Rusiya və Türkiyə taxıl problemini müzakirə edib

   Rusiya və Türkiyə taxıl problemini müzakirə edib
  22 İyun 2022    Oxunub:626
Rusiya və Türkiyə nümayəndələri Ukrayna limanlarından taxıl ixracını müzakirə ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Qeyd olunur ki, danışıqlar iyunun 21-də Moskvada baş tutub.
"Tərəflər Türkiyə ticarət gəmilərinin təhlükəsiz çıxışını və Ukrayna limanlarından taxıl ixracını, həmçinin Qara dənizdə təhlükəsiz naviqasiyanın təmin edilməsinə yanaşmaları müzakirə ediblər", - məlumatda deyilir.

Rusiya və Türkiyə Müdafiə Nazirliyinin nümayəndə heyətləri Türkiyənin “Azov Konkord” quru yük gəmisinin Mariupol limanından çıxışını təmin etməyə imkan verən ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıblar.

Görüşün nəticəsi olaraq məsləhətləşmələrin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

BMT dəfələrlə taxıl qıtlığı səbəbindən ərzaq böhranı təhlükəsi olduğunu bəyan edib. Qərb Rusiyanı Ukrayna taxılının dünya bazarlarına tədarükünə qarşı çıxmaqda ittiham edir. Moskva isə bu cür ittihamları qəbul etmir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti