Sinqapur möcüzəsi: İnkişafın liberal demokratiyadan kənar modeli

      Sinqapur möcüzəsi:  İnkişafın liberal demokratiyadan kənar modeli
  09 Avqust 2021    Oxunub:8163
Bu gün iqtisadi möcüzəsi ilə tanınan, özünəməxsus inkişaf modeli ilə dünyaya nümunə olan Sinqapurun müstəqillik günüdür. 1963-cü ilədək Britaniya müstəmləkəsi olan Malayziya və Sinqapur müstəqillik qazandıqdan sonra bir dövlət halında birləşmək haqqında müqavilə imzaladılar. Ancaq dövr çox narahat idi, odur ki, Sinqapurun müxtəlif millətlərdən olan əhalisi – çinlilər, malaylar, hindlər arasında qanlı toqquşmalar baş verirdi. Elə bu səbəbdən də cəmi iki ildən sonra, yəni 1965-ci il avqustun 9-da Sinqapur Malayziyanın tərkibindən çıxarıldı. Zorən müstəqil olan kiçik ada çətin duruma düşdü.
2015-ci ildə Sinqapur “millətin atası” saydığı keçmiş baş nazir Li Kuan Yu ilə əbədi vidalaşdı. O düz 31 il, yəni 1959-cu ildən 1990-cı ilədək ölkəyə rəhbərlik etmişdi. 91 yaşlı keçmiş rəhbər çox kasıb bir adanı dünyanın ən varlı ölkələrindən birinə çevirmişdi. Sinqapur xalqının "atası" bu iqtisadi möcüzəyə necə nail olmuşdu və biz azərbaycanlılar onun təcrübəsindən necə faydalana bilərik?

Sinqapurun heç bir təbii sərvəti, hətta içməli suyu belə yox idi, əhalinin böyük qismi xarabalıqlarda dilənçi vəziyyətində yaşayırdı. Kasad büdcəni isə dəhşətli korrupsiya yeyirdi. Malayziyanın tərkibindən çıxdıqlarını elan edərkən baş nazir Li Kuan Yu göz yaşlarını saxlaya bilmirdi. O, bir neçə həftə elə ağır vəziyyətdə oldu ki, uzunmüddətli xəstəlik kağızı aldı. O zaman kimsənin ağlına belə gəlməzdi ki, Sinqapur bir neçə onillik içərisində planetimizin maliyyə paytaxtlarından birinə çevriləcək. Adam başına düşən ÜDM isə yüz dəfə artaraq 64 011 dollar olacaq. Bu, dünyada ən yüksək göstəricilərdən biridir. Müqayisə üçün bildirək ki, 2017-ci ildə bu göstərici Rusiyada 11 326, Türkiyədə 9346, Azərbaycanda 4569 dollara bərabər olub.


Li Kuan Yu müstəqillikdən dərhal sonra yeni ölkənin multikulturalizm ideyası əsasında qurulacağını, bütün dinlərə hörmət olunacağını, bütün millətlərin bərabər hüquqlar alacağını elan etdi. Bu ideya Sinqapura hava və su kimi lazım idi, çünki ölkədə bir çox millətlər və dinlər bir arada mövcud idi: əhalinin 76,8%-ni çinlilər, 13,9%-ni malaylar, 7,9%-ni hindlər, ərəblər, yəhudilər və digərləri təşkil edirdi. Əhalinin 40% buddist, qalanları isə xristian, müsəlman və digər dinləri təmsil edirlər.

Yeni ölkənin milli ideyası gəlişigözəl vətənpərvərlik şüarları deyil, rifaha, qanunlara və ədalətə əsaslanan rasional praqmatizm oldu.

İqtisadiyyatda dünya bazarındakı rəqabətə davamlılıq əsas götürüldü. Hökümətin prioritet elan etdiyi sahələrdə fəaliyyət göstərən istər yerli, istərsə də xarici müəssisələr vergidən azad edilir, digər müxtəlif üsullarla həvəsləndirilirdi. 1970-ci illərdə bu sahələr – neft emalı, yüngül sənaye, gəmiqayırma, ondan sonra isə elektronika və yüksək texnologiyalar idi. Bu cür şirkətlər 5 il müddətinə gəlir vergisindən və rüsumlardan azad edildilər. Nəticə o oldu ki, Sinqapur düz beş il bütün dünyada biznes qurmaq üçün ən əlverişli ölkə kimi tanındı. Xarici şirkətlərin Sinqapura axını, ölkədə rifah halını yüksəltməklə yanaşı, işsizlik problemini də həll etdi.

“Biz hər bir investoru salamlayırdıq. İstehsala başlayan və biznes qurmaq istəyən hər kəsə kömək etmək üçün dəridən-qabıqdan çıxırdıq”, – Li Kuan Yu “Üçüncü dünyadan birinciyə” adlı memuarlarında həmin dövrü xatırlayaraq yazır.


Prioritet sahələrdən biri kazino sektoru oldu. Hazırda Sinqapur öz miqyasına görə bu sahədə Makao və Las-Veqasdan sonra üçüncü yerdədir. Yerli əhalinin oyun asılılığı ilə mübarizə aparmaq üçün isə ölkə vətəndaşlarının kazinolara girişi pulludur – 73 dollar.

Sinqapur “Formula – 1” yarışlarının gecələr keçirildiyi yeganə ölkədir və bundan yüksək gəlir götürür.

Lakin müəyyən sahələri prioritet edən hökümət, bəzi sahələrin qayğısına lazımınca qalmayıb və həmin sahələr, demək olar ki, ölüblər. Məsələn, ölkəyə demək olar, bütün ərzaq məhsulları idxal olunur. Elektrik enerjisi də həmçinin. Sinqapurda kənd təsərrüfatı və elektrik enerjisi istehsalı müəssisələri yoxdur, amma elektronika, gəmiqayırma və maliyyə xidməti sektoru inkişaf edib.
Sinqapurda təbii ehtiyatlar olmasa da, ölkə açıq dənizdə neft çıxarılması üçün platforma istehsalında dünya lideridir. Ümumiyyətlə, hökümət dünya iqtisadiyyatının flaqmanı olacaq sahələri müəyyən edərək, ilk növbədə onlara sərmayə qoymağa çalışır. Məsələn, bu gün Sinqapurda biotexnologiyalarla maraqlanırlar.

Ölkə özünün coğrafi mövqeyinin üstünlüklərindən maksimum faydalanmağa çalışır; Sinqapur limanı dünyada Şanxay limanından sonra ikinci yerdədir. “Çanqi” hava limanı isə iki il dalbadal Asiyanın cənub-şərqində ən çox sərnişin qəbul edən aviasiya məntəqəsi olub: ildə 36 milyon nəfər.

Sinqapurda vergi sistemini maksimum sadələşdiriblər: burada cəmi 5 vergi növü var ki, onlardan biri proqressiv gəlir vergisidir. Vətəndaşların gəlirləri artdıqca daha çox vergi ödəyirlər.

Ölkəyə gətirilən 4 məhsul növündən vergi tutulur: avtomobillərdən, alkoqoldan, tütün məmulatlarından və neft məhsullarından. Sakinlərin özlərinin yaşadığı daşınmaz əmlakdan 4%, kirayə verdiklərindən 10% vergi tutulur.


Sinqapurda ictimai nəqliyyat daha populyardır, avtomobil sahibi olmaq üçün çox varlı olmaq lazımdır. Maşın almaq istəyənlər onun qiymətinin 150%-i miqdarında vergi ödəməli, üstəlik 42 min dollara da avtomobil idarə etməyə görə sertifikat almalıdırlar. Ancaq cəmi 718 kv.km ərazisi olan ölkə üçün maşın o qədər də vacib deyil.

Sinqapurun əsas resursu insandır. Odur ki, dövlət təhsilə, səhiyyəyə və insanların təlim-tərbiyəsinə böyük vəsait ayırır. 1970-ci illərdən etibarən ölkənin bütün məktəblərində ingilis dili vacib fənn kimi tədris olunur, ali məktəblərin hamısında isə dərslər ancaq ingiliscədir . İngilis dili – malay, mandarin (çin dilinin bir dialekti) və tamil dili ilə yanaşı Sinqapurun rəsmi dillərindən biridir. Bundan başqa, 1980-ci illərdə hökümət tələbələrin dünyanın nüfuzlu universitetlərində təhsil almasına pul ayırmağa başlayıb. Nəticədə burada hamı ingilis dilini yüksək səviyyədə bilir, çoxlarının nüfuzlu beynəlxalq universitet təhsili var. Bu isə dünya bazarında rəqabətə davamlılığı təmin edir. Lakin Sinqapur əldə etdikləri ilə kifayətlənmək istəmir və büdcənin 20%-ni təhsilə xərcləməyə davam edir. Burada daim müəllimlərin nüfuzunu və səlahiyyətlərini artırmağın qayğısına qalırlar.

Sinqapur dünyada uşaq ölümü səviyyəsinə görə ən aşağı yerlərdən birini tutur, burada orta ömür kişilər arasında 79, qadınlar arasında 83 yaşdır. Bu nəticə məcburi tibbi sığotra sayəsində əldə olunub. Ölkədə səhiyyə güclü inkişaf edib, insanlar sağlam həyat tərzi keçirirlər.


Hökümət təhsil almaq və ailə qurmaq istəyən vətəndaşlara vaxtaşırı vergi güzəştləri təklif edir. Yüksək təhsilli qadınlar arasında sonsuzluq problemi ilə üzləşən hökümət uşaq doğacaqları təqdirdə onlardan alınan vergini azaldır.

Sinqapurda korrupsiyanın kökünün kəsilməsi və xarici kapitalın ölkəyə cəlb olunması nəticəsində, hələ 1970-ci illərdə insanların mənzil və yaşayış şəraitini yaxşılaşdırmaq üçün vəsait ayrılmasına başlanılıb. Hazırda ölkənin bütün vətəndaşlarının, hətta ən yoxsulların belə daşınmaz əmlakı var: onlara güzəştli ipoteka kreditləri verilir.

Cinayətkarlığın səviyyəsinə görə də Sinqapur dünyada ən aşağı yerlərdən birini tutur. Burada iki-üç ay ərzində nəinki ağır cinayətlər, xırda oğurluqlar belə olmur. Bəlkə də, bu hələ də Kuan Yunun özünün də xoşladığı bambuk ağacı ilə cəzalandırmanın nəticəsidir. Sinqapurda yerli mühafizəçilərdən birini hərbi heykəlin üzərinə “demokratiya” sözünü yazdığına görə üç ağac zərbəsi ilə cəzalandırmış və üç ay azadlıqdan məhrum etmişdilər. Sinqapur sakinləri öz ölkələrini zarafatla “cərimələr ölkəsi” adlandırırlar. Burada hətta xaricdən saqqız gətirməyə görə də bir neçə il cərimə tətbiq olunub. Sinqapurda ictimai yerlərdə burun silməyə, tüpürməyə, hətta ictimai ayaqyoluları özündən sonra yumamağa görə cərimə var. Metroda yemək yeməyə görə 500 Sinqapur dolları (370 ABŞ dolları) cərimə alınır. İcazə verilməyən yerlərdə siqaret çəkməyə görə cərimə isə bundan iki dəfə artıqdır. Bunun üçün xüsusi ayrılmış yerlərdən başqa isə heç bir yerdə bu zərərli vərdişə icazə verilmir.

1990-cı illərdə ölkədə saqqız satmaq, çeynəmək qadağan olunmuşdu. Baş nazir saqqızın ölkəyə ziyan vurduğunu, çünki kommunal xidmətlərin onu daim avtobuslardan, küçələrdən, parklardan qoparmaq üçün əziyyət çəkdiklərini söyləyəndə xarici KİV nümayəndələri heyrət etmişdilər. Ancaq bu qanun bir neçə ildən sonra ləğv edildi.


Baş nazir Li Kuan Yunu bu günə qədər təkcə saqqız məsələsinə görə tənqid etmirlər. Onu əsas etibarilə ölkədə demokratiyanın olmamasında, KİV-ə tam nəzarət etməkdə və istənilən etiraz aksiyalarına qadağa qoymaqda suçlayırlar. O, demokratik idarə rejimində sürətli iqtisadi möcüzəyə o qədər də inanmadığını heç vaxt gizlətməyib. Li Kuan həmişə “möhkəm əl” nəzəriyyəsinin tərəfdarı olub və hesab edib ki, Qərb bir çox məsələlərdə həddən artıq liberal davranır, buna görə də nizam-intizamı təmin edə bilmir. Li hökümətinin ünvanına olan heç bir tənqidi qəbul etmirdi, buna görə bəzi müxalifətçiləri həbsə atmışdı. Li Kuanın partiyası 1959-cu ildən hakimiyyətdədir və hazırda ölkə parlamentində cəmi altı müxalifətçi var. Sinqapurda mediaya hələ də hökümət nəzarət edir və ölkə “mətbuat azadlığına” görə daim dünyada ən sonuncu yerlərdən birini tutur.

Li Kuan Yu korrupsiya haqqında deyirdi: “Korrupsiya ilə mübarizə aparmaq üçün üç ən yaxın dostunuzu həbs edin. Bunun səbəbini siz də bilirsiniz, onlar da biləcəklər”. Yalnız baş nazir özü bu qaydaya əməl etdikdə bu, “gəlişigözəl” söz olmayacaq. O doğrudan da ölkədə xüsusi anti-korrupsiya orqanı yaratdı. Xalq bu orqana “Yolxucu acgözlüyü araşdırma bürosu” deyirdi. Ona avtoritar səlahiyyətlər verilmişdi. O, şübhəliləri məhkəməsiz saxlaya, axtara, hesablarını yoxlaya bilərdi. Hətta Li Kuanın öz ailəsini və silahdaşlarını da yoxlayırdılar. Səs-küylü hadisələrdən biri 1987-ci ildə iqtisadi inkişaf naziri Te Çin Vanq ilə bağlı idi. O həm də Li Kuanın silahdaşı və yaxın dostu idi. Onun yarım milyon Sinqapur dolları məbləğində iki dəfə rüşvət aldığı müəyyən olunmuşdu. İstintaqdan xəbər tutan Te Çin Vanq baş nazirə məktub yazdı və intihar etdi. Baş nazirin parlament tribunasından oxuduğu məktubda deyilirdi: “Mən bir abırlı centlmen olaraq öz səhvimə görə ən yüksək cəzaya layiqəm”. Bu bütün digər yüksək vəzifəli korrupsionerlər üçün xəbərdarlıq idi və çoxları ölkədən qaçdı. Ancaq rüşvətə görə bu günədək də həbsdə olanlar var.
Korrupsiya üçün şərait yaradan və prosedurları mürəkkəbləşdirən bütün qanunlar (xüsusilə də, vergi qanunları) maksimum sadələşdirildi. Əksər lisenziya növləri ləğv olundu. Hakim vəzifələrinə ölkənin ən yaxşı, nüfuzlu vəkilləri təyin olundu və hakimlərin maaşı ildə bir neçə yüz min dollara çatdırıldı. Bütün dövlət məmurlarının məvacibləri də iri şirkətlərdəki maaşlara çatdırıldı.

Nadir Qocabəyli
Azvision.az


Teqlər: Sinqapur   Li-Kuan-Yu  





Xəbər lenti