Ölkədə koronavirusla mübarizəyə nə qədər vəsait xərclənib?

 Ölkədə koronavirusla mübarizəyə nə qədər vəsait xərclənib?
  21 May 2022    Oxunub:887
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, xəstəliyə yoluxmuş şəxslərin karantin nəzarətinə götürülməsi və müalicəsinin səmərəli təşkili məqsədilə ölkənin müvafiq bölgələrində quraşdırılmış modul tipli xəstəxanaların və stasionar müalicə tədbirlərinə cəlb olunmuş özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən tibb müəssisələrinin maliyyə təminatı 2021-ci ildə də davam etdirilib.
Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb. 2021-ci ildə ölkədə davam edən koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri üçün 261,0 milyon manat məbləğində vəsait nəzərdə tutulsa da, pandemiyadan yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmaq, orqanizmin koronavirus (COVID-19) infeksiyasına qarşı immunitetini yenidən artırmaq üçün “buster” dozanın vurulması məqsədilə yeni vaksinlərin alınması zərurəti yaranıb. Bu səbəbdən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə faktiki olaraq 806,8 milyon manat, o cümlədən dövlət büdcəsinin vəsaitindən 526,8 milyon manat, İcbari Tibbi Sığorta Fondunun vəsaitindən 280,0 milyon manat istifadə olunub.

Ayrılmış vəsaitin 314,1 milyon manatı vaksinlərin alınmasına, 165,8 milyon manatı tibb işçilərinə müddətli əlavənin ödənilməsinə, 153,7 milyon manatı modul tipli xəstəxanaların və özünümaliyyələşdirmə prinsipi ilə işləyən tibb müəssisələrinin fəaliyyətlərinin təmin edilməsinə, 120,6 milyon manatı dərman, tibbi ləvazimatlar, avadanlıqlar və digər malların alınmasına, 52,6 milyon manatı COVID-19 testlərinin (reagentlərin) alınmasına və digər xərclərin maliyyələşdirilməsinə istifadə olunub.

Hesabatda qeyd edilir ki, ötən il COVİD-19-a qarşı vaksinlərin alınmasına 314,1 milyon manat yönəldilib.

AzVision.az



Teqlər: COVID-19  





Xəbər lenti