Səfirliyimizə hücum edənlər kimdirlər və nə istəyirlər?

      Səfirliyimizə hücum edənlər kimdirlər və nə istəyirlər?
  04 Avqust 2022    Oxunub:6027
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.
Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb. Elə həmin konvensiyaya görə, hər bir dövlət onun ərazisindəki səfirliklərin təhlükəsizliyini təmin etməyə borcludur. Azərbaycan İngiltərənin və başqa dövlətlərin Bakıdakı səfirliklərini keyfiyyətli şəkildə qoruyur və indiyə qədər də heç bir problem olmayıb.

Bəs səfirliyimizə hücum edənlər kimlərdir və nə istəyirlər?
Azərbaycanın Londondakı Səfirliyinə radikal dini dəstə hücum edib

Musavat.com-un əldə etdiyi məlumata görə, səfirliyimizə hücum edənlər "The Mahdi Servants Union" (Mehdinin xidmətçiləri birliyi) adlı radikal dini qruplaşmasının üzvləridir. Qrupun lideri Yaser Əl-Həbibdir. Təşkilat özünü şiə təriqətinə aid sayır və iranlı ayətullah şirazini təqlid edir. Yaser əl-Həbib kökəncə Küveytlidir, londonda yaşayır. Qrup "Fədak" adlı peyk televiziyasını idarə edir.



Bu, radikal qrupun ilk belə həmləsi deyil. 2018-ci il martın 10-da dəyənək və xəncərlərlə silahlanmış qrupun dörd üzvü Hüseyn Əl Şirazinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinin birinci mərtəbəsinin eyvanına çıxaraq İran bayrağını öz qruplarının bayrağı ilə əvəz ediblər. Bildirək ki, Hüseyn Şirazi İranın dini və siyasi rəhbərliyini təhqir etməkdə günahlandırılıb.

Belə bir qruplaşmanın Azərbaycan səfirliyindən nə istəməsi aydın deyil.

“Mehdinin qulluqçuları” təşkilatının lideri Şeyx Yasir əl-Həbib 1979-cu ilin 20 yanvarında Küveytdə anadan olub. O, antisünni baxışlara malik şiə üləması və Londonda fəaliyyət göstərən “Xoddam əl-Mehdi” təşkilatının rəhbəri, həmçinin Fulmerdə, Bakinhempşirdə “əl-Mühasin” məscidlərinin başçısıdır. Əl-Həbibinin yazdığı əsərlər həm şiə, həm də sünni mənbələrinə əsaslanır və İslam tarixinə aiddir.

O, öz dini fəaliyyətini Küveytdə, “Dava” partiyasının üzvü kimi başlayıb, daha sonra “Xoddam əl-Mehdi” adlı dini təşkilat yaradıb. Əl-Həbibi İslam peyğəmbərinin əshabələri olan Əbubəkr və Ömərə qarşı kəskin tənqidi görüşlər irəli sürür. Şeyxin bu tənqidi fikirləri Küveydə sünni məshəbinə etiqad edənlərdə kəskin hiddət doğurub və onun həbsinə səbəb olub.

2004-cü ildə illik əfvetmə kampaniyasında Küveyt əmiri tərəfindən əfv edilərək azadlığa buraxılan əl-Həbibini bir neçə gündən sonra yenidən həbs etmək istəyiblər, ancaq o, qiyabi olaraq 10 illik həbsə məhkum edilməzdən az öncə Küveytdən qaçıb, bir neçə ay İraqda və İranda gizlənib, daha sonra Birləşmiş Krallığa yerləşib və hazırda da orada yaşayır.



Teqlər:   Təxribat  





Xəbər lenti