Tarixi faktların şahidliyi

   Tarixi faktların şahidliyi
  06 İyun 2022    Oxunub:2111
Dövlətçiliyimizə təhdidlərin qarşısının alınması üçün bir sıra hadisələrin zaman keçdikcə əsl mahiyyətinin dərk edilməsi daha da aktuallaşır. Bu baxımdan, 1993-cü il Gəncə hadisələri o dövrdə daxili çəkişmələr meydanı olan Azərbaycanla bu gün beynəlxalq aləmdə ən vacib aktrolradan birinə çevrilmiş Azərbaycan arasındakı fərqlərə diqqət yetirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ-nin mərkəzi hakimiyyətindəki və xaricdəki havadarlarının dəstəyi ilə Ermənistanın ölkəmizə qarşı başladığı müharibə fonunda Azərbaycanın o vaxtkı rəhbərliyinin qorxaqlığı və maymaqlığı ölkə daxilində müxtəlif siyasi qruplaşmaların hakimiyyət uğrunda mübarizəyə girişməsinə rəvac verdi. Xalqımız üçü belə bir çətin sınaq anında ölkədə hakimiyyətə yiyələnən AXC-Müsavat tandeminin tezliklə iflasa uğrayacağı şübhə doğurmurdu. Çünki təsadüfi adamların yığnağını xatırladan və daha çox illüziyalar aləmində yaşayan bu hakimiyyətin sərt siyasi reallıqlardan nə qədər bixəbər olduğu tezliklə aydınlaşdı.

Bundan məharətlə yararlanan təcavüzkar Ermənistanın və onun havadaralarının həyata keçirdikləri hərbi əməliyyatlar nəticəsində Azərbaycan cəbhə bölgələrində ardıcıl uğursuzluqla¬ra düçar oldu. Cəbhədə yaşanan ağır məğlubiyyətlərin vəziyyəti daha da ağırlaşdırması fonunda AXC-Müsavat hakimiyyətinin cinayətkar səriştəsizliyi ilə ölkədə anarxiya yaratması, cəmiyyəti xaosa və özbaşınalığa sürükləməsi, hakimiyyət təmsilçilərinin pozucu fəaliyyəti hadisələri çox təhülkəli bir məcraya yönəldirdi. 1993-cü ilin yayında hakimiyyət strukturlarına, xüsusilə də silahlı birləşmələrə nəzarət etmək bacarığını itirən AXC-Müsavat cütlüyünün siyasəti ölkəni vətəndaş müharibəsi alovunun qızışması təhlükəsi ilə üzləşdirdi. Məhz belə cinayətkar idarəçilik siyasəti Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda silahlı qruplaşmaların separatçı iddialarla çıxışlar etməsini, mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırmalarını şərtləndirdi.

Öz korafəhim siyasətinin ağır nəticələrini ört-basdır etməyə çalışan hakimiyyət hələ 1993-cü ilin fevralında prezident Əbülfəz Elçibəyin sərəncamı əsasında keçmiş korpus komandiri Surət Hüseynovun rəhbəliyi altındakı 709 saylı hərbi hissənin ləğv olunmasına qərar verdi. Lakin ölkədə tüğyan edən hərc-mərclik fonunda Surət Hüseynov sərəncamın icrasından boyun qaçırdı. Bu hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haq¬qında sərəncam da analoji aqibətlə üzləşdi.

Amma hakimiyyətin nüfuzunun tapdnması və mövcud təhlükə bununla yekunlaşmadı. Gəncəyə gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldülər. Dövlət idasrəçiliyi səriştəsi olmayan və reallıq hissini tamamilə itirmiş AXC-Müsavat hakimiyyətinin 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı qərarı isə ölkəni qardaş qırğınına sürüklədi. İyunun 4-də Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında yaşanan silahlı toqquşma nəticəsində 35 nəfər soydaşımız həlak oldu.

Ərazi bütövlüyümüz uğrunda döyüşlər gedən ön cəbhə tamamilə unuduldu. Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdıran və cəmiyyəti vətəndaş müharibəsi astanasına gətirən “Gəncə hadisələri”nin məntiqi nəticəsi kimi daxildə haqq-hesab çürüdülməsi prosesi başladı. Sürət Hüseynovun tabeçiliyində olan silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirməklə kifayətlənməyib Bakıya doğru hərəkət etdilər.

Azərbaycanın dövlət kimi mövcudluğuna yaranmış təhlükənin neytrallaşdırılması və vətəndaş müharibəsinin qarşısının alınması üçün böyük siyasətin patriarxı olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması üçün tarixi şəraitin yetişdiyi aydınlaşdı ki, xalqın tələbi ilə də bu addım atıldı. Marqlıdır ki, bir vaxtlar Heydər Əliyevi təqib edən, hətta onu Naxçıvanda devirməyə və Azərbaycandan sıxışdırıb çıxarmağa çalışan AXC-Müsavat hakimiyyəti özü vəziyyətdən çıxış tapmaq üçün ona üz tutmaq məcburiyyətində qaldı.

Məhz böyük geostrateq və müdrik dövlət xadimi olan Heydər Əliyevin sərrast siyasəti nəticəsində öz mövcudluğunu qoruyub-saxlayan Azərbaycanda genişmiqyaslı ictimai-siyasi və hüquqi islahatlara başlanıldı, ölkədə daxili sabitlik təmin olundu və ən əsası isə qüdrətli ordu quruculuğu yönündə ilk önəmli addımalr atıldı.

Həmin siyasətin son 19 ildə Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, inkişaf strategiyasının müasir dövrün tələbləri çərçivəsində daha çevik məcraya yönəldilməsi nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazda formalaşdırılan yeni geosiyasi konfiqurasiyanın arxitektorlarından biri olmaqla yanaşı, beynəlxalq miqyasda ən nüfuzlu aktorlar sırasında yer alıb. Bu siyasətin ən barzi nümunəsi 44 günlük Vətən müharibəsində Azərbaycanın qüdrətli Silahlı Qüvvələrinin qazandığı tarixi Qələbə nəticəsində işğal altındakı torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpasıdır. Sözsüz ki, belə bir uğura yalnız və yalnız öz gücümüz hesabına imza atmağımız bu tarixi Qələbəni bizim üçün misilsiz edir. Həmin gücü şərtləndirən əsas amil isə sarsılmaz xalq-iqtidar birliyidir. Məhz belə birliyi yarada bilmədiyi üçün AXC-Müsavat hakimiyyəti çox qısa bir zamanda iflasa uğradı.

Tarixi faktların şahidliyi bu reallığı sübuta yetirir.

Sahil İsgəndərov, politoloq

AzVision.az



Teqlər: Gəncə    





Xəbər lenti