Miqrant böhranının altında gizlədilmiş məqsədlər – TƏHLİL

   Miqrant böhranının altında gizlədilmiş məqsədlər –    TƏHLİL
  20 Noyabr 2021    Oxunub:3054
Belarus-Polşa sərhədində yaranmış miqrant problemi Avropa Birliyini iki əsas dəyəri arasında seçim etmək qarşısında qoyub. Bir tərəfdən, Belarusdan Avropaya mühacirət etmək istəyənlər son nəticədə insandırlar və onların da hüquq və azadlıqları var. İnsan hüquq və azadlıqlarının qorunmasını əsas devizi sayan Avropa Birliyi isə bu dəyərləri tapdalaya bilməz. Belə olan halda məcburdur ki, Belarusdan öz ərazisinə keçib, sığınacaq almaq istəyən insanları qəbul etsin və yalnız bundan sonra sığınacağın verilib-verilməməsi məsələsinə baxılsın.
Digər tərəfdən, Avropa ölkələri üçün sərhədlərin toxunulmazlığı faktoru xüsusi əhəmiyyət daşıyır və bu nöqteyi-nəzərdən yanaşdıqda, Polşa ilə sərhədi pozmağa çalışan şəxslərə qarşı adəkvat tədbirlər görülməlidir. Necə ki, Polşa rəhbərliyi həmin tədbirləri görməyə çalışır.

Yaxın Şərqin müxtəlif ölkələrindən gələn, sayları 5 min nəfəri ötən miqrantların Polşa-Belarus sərhədlərində toplanmasının arxasında rəsmi Minskin dayanması ilə bağlı ciddi iddialar səsləndirilir. Hətta Qərbin bir sıra nüfuzlu nəşrləri bununla bağlı xüsusi araşdırma apararaq, sübut etməyə çalışırlar ki, miqrant problemi süni şəkildə təşkil olunub. Prosesdə Rusiyanın da iştirakı istisana edilmir. Hətta Polşa və Latviyanın rəsmi nümayəndələri miqrant böhranının arxasında dayanan əsl maraqlı tərəfin Kreml olduğunu bildirirlər. Bu iddialar o baxımdan məntiqli səslənir ki, Rusiya ilə ittifaq dövləti olmağa hazırlaşan Belarus Avropa İttifaqının sanksiyaları şəraitində iqtisadi cəhətdən tam olaraq Moskvadan asılı vəziyyətə düşdüyü üçün Kremllə razılaşmadan və dəstək almadan belə genişmiqyaslı fəaliyyəti həyata keçirə bilməz.

Avropa İttifaqını miqrant problemi ilə üz-üzə qoymaqda həm Belarus, həm də Rusiyanın öz maraqları var. Minskin nisbətən kiçik və orta mənzilli maraqları olsa da, Moskva bu mənada daha qlobal xarakterli strateji xətt yürüdür. Hazırki vəziyyətdə Belarusun Rusiyaya inanmaqdan başqa çıxış yolu da yoxdur. Rusiya Ukraynadakı separatçı respublikalardan Kiyevə qarşı istifadə etdiyi kimi, Belarusdan da Brüsselə qarşı istifadə edir. Təsadüfi deyil ki, Almaniya kansleri Angela Merkel problemlə bağlı ilk olaraq Rusiya prezidenti Putinlə əlaqə saxlasa da, Kreml hələ ki, onlara Lukaşenko ilə danışmağı tövsiyə edib. Avropa İttifaqı isə Belarusdakı seçkilərin nəticələrini tanımadığına görə prezident Lukaşenko ilə danışıqların aparılması qondarma Luqansk, yaxud Donetsk respublikalarının rəhbərləri ilə danışmaqla eyni anlama gəlir. Buna baxmayaraq, Angela Merkel prezident Lukaşenkoya zəng etdi. Belə görünür ki, nəticə olmayıb.

Lukaşenko nəyə ümid edir?

Ola bilər ki, Minsk Türkiyə ilə Avropa İttifaqı arasında vaxtilə yaşanmış miqrant böhranında olduğu kimi, müəyyən sövdələşmənin baş tutacağına gümanı var. Avropa İttifaqı miqrant axınının qarşısının alınmasını Belarusdan xahiş etsə, Minsk Brüsseldən iqtisadi sanksiyaları ləğv etməsini istəyəcək. Belə olarsa, Lukaşenko ölkənin iqtisadiyyatını bərpa edib, Rusiyanın iqtisadi asılılığından çıxmaqla, növbəti dəfə Rusiya ilə ittifaq dövləti qurmaq öhtəliyindən yayına biləcək. Son nəticədə isə Lukaşenko ənənəvi siyasi xəttinə sadiq qalaraq, Rusiyanın hesabına hakimiyyətdə qalıb, sonradan Aİ ilə barışıb iqtisadi münasibətlərini bərpa etməklə, həm suverenliyi, həm hakimiyyətini qoruyub saxlamağa nail olacaq.


Lakin proseslər heç də Lukaşenkonun istədiyi kimi getməyə bilər. Hətta belə getməyəcəyini indidən əminliklə söyləmək olar. Çünki Türkiyədən fərqli olaraq, Polşa ilə Belarus sərhədində toplanan miqrantlar təbii axın nəticəsində deyil, Minsk ilə Moskvanın dolayı dəstəyi nəticəsində süni yolla yığışıblar. Böhranın süni yolla formalaşdırıldığını Avropa İttifaqı bilir və bildiyi üçün də qarşısının alınması üçün Belarusla əməkdaşlığa getməyəcək. Hətta, iqtisadi sanksiyalarını daha da artıracaq. Artıq bununla bağlı ilkin siqnalar da var.

Rusiya nə istəyir?

Çox güman ki, rusiyalı strateqlər Avropanın Lukaşenkonun istəklərinə müsbət cavab verməyəcəyini əvvəlcədən hesablayıblar. Söhbət ondan gedir ki, Moskva özü Avropanın Lukaşenkoya “yox” cavabı verməsini istəyir. Avropa İttifaqının Belorusa qarşı sanksiyaları artırması bu ölkənin Rusiyadan asılılığını daha da gücləndirəcək. Digər tərəfdən, miqrant axınından ehtiyatlanan Belarusla həmsərhəd Polşa, Latviya və Litva kimi ölkələr məcburən sərhədləri möhkəmləndirəcəklər. Avropa “miqrant” virusundan qorunmaq üçün özünü Belarusdan təcrid edəcək və bu ölkə bütövlükdə Rusiyanın nəzarətində qalacaq.

Avropa miqrant böhranının aradan qaldırılması üzərində baş sındırarkən paralel olaraq Rusiya Ukraynanın qondarma Luqansk və Donetsk respublikalarının özünə iqtisadi inteqrasiyasını həyata keçirmək üçün addımlar atır. Avropa bu proseslərə göz yummalı olacaq.

Avropanın özünü Belarusdan təcrid etməsi və bu ölkənin bütünlükdə Rusiyanın nəzarətinə keçməsi Moskvanın Ukraynaya qarşı əlavə cəbhə açmasına şərait yaradır. Yəni, əgər NATO qüvvələri hansısa formada Ukrayna cəbhəsində Rusiyaya qarşı hərbi müdaxiləyə başlamaq qərarına gəlsələr, bu zaman Belorus sərhədindən Rusiyanın Ukraynaya hərbi müdaxiləsi mümkündür.
Yeri gəlmişkən, Belarusla Ukrayna arasında da mübahisəli ərazilər mövcuddur. Odur ki, Qara Dənizə hərbi gəmisini soxan ABŞ, durmadan Ukrayna ilə hərbi təlimlər keçirən NATO Rusiyaya hücum etməmişdən əvvəl bir daha düşünməli olacaqlar.

Tofiq Vahid
AzVision.az



Teqlər: Miqrant-böhranı  





Xəbər lenti