"Ölkədə viruslarla bağlı qorxulu epidemioloji vəziyyət yoxdur" - Professor

   "Ölkədə viruslarla bağlı qorxulu epidemioloji vəziyyət yoxdur" -    Professor
  21 May 2022    Oxunub:1170
"Meymun çiçəyi” virusu “Orthopoxvirus”lar ailəsinin insanlara yoluxa bilən 4 növündən biridir. Onun insanlarda ilk dəfə tapılmasından düz 50 il 49 gün vaxt keçir. Yəni bu müddətdə o, insanlar arasında epidemik yayılmaya səbəb olmayıbsa, hazırda bu halın başvermə ehtimalı yoxdur.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin professoru Musa Qəniyev deyib. O bildirib ki, hətta virusun uzunluğu 220 nuklein əsaslı, burulmuş və qıvrılmış vəziyyətdə olan cüt zəncirli DNT-sinin genom strukturunun sıralanma ardıcıllığının ilkin təhlili belə söyləməyə əsas verir:

"Ola bilər ki, mənim dediklərimin əksi olaraq, “meymun çiçəyi” virusunun indiyə qədər yayılmamasının səbəbini insanların “təbii çiçəyə” qarşı peyvənd almaları ilə izah etsinlər. Çünki "təbii çiçəyə” qarşı peyvənd, həm də “meymun çiçəyi” virusuna qarşı baryerdir. Xatırlatmaq istəyirəm ki, 1980-cı ildən sonra, yəni düz 42 ildir ki, insanlar "təbii Çiçək" virusuna qarşı peyvənd olunmurlar. Halbuki, 1980-cı ildən günümüzə qədər, dövrü olaraq, hər 2-4 ildən bir, sporadik olsa da, “meymun çiçəyi” virusuna dünyanın müxtəlif ölkələrində yoluxa halı olur. Bunlardan ən böyüyü 2003-cü ildə ABŞ-da (81 nəfər) və 2017-ci ildə isə Nigeriyada (172 nəfər) qeydə alınıb. Lakin ölüm faktı müşahidə olunmayıb".

Professor qeyd edib ki, hazırda meymun, inək və digər viruslarla bağlı ölkəmizdə narahatlıq doğura biləcək, qorxulu epidemioloji vəziyyət yoxdur və heç bir vaxt da olmayacaq:
"İstər bu gün, istərsə də gələcəkdə virus infeksiyaları ilə mübarizənin strategiya və taktikasının düzgün qurulması yalnız və yalnız COVID-19 pandemiyası zamanı buraxılan səhvlərin təkrarlanmamasıdır. İlk növbədə əhalinin düzgün maarifləndirilməsi, düzgün elmi-təhlili yanaşma və professional həkim kadrlarının düzgün seçimi və düzgün dəyərləndirilməsi vacibdir” – M.Qəniyev qeyd edib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti