"O, dostlarını heç vaxt unutmurdu"

   "O, dostlarını heç vaxt unutmurdu"
  17 Avqust 2022    Oxunub:940
Bu gün Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
AzVision.az xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edərək, Müslüm Maqomayevlə bağlı xatirələrini bölüşüb.

Sonra unudulmaz sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya çıxış edib:

- İlham Heydər oğlu uzun illər boyu mənim qəlbimdə olan sözlərin hamısını tam dəqiqliklə dedi. Ümumiyyətlə, yəqin ki, Müslümü təkcə müğənni kimi deyil, əsasən bir insan kimi tanıyan bütün adamlar, zənnimcə yüz faiz Sizinlə razılaşarlar. Onu qəlbinizdə yaşatdığınıza, Müslümün indi tanıya bilməyəcəyi bu gözəl şəhərin ab-havasında onu yaşatdığınıza görə çox sağ olun. Ruslarda belə bir deyim var: “Muraşki beqayut”, azərbaycanca “tüklərim biz-biz olur” deyirlər. Düz dedimmi? Bəli, Müslüm kifayət qədər soyuq Moskvadan sonra buraya gələndə bütün varlığı cuşa gəlir, burada həm mahnılar, həm də onun rəsm əsərləri yaranırdı.

Yəqin bilirsiniz, o, öz rəsm əsərlərindən birini Heydər Əliyevə hədiyyə etmişdi. Heydər Əliyevin verdiyi qiymət çox xoş idi. O, təəccüblənmişdi, ona görə ki, Müslümün həm də şəkil çəkdiyini gözləmirdi. Demək istəyirəm, Sizin sözləriniz məndə belə bir fikir oyatdı ki, vaxtilə “Mavi əbədiyyət” mahnısını yazmaqla o, praktiki olaraq həmin əbədiyyətə qovuşdu və tale onu “Əlvida, Bakı” mahnısı ilə əbədiyyətə qovuşdurdu. Bu mahnıda o, musiqi dili ilə ürəyini boşaldıb, Sergey Aleksandroviç Yesenin isə bu hissləri sözlərlə ifadə edib və iki poetik qəlb birləşib. Buna görə çox sağ olun ki, onu xatırlayırsınız, sevirsiniz, ehtiram bəsləyirsiniz, böyüməkdə olan nəsli də bu ruhda tərbiyə edirsiniz. Siz çox düzgün qeyd etdiniz ki, Müslümün əlçatmaz zirvə olmasını nəzərə alaraq, ondan özünü necə aparmağı, səhnədə necə hərəkət etməyi, dostlarla necə ünsiyyət saxlamağı öyrənmək olar. O, dostlarını heç vaxt unutmurdu, heç vaxt.

Bilmirəm, bəlkə məndə belə bir hiss olur ki, haqqında danışdığımız insan, xüsusən dünyasını dəyişənlər həmişə yanımızdadırlar. Müslüm həmişə, hər halda mənim üçün belədir. Burada Heydər Əlirza oğlu da, Zərifə Əziz qızı da var, praktiki olaraq həyatımızı bir yerdə keçirdiyimiz insanların hamısı buradadır. Düşünürəm ki, bu gün həm dünyasını dəyişmiş dostlarımızı - Eldar Quliyevi, Tofiq Quliyevi, Tahir Salahovu, həm də bizi əhatə edən, həyatımızı bəzəyən, ona hərarət gətirən neçə-neçə dostlarımızı da xatırlayırıq. Çox sağ olun.

AzVision.az


Teqlər:





Xəbər lenti