Ukraynanın yeni prezidenti kim olacaq? - TƏHLİL

Ukraynanın yeni prezidenti kim olacaq? - TƏHLİL
  24 Fevral 2014    Oxunub:1363
Ukraynada hazırda vəziyyət stabil olaraq davam edir. Geridə qalan qanlı aksiyalardan sonra Viktor Yanukoviçi taxtından endirən etirazçı kütlə missiyasını başa vurmuş görünsə də xalqı düşündürən növbəti sual Ukraynanın növbəti prezidentinin kimliyidir.

Hazırda Ukrayna müxalifətin rəhbərlik etdiyi Ali Rada tərəfindən idarə olunur. Belə ki, mayın 25-də keçirilməsi qərarlaşdırılan növbədənkənar prezident seçkiləri Ukrayna xalqı üçün yeni sınaq olacaq. Yeni prezidentin kimliyini indidən demək müəmmalıdır.

Heç şübhəsiz ki, seçkilərdə əsas mübarizə elə müxalifət daxilində baş tutacaq.

İlkin siyasi mənzərə onu deməyə əsas verir ki, Ukraynanın yeni tax-tacının rəhbəri “Batkovşina” partiyasının sədri Arseni Yasenyuk, “Udar” partiyasının sədri Vitali Kliçko və həbsdən yenicə çıxan keçmiş baş nazir Yuliya Timoşenko üçlüyündən biri olacaq.

Ekspertər hesab edirlər ki, adları çəkilən şəxslər arasında prezidentliyə ən potensial namizəd Arseni Yasenyukdur. Onun Qərblə sıx əlaqələri Yasenyuka prezidentliyə gedən yolda “yaşıl işıq” yandıra bilər. O, ölkənin ali kürüsüsünə daha iddialı təsir bağışlayır.

Vitali Kliçkonun siyasi səriştəsizliyi onun Yasenyukdan bir addım geridə durmasına gətirib çıxara bilər. Söz yox ki, Maydan olaylarında Kliçko sonadək mübarizlik nümayiş etdirərək xalqın yanında oldu. Hakimiyyətlə qanlı “döyüşlərdə” sonadək mübarizə apardı. Bu şücaəti ilə Kliçko istər Qərb dövlətləri tərəfindən, istərsə də xalq arasında müsbət imic qazanmış oldu.

Həbsdən çıxar-çıxmaz prezidentliyə namizədliyini verəcəyini bəyan edən keçmiş baş nazir Yuliya Timoşenkonun seçkilərdə qalib gəlməsi sual altındadır. Ən azından Yanukoviç iqtidarını devirməyi bacaran Kliçko və Yasenyukun Timoşenkoya prezidentlik kürsüsünü rahatlıqda verməsi inandırıcı görünmür. Bu baxımdan Timoşenkonun prezident seçiləcəyi böyül sual altındadır.

Bundan əlavə bəzi analitiklər hesab edirlər ki, Ukraynada növbəti qarşıdurma seçki ərəfəsində müxalifət daxilində baş verəcək. Yəni, şəxsi ambisilar müxalifətin həmrəylini poza bilər.

Hadisələrin necə inkişaf edəcəyi və bunun Ukraynaya hansı təsirlər göstərəcəyi barədə suallarımızı politoloq Elman Nəsirov cavablandırıb.

O, Ukrayna hadisələrini AzVision.az-a şərh edib və öz proqnozlarını diqqətə çatdırıb.

“İstənilən halda Ukrayna 2004-cü il Konstitusiyasına qayıtdı. Ukrayna parlamentli prezidentli respublika olacaq. Yəni faktiki olaraq ölkənin prezidenti, müdafiə naziri, xarici işlər naziri və milli təhlükəsizlik naziri təqdimatını edəcək. Onları parlament təsdiqləməlidir. Baş nazirin də təqdimatı olacaq və onu da parlament təsdiqləyəcək. Baş nazir isə hökuməti fprmalaşdıracaq. Bu da o deməkdir ki, ölkədə baş nazirin çox geniş səlahiyyətləri, prezidentin isə məhdud səlhiyyətləri olacaq. Parlamentli-prezidentli respublika quruluşu formalaşacaq. Təbii ki, indi əsas məsələ ölkədə hakimiyyətin, hakimiyyət strukturlarının qurulması məsələsidir və bu istiqamətdə də işlər gedir. Qərbin Ukraynaya köməklik göstərəcəyi barədə də informasiyalar yayılıb”.

Politoloq deyir ki, hazırda gündəmdə olan əsas məsələlərdən biri də Rusiyanın təzyiqidir: “Burada Rusiyanın təzyiqləri ilə bağlı məsələlər də gündəmdədir. Ən mühüm təhlükə Yanukoviçin özünün doğulduğu Donetsk, ümumiyyətlə ölkənin şərq hissəsi ilə bağlı məsələlərdir. Separatçı qüvvələr də çalışır ki, bu vəziyyətdən istifadə edib Ukraynada separatizmi artırsınlar və legitim hakimiyyətin qurulmasına mane olsunlar. Belə vəziyyətdə yeni hakimiyyətin formalaşması labüddür və bu hakimiyyət heç şübhəsiz ki, öz sələflərinin buraxdığı səhvləri təkrarlamamalıdır”.

Siyasi ekspert vurğulayıb ki, yeni qurulan hakimiyyətin güclü olmağı labüddür, əks halda o da Yanukoviçin taleyini yaşaya bilər.
“Ukrayna xalqı sanki inqilab etməyə artıq vərdiş edib. Ən pis hakimiyyət zəif hakimiyyətdir. Ona görə də hesab edirəm ki, Ukraynada formalaşmış hakimiyyət güclü və xalqın yanında olan hakimiyyət olmalıdır. Belə olan vəziyyətdə Ukraynada hadisələrin ağ ssenari üzrə inkişafı mümkündür. Əks halda isə hadisələr yenə də mürəkkəbləşə bilər. Onsuz da hər kəsə bəllidir ki, inqilabdan sonrakı sindrom deyilən bir məsələ var, çalışmaq lazımdır ki, həmin sindromun qarşısı alınsın”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti