Məğlubu var, qalibi yox: Çaldıran döyüşündən 507 il keçir

      Məğlubu var, qalibi yox:    Çaldıran döyüşündən 507 il keçir
  23 Avqust 2021    Oxunub:9691
Çaldıran döyüşündən nə qədər çox danışılsa, nə qədər yazılsa da, yenə də barəsində düşünməyə və danışmağa açıq mövzudur. Hərçənd, burada düşünülməsi vacib olan 23 avqustda baş vermiş toqquşmanın özündən daha çox, onun fəlsəfi-dini, ideoloji-siyasi bünövrəsi, hadisələri bu nöqtəyə daşıyan dərin tarixi zaman xəttidir. Gəlin bu xəttin A nöqtəsini VII əsrdən başladaq.
Şiəliyi İsmayıl siyasiləşdirib?

Bəzən belə fikirlər eşidirik ki, şiəliyi Şah İsmayıl gündəmə gətirib, yayıb və müsəlmanlar arasında əsrlərdir kəsilməyən qanın memarı odur. Doğrudurmu? Əlbəttə ki, yox!
Əslində şiəliyin tərəqqi və təşəkkülünü İslam peyğəmbəri Məhəmməd ibn Abdullahın dövründə axtarmaq lazımdır. Məsələnin fəlsəfi və mənəvi tərəfini təhlil etmək vaxt itkisidir. Belə ki, mövzu ilə bağlı əsrlərdir ortaq məxrəc tapılmayıb. Lakin zənn edirəm, şiəliyin ideoloji-siyasi xətt olaraq orataya çıxmasını 656-ci ildə Əli ibn Əbu-Talibin xəlifə olmasından dərhal sonra, Müaviyə ibn Əbu-Süfyanın Aişə bint Əbu-Bəkrin, Zübeyr ibn Əvvamın, Təlhə ibn Übeydullah və digər nüfuzlu şəxslərlə ittifaq yaradaraq, Əlinin xəlifəliyinə qarşı çıxması və tərəflər arasında baş vermiş Cəməl savaşı ilə başlatsaq, yanılmarıq. Əlinin dəstəkçiləri özlərini “Şiə”, daha dəqiq, “Şiətül Əli”, yəni Əli tərəfdarları adlandırırdılar.
Bir il sonra Əli və Müaviyə arasında baş vermiş Siffeyn döyüşü, ardından 4 il sonra Əlinin sui-qəsd nəticəsində öldürülməsi və bu qətldə Əli tərəfdarlarının, yəni şiələrin əks cəbhəni ittiham etməsi, iki məzhəb, iki tərəf, iki partiya arasında ixtilafın və mübarizənin əbədi olmasının əsasını qoyur. Bu tarixdən şiəlik həm ideologiya, həm də məişət sferasında hakim zümrədən müxalif və narazı təbəqənin istinad məqamına və döyüş bayrağına çevrilir. Ardından həm Əməvi, həm də, Abbasi xəlifələri zamanında şiəliyə mənsub icma, eyni zamanda bu icmadan olanlar və əhli-beyt ciddi təqib olunur, işgəncələrə məruz qalırdılar.

Müxalifət iqtidara gəldimi?

Gəldi! Qızılbaş Səfəvi dövləti tarixin ilk şiə dövləti deyil.
Hələ 909-cu ildə Übeydüllah Əl-Mehdinin qurduğu Fatimilər dövlətində rəsmi din şiəlik elan olunmuşdu.
Suriyadan Atlantik okeanına, Sudandan Siciliya adasına qədər ərazini əhatə edən, Qahirə şəhərinin bünövrəsini qoymuş şiə xilafəti sünni Səlahəddin Əyyubinin 1171-ci ildə bu dövlətin varlığına son qoymasına qədər səltənət sürmüşdü.
Eyni dövrdə Fatimilərlə yanaşı İranda Büveyhi dövləti (934-1062) də mövcud idi ki, rəsmi dini şiəlik olan Büveyhilərin varlığına türk hökmdar Mahmud Qəznəvi son qoyur.

Qardaş qırğınını Şahmı başlatdı?

Bəzən belə fikirlər də səslənir ki, Şah İsmayıl şiəliyi qəbul edib, əks məzhəbə bağlı Osmanlıya qarşı gəlməklə, iki qardaş xalq arasında ixtilafı başlatmışdı. Bu, həqiqətən belədirmi?
Əlbəttə ki, xeyr!
Səfəvi-Osmanlı döyüşlərindən daha əvvəl, sünni Ağqoyunlularla sünni Osmanlılar arasında xeyli ağır və onillərlə davam edən döyüşlər baş vermişdi.
1461-ci ilin Qoyluhisar döyüşündə Ağqoyunlular qalib gəlsə də, eyni ilin 15 avqustunda II Mehmet Trabzonu işğal edib, Uzun Həsənin qaynı, sonuncu Trabzon hakimi Davud Kommeni edam etdirir və Trabzon hakimliyinin varlığına son qoyur. Uzun Həsənin anası Sara Xatun bunun baş verməməsi üçün Mehmetə “dil töksə” də, heç bir nəticəsi olmur.
Artıq ox yaydan çıxmış, iki qardaş xalq arasında uzun əsrlər davam edəcək qanlı münaqişəyə start verilmişdi.
1471-ci ildə Qeysəriyyədə Ağqoyunlu və Qaramanlıların birləşmiş qüvvələrinə məğlub olan Osmanlılar 1472-ci ilin 18 avqustunda Konya döyüşündə qalib gələrək, Ağqoyunlu sərkərdəsi Yusif Mirzə başda olmaqla, Uzun Həsənin 3 oğlunu edam etdirirlər.
II Mehmet və Uzun Həsənin müharibəsi bununla bitmir. 1473-cü il avqustun 4-də Malatya döyüşündən sonra Aralıq dənizinə qədər yaxınlaşan Uzun Həsən cəmi 1 həftə sonra Otluqbeli adlanan yerdə II Mehmetə uduzaraq, geri çəkilir.
Bütün bunlardan göründüyü kimi, Osmanlı və Azərbaycan türkləri arasındakı döyüşlər nə dini, nə də etnik zəmində baş verirdi. Səbəb ərazi və bölgə ağalığı uğrunda mübarizə idi ki, eyni proses sonradan Osmanlı və Azərbaycan Səfəvi dövləti timsalında davam etdi.

Səfəvi ordeninin siyasi mübarizəyə qoşulması


Osmanlılarla uzun və qanlı müharibələrdən sonra, Ağqoyunluların mərkəzi hakimiyyəti zəifləyir, taxt uğrunda mübarizə başlayır. Uzun Həsənin oğlu Yaqubdan (1478-90) sonra ölkədə mütəmadi şəkildə çevrilişlər, hər çevrilişin nəticəsində də hakimiyyət dəyişikliyi dövrü başlayır. Təsadüfü deyil ki, cəmi 10 il ərzində Ağqoyunlu taxtına 6 yeni hökmdar (Baysunqur, Rüstəm, Gödək Əhməd, Sultan Murad, Əlvənd Mirzə) çıxır.

Bütün bunların fonunda mərkəzi hakimiyyət tamamilə dağılır və ölkədə de-fakto çoxhakimiyyətlilik yaranır. Məsələn, Əcəm İraqı və Fars vilayətində Sultan Murad (Bu həmin Muraddır ki, 1503-cü il, Almaqulağı döyüşündə İsmayıla məğlub olur və Ağqoyunlu dövləti rəsmən tarixə qovuşur), Yəzddə Murad bəy Bayandur, Əbərkuh vilayətində Məhəmməd Kərrə, İraqi-Ərəbdə Bərik bəy Pörnək, Diyarbəkirdə Qasım bəy (Osmanlı işğalı təhlükəsilə ciddi üz-üzə idi), Kaşanda Qazi Məhəmməd, Kirmanda Əbülfət Bayandur, Xorasanda Hüseyn Mirzə, Qəndəharda Əmir Zünnun, Bəlxdə Bədü-əs-Zəman və digər bölgələrdə bir çox başçılar faktiki olaraq öz müstəqilliklərini elan etmiş, mərkəzə tabe olmaqdan boyun qaçırmışdılar .
Dövlət xəzinəsi boşalır, şəhərli və kəndlilərin vəziyyəti kritik həddə çatır, məhsuldarlıq azalır, vəba-taun kimi infeksion xəstəliklərin yayılması genişlənir, kəndli üsyanları bir-birini əvəzləyirdi.
Azərbaycan dövlətçiliyinin ciddi təhlükə altında olduğu bu vəziyyətdə Səfəvilər siyasi hegemonluq qazanıb, Azərbaycanda vahid dövlət və güclü mərkəzi hakimiyyət yaratmasaydılar, bütün Azərbaycanı Osmanlı işğalı təhlükəsilə baş-başa qalacaqdı.

Səfəvilər kimdirlər?

Dediyimiz kimi, hələ 7-ci əsrdən müxalif təbəqənin narazılığı özünü adətən, şiəliyin timsalında büruzə verirdi. Azərbaycan isə peripatetizm mərkəzi idi. Yəni yunan fəlsəfi məktəbinin xüsusiyyətlərini mənimsəyərək, spesifik inkişaf yolu keçmiş təriqətlər Azərbaycanda özünə münbit şərait tapmışdı. Dövrün tanınmış peripatetik simalarından Siracəddin Urməvi, Əfzələddin Xuməci, Səfiəddin Urməvi, Nəsrəddən Tusi, Əl-Kindi, Əl-Fərabi, İbn-Sina, Bəhmənyar və başqalarını göstərmək olar.

Panteizmlə birbaşa əlaqəli inanc xəttləri o qədər çox yayılmışdı ki, Azərbaycanda sufiliik geniş vüsət almışdı: Hürufilik, Nöqtəvilik, Bektaşilik, Əxilik, Xəlvətiyyəlik... Bu təriqətlərdə əksər hallarda qədim türk-şamanist inanclarının da təzahürü görünürdü ki, bunun ən yüksək nöqtəsi məhz Qızılbaşlıq oldu. Dolayısıyla qızılbaşlığın təşəkkülündə klassik islam ənənəsi yox, əsasən mistik-panteist səciyyəli ideologiya bünövrə rolunu oynamışdı.

Səfəvi nəslinin banisi Şeyx Səfiəddin Ərdəbili (1252-1334) idi. Həmin dövrdə bu hərəkat Azərbaycan, İran, İraq və Anadoluda sürətlə yayılırdı. Səfiəddinin ölümündən sonra təriqətə sıra ilə Şeyx Sədrəddin Musa, Şeyx Xoca Əfəndi, Şeyx İbrahim rəhbərlik edirlər.
Doğrudur, Səfəviyyə təriqəti yuxarıda adları çəkilən şeyxlərin zamanında sünni-sufi xəttinə aid olsa da, zamanla sufizm-panteizm ilə qidalanmış və artıq Şeyx Cüneydin (12 imam şərəfinə 12 bürclü qırmızı qızılbaş papağı onun dövründən taxılmağa başlayır) dövründə şiəlik təliminə keçilmişdi ki, bu, həmin dövrdə mövcud siyasi müxalifəti öz tərəfinə çəkmək və siyasi mübarizədə önəmli füqura çevrilmək məqsədi daşımışdı. Nəticədə mövcud siyasi, ictimai, iqtisadi vəziyyətdən narazı olan bütün qüvvələr Səfəvilərə qoşulmağa başlamışdı. Şiəlik mübarizə bayrağı sayılırdı.
Cərəyan nəinki Azərbaycan, İran, İraq, eyni zamanda, Anadoluda da geniş yayılmışdı. Əslinə baxsaq, Osmanlı dövlətinin özündə də şiə-sufi ənənəsi dərin köklərə sahib idi. Bu fakt Osmanlı şahzadələrinin andiçmə mərasimi nitqlərində də özünü göstərirdi:
“Ya Əli!
Ey Müaviyyə ümməti, ey Məhəmməd düşməni, siz küfrani, biz şükrani!”

Yəni şahzadə Müaviyyəni Məhəmməd düşməni, küfr sahibi, özünün isə Əli tərəfdarı və şükr sahibi olduğunu bildirir.
Yeniçəri and içərkən, ardınca da “yolumuz Bektaşi yolu” deyirdi.
Bu onu göstərir ki, Osmanlıda, daha dəqiq, Osmanlının türk əhalisi arasında da şiəlik - ələvilik, bektaşilik, qızılbaşlıq dərin kök salmışdı.
Bektaşilər - Osmanlı sultanının arxasında dayanan, dövlətin müqəddəratında böyük rol oynayan güc idilər. İkinci Vyana mühasirəsi ərəfəsində Osmanlılara əsir düşmüş italiyalı mühəndis və coğrafiyaçı Marsigli Lui Ferdinando yazırdı ki, yeniçəri məskənində Bektaşi adı çəkiləndə bütün alay ayağa dururdu.

Osmanlı sərhədlərindəki Qızılbaşlıq o qədər dərin kökə sahib idi ki, ölkədə bu təlimin inkişaf istiqamətini araşdırmış Vladimir Aleksandroviç Qordlevski yazırdı: “Hətta 19-cu əsrdə yalnız qorxu hissi Osmanlı qızılbaş-ələvilərini islamdan imtinadan çəkindirir, çünki onlar panteizmə əməl edir, insan ölümünü materiyanın sonu kimi görür, materiyanın sonunu isə onun yeni formada təzahür edəcəyi ilə əlaqələndirirdilər”.

Belə çıxır ki, Qızılbaşlıq həm Səfəvi dövləti hüdudlarında, həm də ondan kənarda mistik-panteist təlimə bağlı olan, etirazçı şiəliyi ehtiva edən bir ideologiyanı mənimsəmişdi. Bu, həm narazı xalqın etiraz istinadgahına çevrilmiş, həm də yeni yaranacaq dövlətin kənardan gələcək təsir və təzyiq altında əzilməməsi üçün bünövrə olmuşdu.
Nəticədə Qızılbaşlıq yeni yaranan Azərbaycan-Səfəvi dövlətinin ideoloji əsasını, dövlətçilik bünövrəsini təşkil etdi.

Qızılbaşlıq və Tenqriçilik (Şamanizm)

Qızılbaşlıq yeni növ şiəliklə sufi inanclarının, eyni zamanda, qədim türk ənənələrinin sintezinə çevrilməyə başlamışdı. Qızılbaşlara qədər ənənəvi sayılan şiəlik İsmaililik idi ki, burada imamət 6-cı imama qədər qəbul edilirdi. Qızılbaşlar isə əsasən, imamiyyə və yaxud Cəfərilik təriqətinə meyl etdilər; burada imamların sayı 12-yə çatmışdı. Üstəlik, bu inanc sisteminə klassik sufizm və qədim tenqriçilik-şamanizm inancları da əlavə olunmuşdu ki, cəmi 3-4 əsr əvvəl islamı qəbul etmiş şamanist-tenqriçi türk toplumları ata-baba inanclarından qopmadan, yeni təlimə isinişə bilsinlər.
Şiəliyin içindəki şamanizm nişanələri hansılardır?


Qədim türklər:
- Gök Tanrı ilə əlaqəni birbaşa qurmaz, şamanlar vasitəsilə edərdilər. Qızılbaşlıqda bu şaman modelini 12 imam əvəzləməyə başladı.
- Arzularının həyata keçməsi üçün tanrıya qurban və ya ruhlara ehsan vəd edərdilər.
- Arzu tutub, ağaclara paltarlarından parça bağlayardılar.
- Yola çıxanın arxasınca su atar, kimsə gözə gəlməsin deyə, başına yandırdıqları otların tüstüsünü çevirərdilər.
- Ölən əzizləri üçün üç, yeddi, qırx, il mərasimləri keçirər, ölüləri üçün sinə döyüb, qəmli nəğmələr oxuyardılar.
- Yeni doğulan körpəyə 40 gün karantin tətbiq edərdilər.
(Ümumiyyətlə, həm dünyaya gələnə, həm də dünyadan gedənə 40 saxlamağın qədim türk inancında özəl yeri var. Bu türklərdə dünya nizamının qurulma müddətinə işarədir. Maraqlıdır ki, Xətai yaradıcılığında da 40 rəqəminə rast gəlirik:
Qırxlar meydanına vardım,
Gəl bəri, ey can, dedilər.
İzzət ilə salam verdim,
Gəl, iştə meydan dedilər.)

- Bəzəkli daşları boğazlarına bağlayırdılar. Çünki bu daşların onları qoruduğuna inanırdılar (göz muncuğu).
- Yeni gəlinin ayağı altında boşqab sındırardılar.
- Ölülərin məzarlarına su tökər, məzarları daş və ya mərmərdən hazırlayardılar (İslamiyyətdə isə məzar gizli qalmalıdır).
- Fəlakət uzaq olsun deyə, qulaq dartıb, 3 dəfə bərk səthə vurardılar.
- Matəm və bayramlarda qopuz çalıb, nəğmələr oxuyar, bədahətən gələn şeirlər deyərdilər.
- Xüsusi günlərində qadınlı-kişili bir araya gələr, şeirlər oxuyub, rəqs edərdilər. Bu adət bu günə qədər Türkiyədəki mərasimlərdə özünü göstərməkdədir.
- Önəmli nəsnəni qızıla bürüyərdilər. Tarixdən bilirik ki, qədim türklər önəmli şəxsiyyətlərin cəsədlərini, yaxud, bədən əzalarını qızıla tutduqdan sonra dəfn edərdilər. Maraqlıdır ki, İsmayıl Səfəvi Şeybani xanı Şeybəyi məğlub etdikdən sonra onun “boş” başını qızıla qərq edib, Osmanlı sultanı II Bəyazidə göndərmişdi.

Gördüyünüz kimi, şiəlikdən günümüzə yadigar kimi bildiyimiz onlarla, bəlkə də, yüzlərlə davranış bizə islamdan yox (bütün bunlar ortodoksal islamda nəinki dəstəklənir, əksinə, bidət və küfr kimi qarşılanır), qədim türkçülükdən yadigardır ki, adına şiəlik (qızılbaşlıq) deyirik.

İsmayıl Şiə idimi?!

Uçmaqda tuti quşuyam,
Ağır ləşkər ər başıyam,
Mən SUFİLƏR yoldaşıyam,
Qazilər, deyin, şah mənəm.

Nə yerdə əksən bitərəm,
Handa çağırsan yetərəm,
Sufilər əlin tutaram
Qazilər, deyin, şah mənəm.


Bu, Şahın şeiridir...
“Mən sufilər yoldaşıyam, qazilər deyən şah mənəm, Sufilər əlin tutaram, Qazilər deyin şah mənəm...” deyən birini şiə-müsəlman saymaq olarmı? Şah şiə-müsəlman idisə, “sufiyəm” deyənləri təqib edən Əmir Teymur kim idi?!

Xətaiyəm, bir halam,
Əlif üstündə dalam.
Sufiyəm təriqətdə,
Həqiqətdə abdalam.

İsmayılın şeirlərinə baxanda aşkar görünür ki, onun sufiliyə, hətta hürufiliyə böyük rəğbət və meyli olub. Məsələn, “Ki adəm cildinə girmiş xuda gəldi, xuda gəldi” yazan biri ortodoksal İslam tələblərinəmi sadiqdir, yoxsa, sufidir?!
Nəzərə alsaq ki, Şah İsmayılın sarayında Şüruri və Tüfeyli kimi böyük hürufi şairləri, hürufi fəlsəfəsini təbliğ edən imzalar yaşayıb-yaradıblar, sarayda onlar üçün münbit mühit formalaşdırılıb, İsmayılı şiə, hətta, ortodoksal müsəlman saymaq olarmı?!
Axı həmin dövrün dini ehkamları bu və bu kimi adamları nəinki müdafiə etməməyi, əksinə, edam etməyi əmr edirdi – necə ki, Mənsur Həllacı və İmadəddin Nəsimini “Ənəlhəqq!” dedikləri üçün dəhşətli edama məhkum etmişdilər,- eyni şüarda israr edən Şüruri və Tüfeyli də edam edilməli deyildimi?!
Amma İsmayıl nəinki edam, əksinə, onları himayə etdi və inkişafları üçün zəmin yaratdı, üstəlik də bu şeiri yazdı:
“Ənəlhəqq sirri uş könlümdə gizli ki, həqqi-mütləqəm mən, həqq söylərəm mən”.

23 avqustdan əvvəl...



Yavuz Səlim şahzadəlik illərindən əsas düşmən olaraq məhz İsmayılı görürdü. Hələ o vaxtlarda Ərzincan və Ərzurum istiqamətlərində Qızılbaş sərhədlərinə basqınlar etmiş, buna görə atası II Bəyaziddən düşmənləri artırdığı üçün irad eşitmişdi.
Səlimin atası Sultan II Bəyazidlə Şah İsmayılın münasibətləri gözə xoş görünsə də, aralarında gizli gərginlik var idi. Belə ki, Sultan Bəyazid İsmayıla yazdığı məktublarda mehriban ata obrazı yaratmağa çalışsa da, Səfəvilərin düşməni Şeybani xana yazdığı məktublarda İsmayılı təhlükə saydığını gizlətmirdi. Əlavə olaraq, hakimiyyətinin son illərində Bəyazid oğlu Yavuz Səlimə Qızılbaşlara hücum etməsini təklif etmiş, Səlim bundan imtina edərək, yalnız sultan olduqdan sonra İsmayılı cəzalandıracağını atasına bildirmişdi.
Burada haşiyəyə çıxaraq vurğulayaq ki, II Bəyazid taxta Səlimin böyük qardaşı Əhmədi vəliəhd təyin etmişdi. Dikbaş Səlim isə bununla razılaşmır, taxt uğrunda mübarizəyə qalxır, Osmanlı tarixində ilk dəfə atasını taxtdan endirmək üçün onun üstünə qılınc çəkir. Maraqlıdır ki, Səlim 1511-ci ilin avqustunda Çorlu düzündə atasına uduzsa da, Bəyazid 24 aprel 1512-də könüllü surətdə taxtdan çəkilir. Buna səbəb olaraq, ordunun Səlimin tərəfində olması, şəhzadə Əhmədi sultan olaraq görmək istəməməsi hesab edilir.
Daha da maraqlı olan budur ki, taxtdan imtina edən Bəyazid ömrünün son günlərini keçirmək üçün Dimetokaya gedərkən, yolda 8 ay əvvəl Səlimi məğlub etdiyi eyni Çorlu düzündə qəflətən ölür.
Səlim atasını mübarizədən kənarlaşdırdıqdan sonra bütün qardaşları və qardaşı uşaqlarını öldürtdürür.
Daxili təhlükə bitmişdi!
Deməli, top atəşinin növbəti koordinatı Təbriz şəhəri olmalı idi. Odur ki, Sultan Səlim Avropadakı düşmənləri - Macarıstan və Venesiya ilə sülh müqavilələri imzalayır, Qızılbaşlara qarşı edəcəyi yürüşün təhlükəsizliyini sığortalayır.

Səbəb yaratmaq...

Səlim Yavuz səbəbi mübahisəyə dini don geydirmək və İsmayılı kafirlikdə ittiham etməkdə tapmışdı. Bu ərəfədə öz ölkəsi və ordusu içində özünə qarşı nə qədər üsyanlar olsa da, vaz keçməmiş, məktublarını quran ayələrilə başlayıb, ardınca şaha təhqir, kin-küdurət qusmaqla davam etmişdi.
Səlimin Şaha yazdığı məktublardan aşkar görünür ki, o, müharibəyə qərar verib və yeniçərinin növbəti mənzili Səfəvi dövləti olacaq.
Səlim İsmayıla ilk məktubundaca döyüşə, Qızılbaş torpaqlarına hücumda qərarlı olduğunu bildirir, təhqirlərlə Şahı savaşa çəkmək üçün əlindən gələni edir.
Yavuz yazır: “Meşədə aslanın nəriltisi yoxdursa, çaqqalın səsi hündürdən gələr! Təcavüzlə şərqi ələ keçirdin. Əmrə tabe olduğun miskin bir guşədən əmr verən əzəmətli saraya qədəm basdın. Müsəlmanların üzünə zülm və əziyyət qapılarını açdın. Sənin və ardıcıllarının mürtəd olması ilə bağlı yekdilliklə fətva verdilər ki, bu da qətlinə səbəbdir. Buna əsasən, zireh və dəmir libas geyindik. Səfər ayında dənizdən (Bosfordan) keçdik ki, zülmkar əl-qolunu qoparıb, təşvişli başından qalib olmaq sevdasını çıxaraq. Uca Allahın köməyilə qələbə çalacağıq və ələ keçirdiyin məmləkətin meydanı tezliklə bizim qalib ordunun düşərgəsi olacaqdır. Bir müddətdir ki, yelbeyinliyin şiddətindən sərdarlıq sevdasına düşmüsən. Əgər mərdsənsə, mərdlərin meydanına çıx ki, taleyin hökmü müəyyən olsun".

Bu cümlələr Səlimin İsmayıla yazdığı ilk məktubdandır və göründüyü kimi, artıq savaşa qərar verilib!
Şah alicənablıq edərək, Səlimə cavab vermir. Amma bu, növbəti (ikinci) məktubda eşidiləcək təhqirlərin qarşısını almır:
“Aldığımız məlumatlara görə, öz çirkin şiələrini məhrəm qadınları halal hesab etməyə və günahsız insanların qanını tökməyə təhrik etmisən! Məscidi xarab edərək bütxana düzəltmisən. Minbərləri zalımcasına dağıdıb, pisliyin yayılmasına səbəbkar olaraq, öz adını bədnam etmisən. İlahi qəzavü-qədər, kafir olanın əcəlini bizim iqtidarımıza həvalə etdiyi üçün o diyara (Səfəvi dövlətinə) istiqamət alaraq "Yer üzündə bir nəfər belə kafir qoyma" (71/26) hökmünü rəhbər tutub, əziz Allahın izni ilə yola düşdük”.

Burada Yavuz artıq yürüşə çıxdığını bildirsə də, şah İsmayıl yenə məktuba cavab vermir.
Yavuzun (Yavuz – qəddar, qaba, zalım, sərt deməkdir) Şaha ünvanladığı üçüncü məktubdan bu cümlələrə də baxaq: “Qoçaq İsmayıl! Səni məğlub etmək məqsədi ilə Şərqə doğru yönəldim. Bu səfərimlə hökmranlıq etdiyin və tabeçiliyində olan torpaq və ərazilər fəth bayrağımın dalğalanması şərəfinə nail olacaqdır. Ərsənsə, meydana çıx!”
Beləliklə, artıq məsələ bitib və Səlim Səfəvi sərhədləri yaxınlığındadır.
Yalnız bundan sonra Şah İsmayıl Yavuzun farsca yazmış olduğu 3 məktuba doğma türk dilində qısa cavab yazır:
“…Sultanlara yaraşmayan ifadələrə gərək yoxdur. Kiminsə sözünə əhəmiyyət vermədən ciddi şəkildə düşün ki, sonrakı peşmançılıq fayda verməz. Bu məktub biz İsfahan torpaqlarında ov edərkən yazıldı. Cavab yazdıq ki, istədiyiniz kimi hərəkət edəsiniz, SEÇİM SİZİNDİR! Sizi çox incitmədən “heç bir günahkar başqasının günahını daşımaz” (Ənam,164) demək istəyirəm ki, əgər (bu) iş müharibə ilə nəticələnəcəksə, süstlük edib yubanma. Lakin sonunu da düşün. Vəssalam!..”
Şah İsmayıl bu məktubu ilə göstərir ki, müharibə istəmir, ümumiyyətlə, müharibəyə hazırlaşmayıb, hazırda ovdadır və Səlimi başqalarının (avropalıların) sözlərinə etimad edib, qardaş üzərinə hücum etməkdən çəkindirməyə çalışır.

Döyüş

Qərar verilmişdi.
Sanki islamı qəbul etmiş Avropa ordusu ilə qədim ənənələrinə sadiq türk oğlu türklərdən ibarət Qızılbaş ordusu qarşılaşmışdı.
Çaldıranda həqiqətən də Osmanlı qoşununun başında islamı sonradan qəbul edib, Osmanlı sarayına girmiş şəxslər – Sədrəzəm Hersoqovinalı Əhməd Paşa (Hersoqovina rəhbəri Stefan Koşacanın oğlu), Bosniyalı Sənan Paşa, Albaniyalı Əhməd Paşa, Bosniyalı Xədim Sinan Paşa və sair.
Səfəvi qoşununa isə Ustaclı Məhəmməd, Lələ Hüseyn, Sanməhəmməd Ustaclı, Durmuş bəy, Sarı Piri Ustaclı, Əfşar Sultan Əli və başqa türk sərkərdələri başçılıq edirdi.
Səfəvilər bu döyüşdə məğlub olurlar.
Səbəblər çoxdur. Ən əsası budur ki, qədim türk döyüş ənənəsinə sadiq Səfəvi ordusu odlu silahlardan istifadəni namərdlik hesab etməklə, qılınclı süvarilərə üstünlük verir, Osmanlı ordusu isə müasir odlu silahlar və toplarla təchiz edilmişdilər.
Burada başqa bir məsələ də ortaya çıxır. Səfəvi ordusunda top yox idimi? Var idi.
Nəinki Səfəvi ordusunda, hətta, Uzun Həsənin ordusunda da top var idi. Lakin bu toplar daşınan yüngül səhra topları deyil, qala müdafilərində istifadə edilən ağır istehkam topları idilər ki, eyni hal Səlimin Məmlük hökmdarı Duman bəyi məğlub etdiyi Ridaniyə döyüşündə də özünü göstərmişdi.
Qaraqoyunlu-Ağqoyunlu-Qızılbaş qoşunları, müdafiə istisna olmaqla, döyüşdə top və tüfəng istifadəsinə döyüşçünün şərəf kodeksindən irəli gələrək, qəbahət kimi baxırdılar.
Bundan başqa lələləri İsmayıla təklif edirdilər ki, Osmanlı qoşunu gəldikcə, onlara gecə basqınları edib, zəiflədək, pərən-pərən salaq. İsmayıl nəinki bunu qəbul edir, ümumiyyətlə, döyüşün olacağına inanmır, Səlimin təcavüzünü ciddi qəbul etmirdi. Belə ki, İsmayıl həmin ərəfədə ovda ikən, əsas qoşunlarını Sultaniyyədə saxlayaraq, Səlimin gücünü ciddiyə almadığını əməldə göstərirdi.
Halbuki, təklif edilən taktika uğurlu olacaqdı. Belə ki, gələcəkdə İsmayıl oğlu Təhmasib (Şah l-Təhmasib Səfəvi) bu formada Səlim oğlu Süleyman Qanuninin Səfəvi yürüşlərini nəticəsiz qoya bilmişdi.


Çaldıran döyüşündə qızılbaşlar uduzsa da, Səlim də qalib gəlmədi. Təbrizdə 10 gündən çox qala bilməyən Səlim məcburən geri çəkildi. Səbəb bu idi ki, Səlimin ordusundakı qızılbaşlar tez-tez üsyanlar edir, Təbriz qışında qıtlıq yaşanır və Şahın ordusunu toplayaraq, əks-hücuma keçməsi ehtimalı böyüyürdü. Hətta İsmayılın göstərişi əsasında Təbrizdə və onun ətrafında olan bütün ərzaq ehtiyatlarının məhv edildiyi bildirilir. Beləliklə, Səlim dözmədi və Təbrizdə girdikdən cəmi 8 gün sonra qoşununu oradan çıxarmalı oldu. Geri çəkildikcə isə adını tarixə din pərdəsi altında qardaş müharibəsi edən düşüncəsiz hökmdar kimi yazdırmış oldu.

Postçaldıran mərhələsi

Artıq aşkar görünür ki, Səlimin niyyəti nə idi və Osmanlı-Səfəvi savaşı din uğrunda yox, məhz ərazi və bölgə ağalığı üçün idi. Çaldırandan sonra Yavuz Səlimin hərbi yürüşləri “kafir” Avropaya yox, əksinə, eyni din, eyni məzhəb və eyni dilə sahib Əlaüddövlə Bozqurdun Dülqədiroğlu bəyliyinə, daha sonra isə türk SÜNNİ Məmlük sultanlığına olur. Baxmayaraq ki, Səlimdən əvvəl Məmlük-Osmanlı münasibətləri yüksək səviyyədə idi, Məmlüklər Osmanlının Balkanlardakı fəthlərini öz uğurları hesab edir, Osmanlıları hər qələbədə təbrik edib, hədiyyələr göndərirdilər, Səlim bu qaydanı pozmaqda qərarlı idi...

24 avqust 1516-cı il Mərcidəbik və 22 yanvar 1517 Ridaniyə döyüşlərinin nəticəsində Sultan Səlim məmlükləri məğlub edir, Məmlük sultanları Qansu Qavri, ardınca Duman bəyi öldürərək, Suriya, Fələstin, Misir, həmçinin, müsəlmanlar üçün müqəddəs sayılan Məkkə və Mədinəni Osmanlı idarəetməsinə keçirib, özünü xəlifə elan edir.
Maraqlıdır ki, həm Çaldıran, həm Mərcidəbik, həm də, Ridaniyədə Osmanlı ordusunun əsas gücü toplar, əks qüvvələrininki isə qədim türk döyüş ənənəsinə sadiq olaraq, süvari qüvvələr idi.
Məmlüklər və Səfəvilər əsl türklər olaraq düşünürdülər ki, igidlik at və qılınc üzərində olur.
Mərcidəbik döyüşündən sonra Səlim çox sayda sünni məmlükü qılıncdan keçirir (Necə ki, bir neçə il əvvəl Anadoluda çox sayda qızılbaşı qılıncdan keçirmişdi). 80 yaşlı Məmlük sultanı Qansu Qavrinin namaz qılarkən başının kəsilməsinə göz yumur.

P.S. Şah İsmayıl Qiyasəddin Mənsur ibn Sədrəddini Marağaya göndərmişdi ki, rəsədxananı bərpa edib, ulduzları araşdırsın. Bundan cəmi yarım əsr sonra isə Osmanlıda III Murad ruhanilərin təşviqilə astronom Təkiəddinin rəsədxanasını bağlatdırır ki, “mələklərin baldırlarına baxmasınlar”.

P.P.S. Osmanlıların girdiyi bütün Azərbaycan (Səfəvi-Ağqoyunlu) torpaqlarındakı alimlərin hamısı köçərək, araşdırmalarını Özbəkistanda davam etdiriblər.

Tural Bakuvi
Tarixçi, bəstəkar
Xüsusi olaraq Azvision.az üçün


Teqlər: Tarix   Çaldıran   Səfəvi   Osmanlı  





Xəbər lenti