“Qrad”ın zəif plagiatı: “Pinaka” acı taleyilə görüşə tələsir – ARAŞDIRMA

      “Qrad”ın zəif plagiatı:    “Pinaka” acı taleyilə görüşə tələsir –    ARAŞDIRMA
  30 Sentyabr 2022    Oxunub:2261
Hindistan Ermənistanla raket, mərmi və sursat tədarükünü əhatə edən böyük həcmli müqavilə imzalayıb. Müqaviləyə əsasən Ermənistan müasir "Pinaka" raketləri və tank əleyhinə silahlar alacaq. Sövdələşmənin dəyəri təxminən 244 milyon dollar qiymətləndirilir.
“Pinaka” - 40 km mənzilə malik yaylım atəşli reaktiv sistemdir (YARS). Artilleriya hissə və bölməri tərəfindən istifadə olunur. Bir atıcı qurğu üzərində mövcud olan 12 ədəd boruşəkilli istiqamətləndiricinin buraxdığı yaylım atəşi 1 kv.km-ə qədər ərazidə yerləşən hədəflərə zərər vura bilər.

YARS - uzaq məsafələrdə, düşmənin açıqda və sığınacaqda yerləşən canlı qüvvəsindən, zirehsiz və zirehli texnikalarından, artilleriya qurğularından, taktiki raketlərindən, zenit-raket sistemlərindən ibarət olan qrup hədəflərini məhv etmək, komanda məntəqələrini, rabitə mərkəzlərini və hərbi-sənaye obyektlərini dağıtmaq, həmçinin dağlıq ərazilərin uzaq məsafədən piyada və tank əleyhinə minalanması üçün nəzərdə tutulur.

Hazırlanması və istehsalı

“Pinaka” sistemi Hindistanın Silah Tədqiqat və İnkişaf Mərkəzi olan DRDO tərəfindən 1986-cı ildə hazırlanıb. 1998-ci ildən bugünə qədər “Tata Group” ilə “Larsen & Toubro” şirkətləri tərəfindən birgə istehsal edilir. Bir batareya dəstinin dəyəri təxminən 54 milyon ABŞ dollarıdır. Batareya dəstinə 6 atıcı qurğu, 6 yükləmə maşını, 3 daşıma maşını, 2 komanda məntəqəsi və 1 radiolokasiya stansiyası daxildir. Böyük ehtimalla Ermənistan bu sistemin 4 batareya dəstini əldə etməklə bir reaktiv artilleriya divizionu formalaşdırmaq niyyətindədir. Yerdə qalan 28 milyon dollara tank əleyhinə vasitələr və təlim trenajorları daxil ola bilər.
Ermənistana "silah satmayan müttəfiqi" kimdir?

Sursatların atəş məsafəsi

Mk-I: 37,5 km;
Mk-I “Enhanced” (təkmilləşdirilib): 45 km;
Mk-II: 60 km;
İdarəolunan “Pinaka”: 75 km (inkişaf mərhələsindədir);
ERR 122: 40 km (sınaq mərhələsindədir);
Mk-II ER: 90 km (sınaq mərhələsindədir);
Mk-III: 120 km (inkişaf mərhələsindədir).

Texniki xüsusiyyətləri

Uzunluğu: 2,91 - 5,17 m;
Çapı: 122 mm - 214 mm.

Rus silahının uğursuz plagiatı

Yaxın illərə qədər SSRİ/Rusiya silahlarının Hindistanda istehsalı Delhinin əsas prioritetlərindən idi. Rusiyanın “Su-67” qırıcısının elan edilən xüsusiyyətlərə uyğun gəlməməsi səbəbindən Rusiya-Hindistan münasibətləri pozuldu. Nəticədə Hindistan daha əvvəl Rusiyadan aldığı bəzi silah və sursatların plagiat versiyalarını hazırlamağa başladı. Rəsmi mənbələr və yerli KİV-lər hind silahının “uğurları” barədə geniş məqalələr dərc etsələr də, bu günə qədər Ermənistandan başqa kimsə bu rəvayətlərə inanmır.

Köhnə silahın kasıb alıcısı

Hindistan 2020-ci ildən “Pinaka” sisteminin idarəolunan reaktiv mərmilərinin sınaqlarını keçirir. Lakin bu sınaqların uğurlu nəticələrini əks etdirən görüntülər ictimaiyyətə təqdim edilmir. Görünür, Hindistan sistem üçün yeni reaktiv mərmilərin istehsalına artıq hazır olduğuna və ya bu prosesə başladığına görə əvvəlki sistemləri idarəolunmayan sursatları ilə birlikdə satmağa qərar verib. Çünki yeni idarəolunan sursatlar əvvəlki idarəolunmayan sursatları əvəz etmək üçün nəzərdə tutulurdu.

Geosiyasi oyun

İllərdir qapı-qapı düşüb maddi kömək üçün ağlaşma quran Ermənistanın əldə etdiyi vəsaitlərin qoxusunu alan Hindistan Rusiya ilə “Su-57” məsələsinə görə mövcud olan köhnə haqq-hesabının bir hissəsini İrəvana silah satmaqla kompensasiya etməyə çalışır. Paralel olaraq Hindistan, Pakistan və Çinin Azərbaycanla mövcud münasibətlərinə cavab olaraq Ermənistana silah tədarük etməklə regiona daxil olmağı hədəf götürüb. Bu isə Ermənistandan qovulmaq üzrə olan Rusiyanın da maraqlarına tamamilə ziddir.

Təcrübə nə deyir?

Hindistan əvvəllər də Ermənistana silah satıb. 2020-ci ildə 40 milyon dollarlıq 4 ədəd “Swathi” batareya əleyhinə radar Ermənistana tədarük edilib. Bundan başqa Ermənistandan qənimət olaraq götürdüyümüz silahlar arasında “Spike-SR” TƏİRK-lərinə rast gəlirdik (bunların İsraildən texnologiyası ilə birlikdə alındığı və müqavilə şərtlərinə zidd olaraq Ermənistana verildiyi ehtimal olunur). Lakin bu Hindistan silahları nə Vətən Müharibəsində, nə də ondan sonrakı müddətdə heç bir ciddi rol oynamayıb və döyüş əməliyyatlarının gedişatına təsir etməyib.

Ümumiyyətlə Hindistanın silah sənayesi beynəlxalq miqyasda ciddi nüfuza malik deyil və Delhi özü silah idxalından asılıdır. Belə vəziyyətdə Hindistanın Ermənistana bir reaktiv artilleriya divizion dəstini satması regionda güc balansını işğalçı ölkənin xeyrinə dəyişə bilməz. Nəzərə alsaq ki, bu silah sistemlərinin baza versiyası atıcı qurğu üzərindəki istiqamətləndirici lülələrin sayının 3 dəfə daha az olması şərtilə Rusiyanın BM-21 “Qrad” sistemlərilə təxminən eyni göstəricilərə yaxındır və Ermənistanın Vətən Müharibəsi zamanı 97 ədəd BM-21 “Qrad” qurğusu Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib və ya qənimət olaraq ələ keçirilib, o zaman Hindistanın Qafqazdakı vəziyyəti gərginləşdirmək məqsədilə İrəvana verdiyi reaktiv sistemlərinin kədərli aqibətini indidən proqnozlaşdırmaq çətin deyil.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün

Teqlər:   Hindistan   Pinaka   Silah  







Xəbər lenti