"Səfərbərlik böhranı" böyüyür: Rusiya sərhədi bağlayacaqmı?

"Səfərbərlik böhranı" böyüyür:  Rusiya sərhədi bağlayacaqmı?
  22 Sentyabr 2022    Oxunub:2008
Rusiya prezidenti Vladimir Putinin elan etdiyi qismən səfərbərlik dövlət sərhədində tıxaclara səbəb olub. Ruslar kütləvi şəkildə ölkəni tərk etməyə başlayıblar. Son iki gündə nəinki Finlandiya ilə Gürcüstan, hətta Rusiya-Monqolustan sərhədində də böyük tıxaclar müşahidə olunub.
Bu arada "Meduza" nəşri Kremlə yaxın mənbəyə istinadən məlumat yayıb ki, Rusiya hakimiyyəti hələlik sərhədi kişilər üçün bağlamağı planlaşdırmır. Lakin əgər kütləvi şəkildə ölkədən axın olarsa, vəziyyət kəskin şəkildə dəyişə bilər. Mənbənin sözlərinə görə, bu qərar şəxsən Vladimir Putindən, Müdafiə Nazirliyinin, xüsusi xidmət orqanlarının və digər hüquq-mühafizə orqanlarının qiymətləndirməsindən asılı olacaq.

Qismən səfərbərlik elanından sonra ruslar ölkədən qaçır
Səfərbərliyin təxmini alqoritmi də müəyyən edilib. Artıq ilk günlərdə çağırış şərtlərinə uyğun gələn bir çox vətəndaş hərbi komissarlıqlara dəvət olunacaq.
“Onlar vətəndaşları məlumatları yoxlamaq üçün dəvət edəcəklər. İsrarla könüllü olaraq müqavilə imzalamağı təklif edəcəklər. Cinayət Məcəlləsinə edilmiş yeni dəyişiklikləri əsas gətirməklə vətəndaşlara təzyiq göstərəcəklər. Heç də hər insanın hüquqi savadı yoxdur. Müqaviləyə razı olmayanlar buraxılıb, sonradan səfərbərliyə alınacaqlar. Yəni artıq könüllülük olmayacaq”, - "Meduza" mənbəyə istinadən hakimiyyətin planlarını belə izah edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib. O, xalqa müraciətində eyni zamanda bütün dünyanı nüvə silahı ilə hədələyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Səfərbərlik  





Xəbər lenti