"Hər bir xalın bizim üçün böyük önəmi var" - Qurban Qurbanov

"Hər bir xalın bizim üçün böyük önəmi var" -    Qurban Qurbanov
  05 Oktyabr 2022    Oxunub:713
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Olimpiakos"la səfər matçından öncə mətbuat konfransı təşkil edib.
AzVision.az xəbər verir ki, mütəxəssis konfransda oyuna hazır olduqlarını deyib: "Çox yaxşı stadionda sabah uğurlu nəticə əldə etməyə çalışacağıq. Bütün futbolçular hazırdır. Sadəcə, Marko Yankoviçlə bağlı sabah qərar verəcəyik. Həkimlərin müayinəsindən sonra durumuna aydınlıq gələcək. “Olimpiakos” barədə çox danışmağa ehtiyac yoxdur. Rəqibin baş məşqçisi yaxşı, bacarıqlı mütəxəssisdir. Aqressiv və sürətli futbol tələb edir. Son çempionat matçında da dinamika yüksək idi. Çılğın azarkeşləri olan komandalara qarşı aqressiv futbol sərgiləmək bizim üçün maraqlı olub. İnşallah, bu tərəfdən bir problemimiz olmayacaq. “Olimpiakos”u yeni baş məşqçinin rəhbərliyi altında cəmi bir oyunda izləmişik. Bu da çempionat matçı idi. Miçel haqda geniş məlumatım var, maraqlanmışam. Baş məşqçiyə qarşı tam hazırlaşa bilməyəcəyik. Çox istərdik ki, rəqibin bütün futbolçuları sabah meydanda iştirak eləsin, canlı görək. Futbolçularımın təcrübəsi var, bu oyuna hazır olacaqlar. “Olimpiakos” elə komandadır ki, oyunçular arasında fərq o qədər də böyük deyil. Bir-birlərini layiqincə əvəzləyə bilirlər. "Olimpiakos" kollektiv oyuna üstünlük verir. Heç vaxt kimisə digərlərindən üstün tutmamışam. Amma hər bir futbolçunun potensialını bilirik. Bununla bağlı bizdə lazımi məlumatlar var. Bəlkə də, “Olimpiakos”un baş məşqçisi 4-5 tur əvvəl gəlsəydi, bizə daha rahat olardı. Amma istənilən halda futbolçularım matça hazırdırlar".

Qurbanov bildirib ki, Yunanıstan təmsilçisi ilə görüşdə diqqətli olmalıdırlar: "Oyun ərzində görmədiyimiz detallar ola bilər. Bizi yalnız bu amil narahat edir. Amma öz oyunumuz haqqında düşünməli, meydanda daha çox mübarizə aparmalıyıq. Çox diqqətli olmalıyıq. İnanıram ki, maraqlı görüşün şahidi olacaqsınız. Matçın mahiyyətini başa düşürük. Rəqibin müsahibələrindən də hiss olunur ki, qarşılaşmaya çox ciddi hazırlaşırlar. Onlarla ardıcıl həm burada, həm də Bakıda üz-üzə gələcəyik. Hər iki tərəf üçün vacib matçdır. Oyuna tam hazır və çox istəkliyik. Sabah yaxşı mübarizə göstərmək istəyirik. Futbolçularıma güvənirəm".

Çalışdırıcı bunu da qeyd edib ki, növbəti mərhələ üçün mübarizə son turadək davam edəcək: "Müasir futbolda istənilən komandanın qalib gəlmə və məğlub olma ehtimalı var. “Olimpiakos”la oyuna sadəcə 3-cü tur matçı kimi baxıram. Son oyuna kimi hər qarşılaşma bizim üçün vacib olacaq. Dəfələrlə olub ki, üstün çıxış etməyimizə baxmayaraq, sonda qrupda qalmışıq. PAOK-la ardıcıl iki görüşdə də 4 xal qazansaq da, qrupdan çıxa bilməmişdik. Hər bir xalın bizim üçün böyük önəmi var. Bir məğlubiyyət hər şeyi dəyişə bilər. Hazırkı nəticəmizi daha da yaxşılaşdırmaq istəyirik. Qrupdakı hər 3 komandaya eyni gözlə baxırıq. Hər matça eyni ciddiliklə hazırlaşırıq və bu, hər zaman belə olacaq".

Qeyd edək ki, sabah "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti