"Böyük qardaş"ın notası İrəvanı qorxudacaqmı?

      "Böyük qardaş"ın notası    İrəvanı qorxudacaqmı?
  17 Avqust 2022    Oxunub:1227
Bu gün Rusiya özünün ən yaxın müttəfiqlərindən sayılan Ermənistana nota verdi. Xəbər bir qədər gözlənilməz olsa da, Moskvanın İrəvana barmaq silkələyəcəyi gözlənilən idi.
Rusiya Ermənistana nota verdi
Məsələni AzVision.az -a şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan şahinoğlu deyib ki, Ermənistan mediasında İrəvandakı “Surmalu” ticarət mərkəzindəki partlayışda “Rusiya izi” barədə o qədər xəbər yayıldı ki, Rusiyanın bu ölkədəki səfirliyi Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərmək məcburiyyətində qaldı.

- Aydındır ki, notanın hazırlanmasıyla bağlı təlimat Moskvadan gəlib. Kremldəkilərin xoşuna gəlməyib ki, İrəvandakı ticarət mərkəzindəki yanğını Rusiya ilə əlaqələndiriblər. Həqiqətən Ermənistan hakimiyyətinə yaxın mediada yanğının, o cümlədən metro və hava limanlarına minaların yerləşdirilməsi xəbərdarlıqlarının Rusiya kəşfiyyatının təşkil etdiyinə dair yazılar çoxalıb. Rusiyanın notasında belə bir cümlə var: “Rusiya-Ermənistan müttəfiq münasibətlərini pozmaq istəyən siyasi qüvvələrin təxribatını qınayırıq, Ermənistan hökumətindən qəti addımlar, o cümlədən zəruri şərhlər gözləyirik”.

Kremlin təlimatıyla hazırlanan bu cümlədə “siyasi qüvvələr” və “Ermənistan hökumətindən qəti addımlar gözləyirik” ifadələrinin yer alması əslində təxribatçı xəbərlərin arxasında Ermənistan hakimiyyətinə bağlı qüvvələrin dayandığına eyham var. Görünür, Kreml hesab edir ki, baş nazir Nikol Paşinyan və onun tərəfdarları Rusiyadan narazılıqlarını təxribatların arxasında Moskvanın adını hallandırmaqla bildirməyə çalışırlar. Təsadüfi deyil ki, Kremlə yaxın rusiyalı siyasi ekspertlər mediada Paşinyanın Qərbə satıldığını iddia edirlər. Bu ittihamlar və iddialar Paşinyanın və onun nazirlərinin Kremldən “Azərbaycanı durdurun” yalvarışlarını, çoxsaylı qarşılıqlı səfərləri və telefon zənglərini heçə endirir, bizə də imkan verir ki, Qarabağda daha sürətlə qayda-qanun yaradaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan  





Xəbər lenti