Yaponiya İmperatoru hökumətin yeni tərkibini təsdiq edib

Yaponiya İmperatoru hökumətin yeni tərkibini təsdiq edib
  10 Avqust 2022    Oxunub:847
Yaponiyanın İmperatoru Naruhito Baş nazir Fumio Kişidanın apardığı dəyişikliklərdən sonra hökumətin yeni tərkibini təsdiq edib.
Hökumətin yeni tərkibinin təsdiqi ilə əlaqədar mərasim Tokioda yerləşən İmperator sarayında keçirilib. Qeyd edək ki, Nazirlər Kabinetinin tərkibinin təsdiq olunması prosedura Yaponiya Konstitusiyasına əsasən keçirilən əsas proseduralardan biridir. Mərasim zamanı nazirlər bir-bir monarxın imzası ilə təsdiq edilmiş təyinat vərəqələrini alırlar.

Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi ikinci kabinetin tərkibində xarici işlər naziri Yoşimasa Hayaşi, maliyyə naziri Syuniçi Suzuki, dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm naziri Tetsuo Sayto, həmçinin iqtisadiyyatın bərpası naziri Dayşiro Yamaqiva vəzifələrini saxlayıblar. Həmçinin Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno vəzifəsində qalıb.

Yaponiyanın müdafiə naziri vəzifəsinə 2008-2009-cu illərdə həmin vəzifədə olmuş Yasukazu Hamada təsdiq olunub. Bununla yanaşı, hökumətə bəzi təcrübəli siyasətçilər, o cümlədən xarici işlər və müdafiə nazirliklərinə rəhbərlik etmiş Taro Kono rəqəmsallaşma və İKT sahəsi üzrə nazir təyin edilib. Hakim Liberal Demokratik Partiyanın (LDP) siyasi şurasının rəhbəri olmuş Sanae Takaiçi isə iqtisadi təhlükəsizlik naziri təyin edilib.

Bundan əlavə, sabiq səhiyyə, əmək və sosial təminat naziri və Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato əvvəlki nazir portfelini qaytarıb. Yasutoşi Nişimura isə iqtisadiyyat, ticarət və sənaye naziri, həmçinin Rusiya ilə iqtisadi əməkdaşlığa məsul nazir vəzifəsinə təyin edilib.

Ümumilikdə, Nazirlər Kabinetinin tərkibində olan 19 nazirdən 9-u ilk dəfə hökumətin tərkibinə daxil edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti