DİM 6 universitetlə anlaşdı

   DİM 6 universitetlə anlaşdı
  22 İyun 2022    Oxunub:339
Dövlət İmtahan Mərkəzi Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti (BMU), Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə maliyyə sahəsində savadlılığın artırılması, maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, beynəlxalq və yerli kvalifikasiyalara uyğunlaşdırılması məqsədilə Anlaşma Memorandumu imzalayaraq rəsmi əməkdaşlığa başlayıb.
Bununla bağlı keçirilən tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev, Bəhram Xəlilov, ali təhsil müəssisələrinin rektorları, həmçinin Maliyyə Nazirliyinin nümayəndəsi, DİM-in əməkdaşlıq etdiyi peşəkar mühasib təşkilatlarının nümayəndələri və peşəkar mühasib sertifikatı imtahanından yüksək nəticə toplayan mühasiblər iştirak ediblər.

DİM-in Direktorlar Şurasının sədri M.Abbaszadə ali təhsil müəssisələrinin əməkdaşlıq üçün göstərdiyi marağı yüksək qiymətləndirib və bu razılaşmanın maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, tələbələrin həm nəzəri biliklər, həm də praktik bacarıqlarla silahlandırılması istiqamətində müstəsna rol oynayacağını qeyd edib.

Tədbirdə ACCA-in Türkiyə Regional Mərkəzinin nümayəndəliyinin iştirakı xüsusilə qiymətləndirilib və Filiz Demiröz bu əməkdaşlığın əhəmiyyəti, eləcə də ACCA kvalifikasiyalarının yaratdığı imkanlar barəsində çıxış edib.

Qeyd edək ki, ali təhsil müəssisələri ilə imzalanan memorandumlar DİM və ACCA arasındakı Anlaşma Memorandumundan irəli gələn fəaliyyətlərin icrasına töhfə də verəcək.

AzVision.az

Teqlər:







Xəbər lenti