Rusiyanın dini ekspansiyası bölgəmizə hansı təsiri göstərə bilər – TƏHLİL

   Rusiyanın dini ekspansiyası bölgəmizə hansı təsiri göstərə bilər –    TƏHLİL
  27 Oktyabr 2021    Oxunub:3519
Müasir dövrdə dövlətlər idarəetmə sistemlərinin dünyəvi xarakter daşıdığını, yəni dinin dövlətdən kənar olduğunu konstitusiyalarında vurğulayırlar. Onları bu addıma vadar edən əsas səbəb dinin siyasətə müdaxiləsinin qarşısını almaq olsa da, əslində praktikada bunun tam əksi baş verir.
Dinin cəmiyyətdəki təsir gücü dəyişmədiyinə görə siyasi təsir qüvvəsi də yerində qalır və “din dövlətdən ayrıdır” qadağası əslində dövlətin dinə müdaxilə etməsinə imkan vermir. Çünki din gücünü hüquqdan deyil, cəmiyyətdəki dəstək səviyyəsindən alır və buna görə qarşısında hüquqi-normativ sədlərin çəkilməsi heç də onun fəaliyyət çərçivəsini daraltmır, əksinə, genişləndirir. Məhz bu səbəbdən dini idarəetmə forması seçən dövlətlərin dünyəvi ölkələrlə müqayisədə din vasitəsilə nəinki cəmiyyətə təsir etdiyinin, hətta xarici siyasətdə də bu faktordan yararlandığının şahidi oluruq. İran ilə Səudiyyə Ərəbistanı buna bariz misaldır. Dünyavi dövlətlər isə milli maraqlar naminə dini icma ilə əməkdaşlığa getməyə məcburdur və bir çox hallarda dövlət rəhbərləri dini liderlərlə hesablaşır.

Bu mənada Rusiya da istisna sayılmır, ancaq Kremlin pravoslav kilsəsilə əməkdaşlığı idarəetmənin yox, ölkənin siyasi strategiyasının tərkib hissəsi kimi qəbul olunmalıdır. Rusiya dövləti heç zaman özünü SSRİ dağıldıqdan sonra yaranmış republikaların biri kimi qəbul etməyib. Ruslar 14 respublikanın onlardan qopduğunu düşünüblər və düşünürlər. Bu düşüncə mahiyyətcə doğru olsa da, faktiki yanlış fikirdir. Özünü SSRİ-nin varisi hesab edən Rusiya Federasiyası kommunizm ideologiyasından məcburən imtina etdikdən sonra ciddi ideoloji böhranla üz-üzə qalmışdı. Rusiya çoxlu müxtəlif mədəniyyətlərə mənsub xalqların birləşməsindən formalaşmış federativ dövlətdir və bu xalqları bir arada tutacaq vahid ideoloji xəttin olmaması dövlətin bütövlüyünü təhlükə altına salır.


Ancaq məsələ bununla bitmir. Rusiya eyni zamanda, postsovet respublikalarının da öz təsirindən çıxmasını istəmir və bu məqsədlə iqtisadi və hərbi inteqrasiyaya yönəlmiş Avrasiya ittifaqı, yaxud KTMT kimi qurmlar yaratsa da, ideoloji baza olmadan real inteqrasiya alınmır. Odur ki, Kreml artıq uzun müddətdir, Pravoslav Kilsəsi ilə qeyri-rəsmi iş birliyinə daxil olaraq, vahid siyasi strategiya yürüdür. Faktik olaraq, istər ölkə daxilində, istərsə də xaricdə Rusiyanın təsirində olan bölgələrdə ideoloji siyasətin konturlarını Kilsə hazırlayır. Yaxud, birgə siyasət hazırlanır və dövlətin inzibati resurslarının köməyilə kilsə tərəfindən icra olunur.

Rusiya Provoslav Kilsəsinin xalqların vahid Rusiya çətiri altında birləşməsini təbliğ edən ideoloji bazasının müəllifi qurumun hazırkı başçısı patriarx Kiril olub. Onun irəli sürüyü “Rus sivilizasiyası”, “Şərqi slavyan sivilizasiyası” və “Rus dünyası” kimi konsepsiyalar Rusiya Provoslav Kilsəsinin aparıcı rolunu əsaslandıran ideoloji bazanı formalaşdırmağa xidmət edir.
Dövlətin dəstəyini alan bu ideologiya ilk növbədə postsovet məkanında yerləşən Ukrayna, Belarus, Moldova, Gürcüstan və Baltikyanı respublikaların Rusiyanın orbitində qalmasına kömək etməklə yanaşı, geniş mənada Rusiyanın dünya pravoslavlığının mərkəzi kimi tanınmasına hesablanıb. Bu mənada Rusiya Pravoslav Kilsəsinin əsas rəqibi İstanbulda yerləşən Konstantinopol Pravoslav Kilsəsidir. Çünki bu kilsə dünya provoslavların əsas mərkəzi kimi qəbul olunur. Daha dəqiq desək, Qərb dövlətləri belə düşünürlər.

Qərb ilə Rusiya arasında Ukrayna uğrunda gedən mübarizədə Moskvanın xeyrinə işləyən əsas ideoloji faktor ukraynalıların dini etiqad baxımdan pravoslav olmaları və Kiyev Pravoslav Kilsəsinin Rusiya Pravoslav Kilsəsinə tabeçiliyidir. Ukrayna dövləti Rusiyanın dini və mədəni asılılığından qurtulmaq üçün Kiyev Provoslav Kilsəsini müstəqil elan etsə də, Rusiya Pravoslav Kilsəsi onları tanımadı və nəticədə yeni müstəqil kilsə legitimlik qazana bilmədi. Belə olanda Ukraynanın qərbləşdirilməsi üçün Kiyev kilsəsinin Konstantinopol Kilsəsinə tabe edilməsi strategiyası seçildi.


Faktik olaraq, Ukraynada hazırda pravoslavlar arasında ikitirəlik yaranıb – şərqdəkilər əsas məbəd kimi Moskvanı, qərbdəkilər isə Konstantinopol kilsəsini tanıyırlar. Nəticədə, Türkiyənin proseslərə təsir etmək üçün əlavə vasitəsi yaranmış olur.
Rusiya Ukrayna üzərində dini-mədəni təsirini saxlamaq və Kiyev Kilsəsini öz nəzarətinə keçirmək, Ukrayna isə Rusiya kilsəsindən qopub, Konstatantinopol ilə birləşmək üçün Türkiyə ilə əməkdaşlıqda maraqlıdırlar.

Diqqət çəkən məqam odur ki, postsovet respublikaları arasında Rusiya Provoslav Kilsəsinin fəaliyyət göstərmədiyi yeganə respublika Ermənistandır. II Qarabağ müharibəsi başa çatdıqdan sonra ölkələr arasında sülhün təbliğ olunması adı altında patriarx Kirilin vasitəçiliyi ilə Qafqaz Müsəlmanlarının dini rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə və Erməni Apostol Kilsəsinin katalikosu II Qareginin intensiv görüşləri keçirilir. Məhz bu görüşlər çərçivəsində patriarx Kiril ilə II Qaregin arasında əldə olunmuş razılığa əsasən, Yerevanda Rusiya Provoslav Kilsəsinin yeparxiyası, başqa sözlə desək, filialının yaradılması barədə qərar qəbul olunub. Yerevan və Ermənistan arxiyepiskopu vəzifəsinə isə uzun illər Afrika və Cənubi Amerikada missionerlik fəaliyyəti ilə məşğul olmuş arxiyepiskop Leonid Klinski təyin olunub.

Ermənistanın 3 milyon əhalisindən cəmi 3 min nəfərinin pravoslav olduğunu nəzərə alsaq, Rusiyanın bu qədər az miqdarda əhali üçün xüsusi kilsə tikməsi və arxiyepiskop göndərməsi təəccüb doğurmaya bilməz. Demək ki, Moskva emənilərin provaslavlığa cəlb edilməsi üçün missionerlik fəaliyyətini genişləndirmək niyyətindədir.


Ermənilərin inancı ilə pravoslavların inancında müəyyən fərqlər olsa da, ermənilər üçün provoslav kilsəsində dua etmək dini baxımdan qadağan edilmir. Həmçinin, Avropa və Amerikada yaşayan ermənilər heç də öz Apostol Kilsələrinə sədaqətləri ilə seçilmirlər. Onlar yaşadıqları yerlər və cəmiyyətlərə uyğun olaraq, katolik və pravoslav kilsələrinə üz tuturlar. Yəni ermənilərin pravoslavlaşdırılması prosesi Rusiya üçün o qədər də çətin olmayacaq.

Rusiyanın bu siyasətinin Kremlin maraqlarına uyğun gəlməsi bir yana, ümumilikdə Azərbaycan və Türkiyənin maraqlarına da cavab verir. Ən əsası ona görə ki, erməni cəmiyyətində dini kolorit nisbətən dəyişəcək və bu da ermənilərdəki aqressiyanın azalmasına səbəb olacaq. Azərbaycan üçün təhlükəli məqam Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdə məskunlaşmış ermənilərin pravoslavlaşdırılması ola bilər. Unutmaq olmaz ki, Rusiya Suriyaya hərbi müdaxiləsini əsaslandırarkən orada yaşayan bir ovuc pravoslavın hüquqlarının pozulmasını da səbəb kimi göstərmişdi.

Tofiq Vahid
AzVision.az




Teqlər: Rusiya   Pravoslavlıq  





Xəbər lenti