Çimərliyə gedənlərə sevindirici xəbər: Hasar və tikililər sökülür

   Çimərliyə gedənlərə sevindirici xəbər:     Hasar və tikililər sökülür
  22 İyun 2022    Oxunub:1321
Paytaxtın xəzər rayonunda dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür. Nəticədə həmin ərazilərdə insanların çimərliklərə sərbəst giriş-çıxışı təmin edilib. Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, yoxlamalar davam etdiriləcək. Sahilboyu qanunsuz hasarlar, çimərliyə daxil olmağa mane olan sədlər söküləcək.
Sökülən bu hasarlar bir neçə il idi ki, sakinlərin çimərliyə gedən yolunu bağlamışdı.

Görüntülər paytaxtın Xəzər rayonu Buzovna çimərliyindəndir. Sakinlərin sözlərinə görə ərazidə tikilən obyektlər və fərdi evlərin sahibləri çimərlik ərazisini qeyri-qanuni zəbt etmişdilər.

Sakinlərin müraciətlərindən sonra Bakı Şəhər və rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçiriblər. Müəyyən edilib ki, vaxtilə burada bəzi insanlar tərəfindən qanunsuz hasarlama aparılıb, sahilə getmək üçün nəzərdə tutulan keçidlər bağlanıb, həmçinin qədim qayalıqların ətrafı zibillənib. Bu isə insanların narazılığına səbəb olub.

Kommunal qurumların texnikaları və işçiləri tərəfindən sahilyanı ərazilərdəki obyekt sahibləri tərəfindən zəbt edilən torpaq sahələrinin hasarları sökülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Ayaz Hüseynov deyir ki, digər sahilboyu ərazilərdə aşkar ediləcək belə hasarlar söküləcək.

Şöbə müdiri deyir ki, bütün obyekt sahiblərinə bununla bağlı məlumat verilib. Gələcəkdə belə pozuntulara yol verənlərin qanunvericiliyə uyğun olaraq cəzalandırılması nəzərdə tutulub.




Teqlər:





Xəbər lenti