"Dövlətimiz deyir ki, Zabuxda qalan terrorçu elan ediləcək" - Çavuşyan

   "Dövlətimiz deyir ki, Zabuxda qalan terrorçu elan ediləcək" -    Çavuşyan
  08 Avqust 2022    Oxunub:1341
Ermənilərin Laçının Zabux kəndinə "başçı" təyin etdikləri Andranik Çavuşyan artıq sakinlərin əşyalarını yığmağa başladıqlarını bəyan edib. AzVision.az xəbər verir ki, o, yerli mediaya verdiyi açıqlamada sakinlərin hara köçəcəkləri hələlik bəlli olmadığını deyib.
"Xanımyan dedi ki, Laçında evini yandırana kompensasiya verilməyəcək" - Hayryan
Qeyd edilir ki, əksəriyyət bundan sonra Ermənistanda yaşamaq istəyir.

- Kənd sakinləri artıq əşyalarını yığırlar, lakin hara gedəcəklərini dəqiq bilmirlər. Onların əksəriyyəti Ermənistanda, digər hissəsi isə Qarabağ ərazilərində yaşamağa üstünlük verir. Ermənistanda ona görə yaşamaq istəyirlər ki, insanlar müharibə istəmirlər. Məncə onlar sülh şəraitində yaşamaq istəyirlər. Sakinlərin əhval-ruhiyyəsi pisdir. Onlar qəzəblidirlər, evlərini, kəndlərini tərk etmək istəmirlər, - deyən Çavuşyan özünün çoxuşaqlı ailəsi ilə Qarabağda məskunlaşacağını söyləyib.

Qondarma başçı Qarabağda mövcud olmuş separatçı rejimin "ərazi idarəetmə və infrastruktur naziri" Hayk Xanımyanla görüşündən də söz açıb. O qeyd edib ki, Xanımyan ərazidə olarkən onlara həqiqətən də evləri yandırmamağı məsləhət bilib.

- Xanımyan dedi ki, yandırmayın. Niyə yandırırsınız axı? Amma elə adamlar var ki, evlərini yandırmaq istəyir. Çünki onlar nifrətlə dolublar və bütün bu baş verən proseslərlə barışa bilmirlər, - Çavuşyan qeyd edib.

Zabux "sakinləri"nin niyə kənddə qalmaq və torpaqları öz başçılarının nəzarəti altında saxlamaq üçün mübarizə aparmırlar sualına Çavuşyan belə cavab verib ki, dövlət bu məsələdə onların tərəfində deyil.

- Sakinlər özlərini təhlükəsiz hiss etməlidirlər və dövlət onun yanında olmalıdır. Dövlətimiz ordunu darmadağın edib. Deyirlər ki, kim burada qalsa terrorçudur, bizim daxili və xarici siyasətimizdə erməniləri müdafiə edəcək bir nəfər belə yoxdur. Bu mənada burada qalsaq, türklərə daha bir zəfər bəxş edəcəyik, - o qeyd edib.

Andranik Çavuşyan ərazini tərk etməklə bağlı məktub aldıqlarını, əks halda sərt tədbirlər görüləcəyini qeyd edib.

- Yeni yol çəkdilər, amma bu hakimiyyət bizim ərazidə heç nə etmədi. Hakimiyyət gəlib dedi ki, biz zəifik, türk ordusuna qarşı heç nə edə bilmərik. Burada xalq döyüşmək istəyir, amma tək qalıblar, təcrid olunublar, sahibsizdirlər. Düşünürəm ki, Nikol Paşinyandan soruşmaq lazımdır ki, niyə belə oldu ki, bu gün bizi evdən çıxarırlar, - "kənd rəhbəri" bir gün Zabuxa qayıdacaqlarına ümid etdiyini deyib.

Qeyd edək ki, Zabuxdan ümumilikdə 204 "sakin"in təxliyyə olunacağı iddia olunur. Hayk Xanımyan isə Zabuxla yanaşı Laçının özündə məskunlaşdırılmış ermənilərə də avqustun 25-dək evlərini tərk etməli olduqlarını bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Laçın   Zabux   Ermənistan  





Xəbər lenti