərər vuran ağır mərhələsinə keçməyə qoymadılar. Haradan necə baxsaq da, bu, dövlətin öz vətəndaşını əzab çəkməkdən xilas edən humanizm aktı idi.
Digər tərəfdən, hökumət Tofiq Yaqublunu gurultulu alqışlarla qurbanlıq quzu kimi siyasət kötüyünə göndərən qaragüruhun eşafot ehtirasını soyutdu. Ölkədə belə bir mənzərəni görmək heç də xoş deyildi ki, məsələnin sivil həlli ola-ola, hətta qızı belə daxil olmaqla, bir qrup radikal canlı insanı necə əzabla ölməyə səsləyirlər. Belə görünür ki, hakimiyyət bu mənəvi epidemiyanın mümkün qədər tez bitməsi üçün həmin sivil həlli tezləşdirdi.
Və üçüncüsü, bu addımla artıq əllərini bir-birinə sürtərək, Yaqublunun potensial ölüm faktından Azərbaycana qarşı necə istifadə edəcəklərini planlaşdıran dairələrin planları yarımçıq qaldı. Bir addımla 3 effektə nail olundu.
Əlbəttə, bu, o demək deyil ki, Azərbaycana qarşı oyunlar bitdi. Təəssüf ki, yox. Ayrılıqda götürülmüş bir insanın sağlamlığının və ölümünün siyasət oyununda elementə çevrilməsi dünyada geniş yayılmış praktikadır. Elə lap bu yaxınlarda təxminən oxşar vəziyyət Rusiya-Avropa münasibətlərində müşahidə olundu. Orada böyük oyunlar naminə müxalif bloger Aleksey Navalnı az qala qurban verilirdi. O, zəhərlənib komada olanda, ölmək perspektivi nəzərə alınaraq, Rusiyaya qarşı böyük planlar quruldu. Əgər Navalnı ölsəydi, indi nələr baş verirdi – bunu baxacağımız videomaterida görəcəyik. Navalnı ölmədi, amma planlar davam edir. Niyə? Bunun cavabını da həmçinin.
***
Navalnı komada olanda Qərbin iri dövlətlərinin iri-iri mənsəb sahibləri bəyanatlar verirdilər ki, müxalifətçi blogerin zəhərlənməsinə görə “Şimal Axını-2” layihəsinə sanksiya qoyulmalıdır. Buradan da məlum olurdu ki, onların dərdi Navalnı yox, hətta Belorus da yox, məhz “Nord strim”, yəni “şimal axını” layihəsidir.
“Şimal Axını-2” ildə 55 milyard kub metr qazı Baltik dənizindən keçməklə Rusiya sahillərindən Almaniaya daşımaq üçün nəzərdə tutulmuş kəmərdir. Onun üzərində Avropanın 12 ölkəsindən 100-dən çox şirkət işləyib ki, bunların da yarıdan çoxu alman firmalarıdır. Ona görə də, bu layihənin bloklanması Almaniyaya əsla sərf etmir.
ABŞ isə elə ilk vaxtlardan “Şimal Axını”nın əleyhinə idi. Bu ilin yanvarında qəti şəkildə layihəni pisləmişdi. Amma Almaniya heç nəyə baxmayaraq, son vaxtlara kimi Rusiya ilə bu istiqamətdə əməkdaşlığını davam etdirirdi. Fəqət Belorus hadisələri və Navalnı insidenti nəticəsində münasibətlərdə yaranan sistem böhranı Berlini fakt qarşısında qoydu.
Amerikalı senator Ron Conson tələb edirdi ki, Navalnının zəhərlənməsinə görə Almaniya Rusiya ilə “Şimal Axını -2” layihəsində əməkdaşlığı dayandırmalı, Moskvaya sanksiyalar qoyulmalıdır. Respublikaçı senator az qalır ki, Navalnının zəhərlənməsini Rusiyanın Avropaya kimyəvi silahla hücumu kimi qiymətləndirsin.
Əks tərəfin – demokratların namizədi Co Bayden də ondan geri qalmır, əksinə, Ağ Evdən Rusiyaya qarşı daha sərt addımlar tələb edirdi.
Belə basa-basda Polşa da təklif edirdi ki, “Nord Stream – 2” layihəsi onun “Baltic Pipe” kəmərilə əvəzlənsin. Halbuki imkanlarına və əhəmiyyətinə görə bu iki infrastruktur obyektini heç müqayisə etmək də mümkün deyil.
Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”

Belə bir vəziyyətdə Navalnının sağalması məntiqlə bu söhbətlərə son qoymalı, Rusiya və Almaniya işlərinə davam etməli idilər. Amma olmadı. Navalnı sağalsa da, onun zəhərlənməsinə görə “Şimal axını”na sanksiya tələbləri eyni şiddətlə davam edir. Və buradan məlum olur ki, əslində bütün bu hadisələr “Şimal axını”nın qarşısını kəsmək üçün bəhanədən başqa heç nə deyillər.
Hazırda Rusiya ilə Qərbin münasibətləri təxminən 2014-cü ildə Krımın ilhaqı zamanı yaranan vəziyyətə bənzəyir. “Şimal Axını”nın bloklanması Avropanın istər biznes, istərsə də siyasət məkanında güclü bir zəlzələ effekti deməkdir. Elə olarsa, Rusiyanın təkcə Almaniya deyil, bütövlükdə Avropa Birliyi və ABŞ ilə də münasibətləri tamamilə korlanacaq. Bundan sonra daha heç bir xarci şirkət Rusiyaya investisiya qoymağı ağlından da keçirməyəcək. Və bu, Rusiya ilə Qərb arasında ağır, uzunmüddətli qarşıdurmanın başlanğıcı olacaq.
Belə mənzərə yaranır ki, əgər qədim romalıların “Bax gör, kimə sərf edir” prinsipilə yanaşsaq, Navalnının zəhərlənməsi də, Belorusdakı proseslər də ən çox elə Qərb dövlətlərinə sərf edirmiş – “Şimal Axını-2” layihəsinə sanksiya qoymaq üçün. İstədiyi yar idi, yetirdi pərvərdigar. Amma doğrudanmı pərvərdigar yetirib? Ona kömək edənlər də olubmu? Əsas sual bax, budur.
***
Bu əhvalatdan çıxan başqa bir nəticədə də odur ki, hazırda Rusiya, Fransa və ABŞ bir-birilə necə qarşıdırma vəziyyətindədirlər. Dünyada bu 3 tərəfi eyni çərçivədə birləşdirəcək praktik olaraq heç bir layihə, platforma, məxrəc təsəvvür etmək olmur. Amma... yox, deyəsən, biri hər halda, var: Bizimli sevimli... tamamilə doğrudur, Minsk qrupu!
ATƏT-in Minsk qrupunun qış, yaz və yay yuxusundan məhz bu həftə ayılmağı çox maraqlıdır. Çünki bu qrupda təmsil olunan 3 ölkədən azı ikisinin Azərbaycanla münasibətlərində ya birbaşa, ya da dolayı gərginlik var. Həmsədrlərdən birinin - Rusiyanın Ermənistana silah ötürməsi nəticəsində yaranan suallar hələ də tam cavablanmayıb. İkinci həmsədr Fransa isə Aralıq dənizinin şərqindəki konfliktdə Türkiyəyə qarşı ən azı Yunanıstan qədər açıq və aqressiv çıxışlar edən ölkədir. Azərbaycanın son vaxtlar Türkiyə ilə prinsipial yaxınlığı fonunda bu, o deməkdir ki, hazırda Fransa Qarabağ münaqişəsinin həllində vasitəçi kimi ən azı psixoloji baxımdan adekvat qəbul edilə bilməz. Azərbaycanın Türkiyə ilə münasibətlərdəki strateji əhəmiyyətli yaxınlıq isə bu həftə bir daha nümayiş etdirildi. Bakının azad olunmasının 102 illiyi münasibətilə prezident İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan təbrik məktubu aldı, özü isə ona zəng etdi. Ərdoğanın məktubunda deyilirdi:
- Ölkələrimiz arasındakı “Bir millət, iki dövlət” şüarının tarixi bünövrəsini qoyan Qafqaz İslam Ordusu ortaq qürur mənbəyimiz və əbədi qardaşlığımızın timsalı olmuşdur. Bakıda olduğu kimi, Çanaqqalada da çiyin-çiyinə mübarizə aparan əcdadlarımızdan bizə miras qalan qardaşlığımız bu gün tale birliyimizin də mənəvi zəminini təşkil edir.
Bu gün Zati-alinizin qardaşlığımıza layiq səyi və töhfələri ilə Türkiyə və Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə mükəmməl şəkildə inkişaf edir. Tariximizdən gələn ilham və sarsılmaz əlaqələrimizdən aldığımız güc-qüvvətlə ölkələrimiz regionumuzun sabitliyinin təminatçısına çevrilmişdir.
Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyinə, bu günə qədər olduğu kimi, bundan sonra da ölkələrimizin xoş günlərdə də, çətin vaxtlarda da bir-birinin yanında olacağına inamım sonsuzdur.

Açıq görünür ki, burada məqsəd heç də təkcə 102 il əvvəl yaşanmış şanlı tarixi yada salmaq deyil. Məqsəd həmin tarixi hadisələrin bugünkü və gələcəkdəki hadisələrdə də dominant kimi çıxış edəcəyini vurğulamaqdır. Sanki məktubun sətirəri arasında belə bir fikir də oxunur ki, bizim birlikdə öz ərazilərimizi azad etmək təcrübəmiz var, bunu unutmamışıq və hər kəsin də bilməyini istəyirik. Azərbaycanla belə münasibətlərin fonunda Türkiyə hazırda Fransa ilə ən gərgin dövrünü yaşayır.
Tamamilə aydındır ki, Azərbaycan-Türkiyə münasibətlərinin ən isti, Türkiyə-Fransa əlaqələrinin isə ən soyuq dövrünü yaşadığı indiki mərhələdə Minsk qrupunun həmsədri kimi Parisdən nəsə gözləməyə dəyməz.
O ki qaldı üçüncü həmsədr Amerikaya, hazırda onun başı tamam ayrı məsəslələrə qarışıb. Tramp həm Nobel sülh mükafatı almaq şansını artırmaq, həm də seçkiqabağı xal toplamaq üçün sələflərinin bəziləri kimi diqqətini başqa uzunmüddətli konfliktin həllinə yönəldib. Söhbət ərəb-israil münaqişəsindən gedir. Bu həftə Tampın vasitəçiliyilə İsrailin Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ilə münasibətlərin normallaşdırılması haqqında imzaldığı müqavilələr dünyada böyük rezonansa, eyni zamanda, fərqli dəyərləndirmələrə səbəb olub. Xeyir işin təşkilatçısı – ABŞ prezidenti Donald Trampa görə bu, Yaxın Şərqdə yeni eranın başlanmasıdır. Amma Yaxın Şərqin özündə heç də çoxları belə düşünmürlər.
***
Ağ Evin qarşısındakı çəmənlikdə İsral ilə iki ərəb dövləti 3 müqavilə imzalayıblar. İsraillə Birləşmiş Ərəb Əmirlikləri arasında “Sülhün, diplomatic münasibətlərin bərpası və tam normallaşdırma haqqında Müqavilə”, İsraillə Bəhreyn arasında “Sülh, əməkdaşlıq, konstruktiv diplomatik münasibətlər və dostluq haqqında Deklarasiya”, bir də üç tərəfin arasında ümumi “İbrahim müqaviləsi”. 3 dinin ortaq peyğəmbəri İbrahimin şərəfinə adlandırılan sonuncu müqavilədə tərəflər öhdəlik götürürlər ki, bundan sonra dinlər və mədəniyyətlər arasında dialoqu inkişaf etdirəcək, bölgədə və dünyada sülhün, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, radikallığın və münaqişələrin sonunun çatmasına çalışacaqlar.
Hər 3 sənədin altına imzasını qoyan Donald Tramp bəyan edib ki, hələ daha 5-6 ərəb dövləti də prosesə qoşulacaq. Amma bunların hansı dövlətlər olacağına aydınlıq gətirməyib. Müşahidəçilərə görə, söhbət Səudiyyə Ərəbistanından, Oman və Sudandan gedə bilər.
- Biz burada tarixin gedişatını dəyişmək üçün toplaşmışıq. Onillərlə sürən ziddiyyət və münaqişədən sonra biz Yeni Yaxın Şərqin doğuluşunu qeyd edirik
Amma skeptiklər onun bu optimizmini bölüşmürlər. Onların fikrincə, Ağ Evin həyətində imzalanan müqavilələr Trampı can atdığı Nobel Mükafatına yaxınlaşdıra bilər, Yaxın Şərqi sülhə isə əsla. Hər şeydən əvvəl, Trampın imzalanmasına nail olduğu müqavilələr heç də İsraili onunla düşmən olan ərəb dövlətlərilə barışdırmayıb. Normallaşma haqda müqaviləni imzalayan BƏƏ və Bəhreynin İsraillə münasibətləri zatən normal idi.
Ərəb-İsrail münaqişəsinin əsas tərəfi olan Fələstinin özü isə normallaşma prosesinə xeyli sərt yanaşıb. Ağ evin həyətində sənədlər imzalankarən fələstinlilər həmin günü “Milli qəzəb günü” elan edərək, əksər şəhərlərdə mitinqlər keçirib, yəhudilərlə müqavilə imzalayanları isə satqınlıqda ittiham ediblər; ürəkləri soyumadığından, üstəlik, İsrailə tərəf bir neçə raket də buraxıblar.
Yada salaq ki, yanvar ayında ABŞ İsrail-Fələstin münaqişəsinin həllilə bağlı “iqtisadi imkanlar üçün qarşılıqlı güzəştlər” təklifini irəli sürmüşdü. Amma Fələstin həmin təklifi qəbul etməyib.
Trampın fikrincə, ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşması nəticəsində Fələstinin gec-tez imkanları daralacaq və təklifləri qəbul etməkdən başqa variantı qalmayacaq. Amma əlbəttə ki, bu zaman İranı və Türkiyənin proseslərə təsir imkanlarını, həmçinin “Hizbullah”, “Həmas”, “İslami Cihad” kimi qeyri-dövlət aktorlarının fəaliyyətini də unutmaq olmaz.
Ona görə də, Trampın imzalanmasına nail olduğu müqavilələr Yaxın Şərqdə nə dərəcədə tarixi hadisə sayıla bilər – bu haqda indidən nəsə demək çətindir. Əgər normallaşma prosesinə qoşulan ərəb dövlətlərinin siyahısı böyüməsə, yəqin ki, heç bir ciddi nəticədən danışmaq mümkün olmayacaq. Bu sənədlər seçkiqabağı Trampa xal qazandıra bilər, bəlkə onu Nobel mükafatına da yaxınlaşdırar, amma Yaxın Şərqdə “yeni dövrün başladığını” iddia etmək hələ çox tezdir.
***
Yaxın günlərdə Birləşmiş Ştatlar İrana qarşı indiyə qədər olan bütün beynəlxalq sanksiyaların yenidən bərpasına nail olmaq üçün bir neçə ciddi addım atacaqlar. Maraqlısı odur ki, bu məsələdə ABŞ BMT-nin digər üzvlərinin fikirlərini nəzərə almadan, özünün bildiyi kimi hərəkət edir. Nəticədə Rusiya və Çinlə ciddi fikir ayrılığı yaranıb. Tramp bildrib ki, onlar sanksiyaları pozanların özlərinə qarşı da sanksiya qoyacaqlar. Güman ki, bu aqressiv davranışda əsas məqsəd İranın əl-qolunu bağlayaraq, həm də onun İsraillə ərəb ölkələrini barışdırmaq planına mane olmasını əngəlləməkdir.
Beləliklə, Nobel Sülh Mükafatına və ikinci prezidentliyə hədəflənən Trampın başı Yaşın Şərqə çox möhkəm qarışdığından, indiki şəraitdə Amerika Birləşmiş Ştatlarının Minsk qrupunun həmsədri kimi Qarabağla bağlı nəsə edəcəyi inandırıcı deyil. Məhz buna görə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenkonun ABŞ-ın Moskvadakı səfiri Con Sallivan ilə bu həftə baş tutan telefon danışığında Belarusda baş vermiş son hadisələrlə yanaşı, həm də Qarabağdan danışmaları maraqlı görünür.
Brüssel mərhələsi: MQ öldü, yaşasın AB?! – VİDEOTƏHLİL

Məsələ ondadır, istər Rudenko, istərsə də Sallivan diplomatik iyerarxiyada o yerlərdə duran adamlar deyillər ki, Qarabağla bağlı hansısa ciddi təklifləri müzakirə etsinlər. Onlar ancaq cari işçi xarakterli problemlərdən danışa bilərlər. Bəs Qarabağda həm Moskva, həm də Amerikaya işçı qaydada aid olan cari problem nə ola bilər? Bu haqda heç bir açıqlama verilmədiyi üçün mümkün variantlara baxmalıyıq.
Məntiqlə yanaşsaq, bu ölkələrdən biri Qarabağda elə hadisələrə ya yol verir, ya da göz yumur ki, digəri ondan narazıdır. Birinci variant: bu, Livan qaçqınlarının Qarabağa yerləşdirilməsi ola bilərmi? Bu həftə Rusiyanın Xarici işlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova bildirdi ki, Moskva Qarabağda və ətraf rayonlarda Livan qaçqınlarının yerləşdirilməsi haqda yoxlanılmış məlumata malik deyil. Halbuki, bunu Ermənistanın da, Qarabağdakı cinayətkar rejimin də rəsmiləri özləri açıq deyirlər, Livandan köçüb gələn erməni aşpazın Şuşada necə yerləşməsinin videosu hər yerdə yayılıb... Maraqlı sözdür: “Yoxlanılmış məlumat”. Yəni məlumat var, amma biz yoxlamadığımız üçün sayılmır.
İkinci tərəfdən, Rusiya ilə Amerikanın işçi qaydada müzakirə etdikləri məsələ PKK-nın Qarabağa yerləşdirilməsi haqda bu həftə yayılan xəbərlər də ola bilər. Çünki bu məsələdə hər iki tərəfi narahat edəcək məqamlar həqiqətən də var.
***
Bu həftə Türkiyənin “Cümhuriyyət” qəzetinin yaydığı məlumata görə, Livan ermənilərini ardınca, indi də PKK terror təşkilatının xüsusi təyinatlı hissələri Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirilir. Qəzetin əldə etdiyi informasiyaya görə, PKK Qarabağda yeni hücuma hazırlaşır. Bu, o deməkdir ki, həmin terrorçulardan yaxın gələcəkdə ya Azərbaycana qarşı növbəti təxribatlardan birində istifadə olunacaq, ya da Türkiyə ərazisində yeni terror aktları hazırlanır.
Bundan başqa, qəzet 250 erməni əsgərin PYD/YPG düşərgələrində təlim keçmək üçün Suriyaya göndərildiyini də yazıb.
Əslində, bu, yeni məlumat olsa da, təzə xəbər deyil. Çünki Ermənistan-PKK əlaqələrinin zəngin keçmişi var. Bəllidir ki, 1992-ci ildə də Ermənistan PKK terrorçularına qucaq açmışdı. İndi də istər Ermənistanın özündə, istərsə də işğal altında olan Azərbaycan torpaqlarında PKK-ya məxsus bir neçə düşərgənin olduğuna dair vaxtaşırı informasiyalar yayılıb. Söhbət sadəcə, onların sayının daha da artmasından gedir.
Bu vəziyyət imkan yaradır ki, Azərbaycan və Türkiyə terror dəstək verən dövlət kimi Ermənistanı beynəlxalq aranada daha çox ifşa etsinlər. Eyni zamanda, Qarabağ bölgəsi dünyaya terror təşkilatının düşərgəsi kimi tanıdılarsa, bu, gələcəkdə orada geniş antiterror əməliyyatı keçirmək üçün zəmin yarada bilər.
***
Deməli, bir tərəfdən Ermənistan özü Qarabağda Livan qaçqınlarını və PKK terrorçularını yerləşdirir. Digər tərəfdən, Azərbaycanı nizamlama prosesini pozmaqda ittiham edir. Belə ki, həmsədrlərin danışıqları qeydsiz-şərtsiz bərpa etmək tələbinin qarşılığında Ermənistanın baş naziri Nikol Paşinyan srağagün parlamentdəki çıxışında deyib ki, hazırda danışıqlarda ilkin şərt qoyan Azərbaycandır. Nə imiş bu ilkin şərt? Qarabağın Azərbaycanın tərkibində qalması.
Məntiqsizliyin və həyasızlığın bəzən elə səviyyəsilə üzləşirsən ki, sadəcə olaraq, deməyə söz qalmır. Əgər biz Qarabağın gələcək statusunu müzakirə ediriksə, təbii ki, onun Azərbaycanın daxilindəki vəziyyə nəzərdə tutulur. Əgər Qarabağın Azərbaycanın tərkibindən çıxarılması ilə razı olsaq, onda ümumiyyətlə, nəyi və niyə müzakirə etməliyik ki?
Digər tərəfdən, bu, iki üzü olan medaldır axı. Əgər Paşinyan Qarabağın Azərbaycanın tərkibində qalması ilə razılaşmırsa, deməli, Qarabağın Azərbaycanda qoparılmasını ilkin şərt sayır. Və eyni uğurla Azərbaycan tərəfi də onu ilkin şərt qoymaqda ittiham edə bilər. Amma bu, uşaq oyunudur axı.
Danışıqlar deyilən proses müəyyən çərçivələr daxilində aparılmalıdır. Yəni diplomatik danışıqlar o demək deyil ki, yığışıb, nəyi gəlsə müzakirə edək. Danışıqların çərivəsinin müəyyənləşdrilməsi və ilkin şərt qoymaq – bunlar tamam ayrı-ayrı anlayışlardır. Paşinyanın bu cür məntiq səntirləmələri getdikcə daha çox psixoloji problemlərə bənzəyir. Və oun belə məntiqsiz danışılqarı oğlunun bu həftə yayılan videoda narkotiklərin təsri altında aşa-aşa etdiyi rəqsi xatırladır.
Paşinyanın məntiq və diplomatiya anlayışı oğlunun bu divanə rəqsindən o qədər də fərqlənmir. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü “ilkin şərt” sayırsa, bu, o deməkdir ki, heç bir dialoqun bərpasından söhbət də gedə bilməz və proses olduğu ölü nöqtədən tərpənməyəcək. Və həmsədrlərin bu həftənin əvvəlində verdikləri bəyanat da ölü doğulmuş uşaqdan başqa heç bir şey deyil. Məhz buna görə dövlət başçımız Real TV-nin sualına cavablandırarkən vəziyyətlə bağlı kifayət qədər sərt fikirlər səsləndirdi.
Belə vəziyyətdə tərəflər arasında psixoloji müharibə getdikcə güclənir. Xüsusilə Ermənistan Azərbaycana qarşı psixoloji həmlələr edərək, bizi müxtəlif təxribatlara çəkməyə çalışır. Hər bir addımını Azərbaycanı qıcıqlandırmağa hesablayır. Əgər hansısa bir bölgədə təxribat cəhdləri varsa, gec-tez onların baş tutma ehtimal da mövcuddur. Və o zaman vasitəçi adlandırılan tərəflər sabitlyi bərpa etmək üçün işə qarışacaqlarsa, onda vasitəçilik yox, başqa missiya alınır. Belə çıxır ki, onlar Ermənistanın rahatca təxribatlar törədib, Azərbaycanı qıcıqlandırması üçün şərait yaratmaqla məşğuldurlar. Gərginlik isə getdikcə artır və belə mühitdə baş tuta biləcək təxribatların, toqquşmaların da nəticəsi daha ağır alına bilər. Əgər vasitəçilər bunun qarşısını almaq üçün heç nə eləmirlərsə, məntiqlə, demək, qarşıdakı mümkün toqquşmaların məsuliyyəti də əslində onların üzərinə düşür. Ya missiyalarına yiyə durmaq vaxtıdır, ya da məsuliyyətlərinə.
Belə. Biz hadisələri izləməkdə və önəmli saydığımız məqamları sizinlə bölüşməkdə davam edəcəyik. Hələlik isə bütün təxribaların və qıcıqların qarşısında möhkəm olmağa çalışaq.

Azvision.az


Teqlər: AzVision   Real-TV  





Xəbər lenti