Bal yarmarkasında zəngəzurlu və qarabağlı fermerlər də iştirak ediblər

   Bal yarmarkasında    zəngəzurlu və qarabağlı    fermerlər də iştirak ediblər
  01 Oktyabr 2022    Oxunub:787
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu gün Bakıda keçirilən arıçılıq məhsullarının yarmarkasına ilk dəfə olaraq Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonasından olan fermerlər öz məhsullarını satışa çıxarıblar.
AzVision.az xəbər verir ki, bu barədə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib. Onun sözlərinə görə, ilk dəfədir ki, arıçılıq təsərrüfatları olan bütün rayonlardan məhsul satışa çıxarılıb: "Yarmarkada 120 ton məhsul satışa çıxarılıb. Bunun 100 tonu süzmə bal, 20 tonu isə şan şəklində olan məhsullardır".

V.Hüseynovun sözlərinə görə, nazirlik tərəfindən keyfiyyət məsələsinə ciddi nəzarət olunub:

"Yarmarkada satılan arıçılıq məhsulları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yoxlanılıb. Normativlərə uyğun olan məhsulların yarmarkada satışına icazə verilib. Normativ göstəriciləri aşağı olan məhsullar isə bizim anbarlarda möhürlənərək saxlanılır və yarmarka başa çatdıqdan sonra fermerlərə geri qaytarılacaq. Bu baxımdan əminliklə deyə bilərik ki, yarmarkaya çıxarılan məhsullar ən keyfiyyətli məhsullardır".

Nazirliyin rəsmisi bildirib ki, balın qiymətini fermer özü müəyyənləşdirir:

“Yarmarkada müxtəlif qiymətə bal təklif olunur. Fermer burada balın istehsalının maya dəyərini nəzərə alır, özünün marjasını qoyub satır. Qiymət siyasətinə nazirlik qarışmır. "Balı bu qiymətdən baha satıla bilməz” mexanizmi yoxdur. Həm də bazar iqtisadiyyatıdır. Məhsulu istehsal edən qiyməti özü müəyyənləşdirir. Məsələn, bir arıçı öz həyətində öz rayonunun ərazisində heç bir daşıma xərci olmadan və ya az daşıma xərci ilə yüksək keyfiyyətli bir məhsul istehsal edə bilir. Bunun da maya dəyəri az olduğundan məhsulu daha tez satmaq üçün aşağı qiymətə təklif edə bilir.

Amma yüksək dağlıq ərazilərdə, xüsusilə işğaldan azad olunmuş ərazilərdəki infrastruktur işğal dövründə darmadağın olunub. Buna rəğmən həmin rayonlarda - Kəlbəcər, Laçın, Qubadlı, Xocavənd, Cəbrayıl və digər işğaldan azad olunmuş ərazilərdən olan fermerlər öz təsərrüfatlarını həmin ərazilərə aparıblar və onların orada daşıma, yaşama, arıya qulluq xərcləri və digər amilləri nəzərə alınaraq məhsulun qiymətini formalaşdırır".

V.Hüseynov qeyd edib ki, bu il xüsusi qablaşdırılmış şəkildə satılan arıçılıq məhsulları daha çoxdur.

“Əvvəllər bal standart şəkildə boş bankalara süzülürdü. Bu il etiketlənmiş, markalanmış, brend məhsul forması istiqamətində ilk addım atan arıçılarımız daha çoxdur. Həmin məhsullara alıcılar tərəfindən maraq yüksəkdir. Fermerlər yarmarkanın əvvəlində məhsullarını daha yüksək qiymətə təklif edirlər, son həftələrdə artıq görürlər ki, məhsulu sata bilmirlər qiymətləri aşağı salırlar. Yekun nəticədə isə məhsulun orta bazar qiyməti formalaşır”, - nazirlik rəsmisi bildirib.

Qeyd edək ki, yarmarka oktyabrın 20-dək fəaliyyət göstərəcək. Alıcılar hər gün saat 09:00-dan 19:00-dək bal və arıçılıq məhsullarını əldə edə bilərlər.

AzVision.az



Teqlər: Baı-Yarmarkası   Zəngəzur   Qarabağ  





Xəbər lenti