“Voroşilov atıcısı”: Cinayətkarlarla mübarizə aparan gəncin real hekayəsi
Real həyatda isə hər şey daha faciəli şəkildə cərəyan edib.
Film Viktor Proninin "Çərşənbə günü qadın" romanı əsasında çəkilib. İstedadlı jurnalist və publisist, detektiv janrında maraqlı əsərlər yaradan məşhur rus yazıçısı Pronin "İnsan və Qanun" jurnalında çalışıb. Bu səbəbdən də dəfələrlə həm axmaq, həm qəddar, həm də mənasız, əxlaqi məsələlərlə bağlı, mübahisəli və inanılmaz cinayət işlərilə rastlaşıb. Amma Dmitri Danilov adlı bir gəncin başına gələn hadisələr onu daha çox sarsıdıb.
Dmitri Danilov Moskvada yaşayan məşhur idmançılardan birinin ailəsində dünyaya göz açıb. Boksçu ata övladını uşaq yaşlarından idmana həvəsləndirməyi bacarıb. O həmçinin Dmitriyə əsl kişi xarakterini, şərəf və ləyaqət anlayışlarını aşılayıb. Beləcə "Dima" deyə çağırılan Dmitri Danilov hər mənada güclü bir gənc kimi formalaşıb. O, boksla yanaşı, karate və şərq döyüş sənəti ilə də məşğul olub. Gənc yaşlarında bir dəfə qəhrəmanlıq da göstəribmiş. İdmançı cüssəli gənc küçədə bir məktəbli qıza sataşaraq yolunu kəsən bir neçə xuliqanın öhdəsindən gəlib. Beləcə, təsadüf nəticəsində Olqa adlı xanımla tanış olur və bu xoşagəlməz hadisə üzərindən yaranan tanışlıq sonradan sevgiyə çevrilir. Dimanın əsgərlik vaxtı gəldikdə, qız onu gözləyəcəyini söz verib. Dmitri Əfqanıstanda Hərbi Hava Qüvvələrində xidmət edir. Onun çətin şəraitdə keçən hərbi xidməti sevdiyi Olqadan gələn həftəlik məktublarla asanlaşırmış. Hərbi xidmətin sona çatmasına bir ay qalmış ardıcıl gələn məktublar dayanıb.
Həmin illərdə Sovetlər birliyi çöküşə doğru gedirdi. Ölkəni nəzarətdən çıxan cinayət hadisələri dalğası bürüyürmüş. İttifaqın müxtəlif nöqtələrində göbələk kimi peyda olan yeni-yeni quldur dəstələri küçələri və rayonları öz aralarında bölürmüşlər. Beləcə sonradan vətəndaşların baş ağrısına çevrilən ilk mütəşəkkil cinayətkar qruplar yaranıb...
Bir axşam Olqa dərsdən evə qayıdırmış. Qəfildən onun ətrafına bir qrup cinayətkar toplanıb. Onlar məsum qızı zirzəmiyə sürükləyərək təcavüz ediblər, daha sonra isə Olqanı döyərək soyublar. Qəddar canilər Dmitrinin sevgilisinin qulağındakı sırğaları belə dartaraq çıxarıblar. Bütün bu qəddarlıq və ağır cinayət hadisəsinə baxmayaraq polis qıza yalnız "gecələr gəzməməyi" tövsiyə edərək yazılı ifadəni belə qəbul etməyib... Bu cür zillət və rüsvayçılığa tab gətirə bilməyən gənc qız Dmitriyə son məktubunu yazıb və ölümcül dozada yuxu dərmanı atıb. Lakin qızın valideynləri intihar öncəsi yazılmış məktubu oğlana göndərməyi məsləhət bilməyiblər.
Dmitri bir neçə həftə gərgin vəziyyətdə olub, heç bir şeyə reaksiya verməyərək öz otağına çəkilirmiş. Yaxınlarının deməsinə görə, o, depressiyadan tez ayılır və bundan sonra nə edəcəyini planlaşdırmağa başlayır. 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində Rusiyada polisin dişsizliyi və pulla ələ alınan hüquq-mühafizə orqanları işçilərinin sayının artması fonunda geniş yayılmış cinayətlərlə yadda qalırdı. Dmitri Danilov ədalətin bərpası üçün yeganə üsulun öz “küçə məhkəməsi”nin qurulmaqda olduğuna qərar verir. O, Olqaya qarşı cinayət törədən quldurları tanımadığı üçün bütün canilərdən qisas almağa çalışır. Yalnız Olqanın ölümü üçün deyil, digər oxşar hallarla üzləşən qızların göz yaşlarına, müdafiəsiz qocaların, qadınların, uşaqların zorakılığa məruz qalmasına və döyülməsinə görə qisas alacağına söz verir. Danilovun belə təhlükəli şəxslərlə mübarizə aparmaqda lazım olan silah üçün pulu yox imiş. Amma bu o qədər də vacib problem olmayıb. O tək başına dəyənəkdən qədim soyuq silahlardan birini "Şestoper"i hazırlayıb. Bu silah Avropada “Morqenştern” yaxud da “Pernaç”, Asiyada isə “Buzdıxan” adlanır. Dmitri artıq otağında üzüqoylu uzanıb sevgilisinin dərdini çəkmir, indi o cani ovçusuna çevrilməyə başlayır. Qisas hissi ilə alışıb yanan gənc küçələrə çıxaraq, cinayət hadisələrinin çox olduğu yerlərdə, ilk növbədə Stroqino mikrorayonunda gəzir. Məhz burada dövrün ən qəddar caniləri Olqaya təcavüz etmişdilər.
Tezliklə yerli polisə qəribə məlumatlar daxil olmağa başlayıb. Məsələn, bir dəfə avara gənclərdən ibarət bir dəstə qocanın pensiyasını əlindən almağa çalışıb. Amma hadisə yerində çoxunun tanımadığı bir oğlan peyda olub və quldurları dəyənəklə döyüb. Onlardan üçü elə hadisə yerindəcə şikəst olub. Dimanın uşaqlıqdan məşğul olduğu idman növləri, və hərbi xidmətdə daha da bərkimiş dəmir bədəni ona bir neçə adamla mübarizə aparmağa kömək olurmuş. Daha sonra polisə daxil olan başqa bir məlumatda bildirilib ki, təcavüzkarlar küçədə qıza hücum etməyə çalışan zaman yenə də dəyənəkli naməlum intiqamçı peyda olub. Bu dəfə cinayətkar dəstənin üzvlərindən biri öldürülür, dördü isə ağır yaralanır.
Sonradan istintaq prosesində canlandırılan hadisənin təfərrüatları isə belə imiş. Dmitrinin müdaxiləsindən sonra cinayətkarlar qızdan əl çəkərək bu naməlum oğlanı əhatəyə alıblar. Onlar Dimaya yeni bir qənimət və əyləncə obyekti kimi baxaraq söyürlərmiş. Ancaq Dmitri bir müddət öncə asfaltda çabalayan qızcığaz kimi müdafiəsiz bir qurban olmadığını sübut edib. O, altı nəfərlə mübarizəyə başlayır və onların liderin üzünə "Şestoper"lə ölümcül zərbə endirir. Bunu görən quldurlar öz rəhbərlərini hadisə yerində qoyaraq dəhşət içində, qışqırıqlarla qaçıblar. Maraqlıdır, Yuriy Kapitonov adlı həmin cinayətkar dəstənin rəhbəri Olqanı zorlayanlardan ola bilərdimi? Bax bunu heç kim dəqiq deyə bilməzdi. Amma bir məsələni dəqiq söyləmək olardı ki, vaxtında polisin cəzalandırmadığı və rüşvət hesabına dəfələrlə cəzadan yayına bilmiş bu cinayətkar haqlı şəkildə “ədalət dəyənəyi” yeyib. Bu cümlələr sonrakı dövrdə məlum hadisələr haqqında yazılan məqalələrdə qeyd edilirmiş...
Daha sonra sanki küçələrdə növbə çəkən dövrünün gizli qəhrəmanı bir qadını soymağa çalışan iki canini şikəst olanadək döyüb.
Beləcə bir neçə ay ərzində Moskvanın bəzi rayonlarında həqiqətən də küçə cinayətlərinin sayında azalma müşahidə edilib. Xuliqanlar sadəcə küçəyə çıxmaqdan qorxurlarmış. Amma bu gizli fəaliyyət çox çəkmir, Dmitri Danilov polisin əlinə keçir. Gecə saatlarında qoca bir kişi əlində iki alış-veriş çantası ilə evinə qayıdırmış. Qapının yanında üç nəfər peyda olaraq, qocaya hücum edib. Cinayətkarlar kişinin çantasını aldıqdan sonra onu yerə yıxaraq təpiklə vurmağa başlayıblar. Hadisə yerinə yaxın olan Danilov səs-küyü eşidərək ora qaçıb. "Şestoper"lə iki quldurun başını deşib. Biri isə kor olaraq dişləri tökülüb. Səs-küyə görə narahat olan vətəndaşlar bu dəfə polisə daha erkən məlumat veriblər. Ona görə də hadisə yerinə patrul maşını daha tez gəlib. Beləcə qəhrəman polisə müqavimət göstərməyərək, təslim olub.
Maraqlıdır ki, istintaq və məhkəmə işləri zamanı Danilov heç bir hadisəni, atdığı addımları gizlətməyib. O, prosesə təqdim olunan bütün epizodları etiraf edib. Yalnız şəhəri quldurlardan və təcavüzkarlardan tamamilə təmizləmədiyinə görə peşman olduğunu bildirib.
Hakimlər Dmitriyə arzusunda olduqları ölüm hökmünü kəsə bilmirlərmiş. Məhkəmənin qərarı 8 dəfə təxirə salınıb. Nəticədə Dmitri Danilov 15 il həbs cəzasına məhkum edilib.
Yazıçı Viktor Pronin cinayət işinin qovluqlarında “yatan” bu hekayədən xəbərdar imiş. O, qəhrəman haqqında "İnsan və Qanun" jurnalında yazır, üstəlik Pronin Danilova açıq şəkildə rəğbət də bəsləyir. Bu bədbəxt tale yaşayan oğlanın hekayəsi isə "Çərşənbə günü qadın" kitabının təməl nöqtəsi olub. Əlbəttə ki, yazıçı hadisələrin gedişini xeyli dəyişib. Məsələn əsərdə gənc bir Əfqanıstan döyüşçüsünün yerinə - Böyük Vətən Müharibəsinin yaşlı veteranı, "Şestoper" yerinə isə - snayper tüfəngi canlandırılıb. Ancaq mahiyyət dəyişməz olaraq qalıb: ilahi cəza və insanın hər zaman bərpa edə bildiyi ədalət var!
Tural Tağıyev
Azvision.az
Teqlər: Quldur Qisas Film Rusiya SSRİ