Dağlarda döyüş: Azərbaycan yeni mümkün hərbi əməliyyatlar üçün strategiyasını dəyişməlidir – TƏHLİL

      Dağlarda döyüş:    Azərbaycan yeni mümkün hərbi əməliyyatlar üçün strategiyasını dəyişməlidir –    TƏHLİL
  28 İyun 2022    Oxunub:7102
II Dünya müharibəsindən sonra bütün istehsalçılar ağır döyüş tankı konsepsiyasını üstün tutsalar da, son 10-15 ildə meydana çıxan tank əleyhinə raket kompleksləri və kumulyativ süzən sursatlar dəmir nəhəngləri yüngül hədəfə çevirib. Tanklar hələ də savaşın əsas aparıcı gücüdür və heç bir ciddi hücum əməliyyatını onların dəstəyi olmadan təsəvvür etmək mümkün deyil. Təbii ki, bu əməliyyat tankların manevri üçün yararlı relyefdə gerçəkləşdiriləcəksə. Bəs dağlıq ərazilərdə onların yardımı olmadan necə atəş və zireh dəstəyi almaq olar?
Vətən müharibəsindən sonra Azərbaycan hərbi doktrinasını, silahlı qüvvələrin strukturunu və ilk növbədə strategiyasını dəyişməyə məcburdur. Çünki uzun illərin dondurulmuş "təmas xətti" qarşıdurmasından dağlıq ərazilərdə reallaşdırıla bilinəcək antiterror və qəliz relyefli, hələ də delimitasiya edilməmiş sərhədyani hərbi əməliyyatlar səhnəsinə keçid baş verib.
Qanundankənar ordu: "Vaqner Qrupu" muzdlu axtarır – ARAŞDIRMA

Buna uyğun strategiya qurularkən Türkiyə Silahlı qüvvələrinin komando bölmələri təcrübəsindən faydalanmaqla taktiki qrupların atəş dəstəyinə xüsusi diqqət yetirilməlidir. Çünki arsenalımızda olan əsas döyüş tankları və digər, o cümlədən hava hücum və dəstək vasitələri dağlıq ərazilərdə döyüş və desant üçün nəzərdə tutulmayıb.

Bu istiqamətdə ordumuzu ilk növbədə Türkiyənin “Kaplan MT” orta tankı maraqlandıra bilər. Belçikanın CMI Defence CT-CV şirkətinin qülləsi, John Cockerill şirkətinin 105 mm yivli topu və avtomatlaşdırılmış doldurma modulu ilə təchiz edilən “Kaplan MT” artıq İndoneziyaya ixrac edilir.


Yüngül kateqoriyaya aid edilən digər türk tankı, yaxud hibrid form-faktora malik zirehli transportyor “Otokar” şirkətinin “Tulpar” modelidir. İlk dəfə beynəlxalq IDEF'19 müdafiə texnologiyaları sərgisi çərçivəsində təqdim edilən tank Avropa sifarişçilərinin marağına səbəb olub və hazırda müxtəlif, o cümlədən, atış testlərindən keçirilir. “Tulpar”ın öz yerli analoqundan əsas fərqi - desant bölməsinin olmasıdır.


Türkiyə bu sahəyə 2018-ci ildən diqqət yönəltsə də, Çin artıq yüngül tanklar konsepsiyasını gerçəkləşdirməkdə və ordu quruculuğu strategiyasında istifadə etməkdədir. Ölkə ərazisinin 14 hissəsi dağlıq olduğundan və gələcəkdə bu regionlarda xarici dəstək sayəsində separatçılığın baş qaldırmasından ehtiyat edən Çinin ordu rəhbərliyi NORINCO şirkətinin ZTQ-15 (VT-5 və ya "Type 15 Alpinist") yüngül tanklarını arsenalına daxil edib.


Klirensi dəyişilə bilən “Type 15” İngiltərənin 105 mm-lik L7 topunun təkmilləşdirilmiş versiyası və QJC-88 (12.7 mm) pulemyotu ilə təchiz edilib. 7.62 çaplı digər pulemyot qüllədəki klassik yerini alıb. Avtomatik doldurma sisteminə sahib tankın döyüş ehtiyatı 38 mərmidən ibarətdir.

Tankın ilk xarici sifarişçisi Banqladeşdir. "Alpinist" 2020-ci ildə Çin-Hindistan sərhədində baş vermiş hadisələrdə aktiv şəkildə istifadə olunub və effektivliyini sübut edib...

Hans Kloss
AzVision.az

Bu materiallar da sizə maraqlı gələ bilər:
Qanundankənar ordu: "Vaqner Qrupu" muzdlu axtarır – ARAŞDIRMA
Müharibəni uzatmağın reaktiv siyasəti | ŞƏRH




Teqlər:   Müharibə   Arsenal  





Xəbər lenti