20 valideyn Cəlal Arutyunyanın əleyhinə ifadə verib

   20 valideyn Cəlal Arutyunyanın əleyhinə ifadə verib
  30 Sentyabr 2022    Oxunub:404
Ermənistanda növbəti dəfə orduyla bağlı səs-küylü həbs reallaşa bilər. “Joğovurd” qəzetinin yaydığı məlumata görə indi hədəfə separatçıların keçmiş "müdafiə naziri" Cəlal Arutyunyan alınb.
Nəşr yazır ki, Cəlal Arutyunyana qarşı başlanmış cinayət işi çərçivəsində Tsor hərbi hissəsində xidmət edən çağırışçıların valideynləri də ifadə veriblər.

“Əldə etdiyimiz məlumata görə, Cəlal Arutyunyana qarşı ittiham irəli sürülməzdən əvvəl hərbi hissənin həlak olan hərbçilərinin 20 valideyni dindirilib, onlar Cəlal Arutyunyana qarşı konkret faktlarla ifadələr veriblər. Valideynlər övladlarının ölümündə kimin məsuliyyət daşıdığını ətraflı izah ediblər", - müəllif yazıb.

Arutyunyanın həbsinə hazırlıq gedir - Vəkil dindirilmədən danışmaq istəməyib
Qeyd edək ki, 44 günlük müharibə zamanı Qarabağdakı keçmiş qondarma rejimin "müdafiə ordusu"na rəhbərlik etmiş Cəlal Arutyunyana qarşı bir neçə ittiham irəli sürülüb. Bunlardan biri Tsor hərbi hissəsinin artilleriyaçılarının kütləvi şəkildə qırılması halları ilə bağlıdır.

Müharibədə ordumuzun keçirdiyi uğurlu əməliyyat zamanı ağır yaralanan və bu səbəbdən tutduğu vəzifədən uzaqlaşdırılan 47 yaşlı Cəlal Arutyunyana qarşı irəli sürülən digər ittiham da diqqət çəkir. Qeyd edilir ki, oktyabrın 7-dəki əks-hücum əməliyyatları zamanı məhz onun tətbiq etdiyi yalnış hərbi taktikalar nəticəsində erməni silahlı birləşmələri canlı qüvvə və hərbi texnika baxımından xeyli itki verib. Ehtiyat hissələr isə qeyri-döyüş vəziyyətinə keçirilib, nəticədə mühüm atəş mövqeləri Azərbaycan hərbçiləri tərəfindən azad olunub.

Xatırladaq ki, sentyabrın 10-da Harutda öldürülmüş erməni hərbçilərin 30-a yaxın valideyni Ermənistan İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyanla görüşü zamanı da Cəlal Arutyunyanın həbsini tələb etmişdilər. Həmin valideynlərin övladları 2020-ci il oktyabrın 11-də 73 nəfərdən ibarət məşhur bölüyün tərkibində döyüşüblər. Onlar Cəlal Arutyunyanın əmri ilə Ağdərədən artıq Azərbaycanın işğaldan azad etdiyi Hadrut qəsəbəsinə göndəriliblərmiş.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Həbs  







Xəbər lenti