Allahın adı ilə yürüdülən şeytan siyasəti - TƏHLİL

Allahın adı ilə yürüdülən şeytan siyasəti -  TƏHLİL
  03 Noyabr 2022    Oxunub:1837
Rəsmi Tehran Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini sözdə dəfələrlə bəyan etsə də, praktiki müstəvidə daim bunun əksini sərgiləyib. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra isə ölkəmizə qarşı aşkar düşmən mövqe tutan İran İslam respublikası müxtəlif səpkili təxribatçı bəyanatlarla yanaşı, vaxtaşırı sərhəd zonasında hərbi təlimlər keçirərək, əzələ nümayiş etdirir.
Bununla İran nəyə nail olmaq istəyir və belə siyasət ona nəyin bahasına başa gələ bilər?
İslam dünyasında liderlik iddiasının iflası

Böyük şiə dövləti İranın əsas ambisiyası ümumilikdə müsəlman aləminin lideri mantiyasını zor-xoş mənimsəməklə bağlıdır. Lakin istəmək işin heç mində biri də deyil. Əsas məsələ bunu sözdə deyil, əməldə sübut eməkdir. Can atdığı statusu qazana bilməməsinin əsas günahkarı məhz İranın özüdür.

İslam sivilizasiyasının üç tərkib hissəsindən biri olan fars dünyasını təmsil edən İran digər iki qanada – türk və ərəb dünyalarına qarşı daim antaqonist mövqedə dayanıb. Bu isə öz növbəsində İslam dünyasında ikitirəlik yaradır və bir çox önəmli məsələlərdə vahid mövqe formalaşdırmağa imkan vermir. Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana son səfərini şərh edən erməni politoloq, iranşünas Janna Vardanyanın bəyanatı isə bütün qaranlıq məqamlara aydınlıq gətirir: “Ermənistan İran üçün Avropaya alternativ yol, Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərin dərinləşdirilməsi imkanıdır, İrəvan isə türk dünyası ilə mübarizədə Tehranın həmfikiridir”. Klassiklər demişkən, şərhə ehtiyac yoxdur.

Tehranın bir sıra terrorçu qruplaşmaları silahlandırması və maliyyələşdirməsi beynəlxalq aləmdə “islam terrorçuluğu” barədə fikir formalaşdırır ki, bu da ümumilikdə humanist dəyərlərin daşıyıcısı olan İslam dininin üzərinə kölgə salır.


Cənubi Qafqazda təcavüzkar siyasət aparan və elə İranın özü də daxil olmaqla bütün qonşulara açıq, ya gizli şəkildə ərazi iddiaları irəli sürən terrorçu Ermənistana Tehranın xüsusu qayğı sərgiləməsini başqa cür izah etmək mümkün deyil. Tehranın anti-Azərbaycan siyasəti hətta o həddə çatıb ki, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian İrəvana son səfəri zamanı Ermənistanın təhlükəsizliyinin təminatını regional təhlükəsizliyin və İranın təhlükəsizliyinin təminatı ilə identikləşdirib. Beləliklə də, regionu erməni təcavüzündən necə xilas etmək üzərində baş sındırmaq əvəzinə, təcavüzkarın təhlükəsizliyinin təminatı qayğısını çəkən İran özünü Ermənistanla bir sıraya qoyur.

İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi ilə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın görüşündə əldə olunan razılığa görə, Şərqi Azərbaycanın Nordooz kəndi üzərindən keçəcək 7,2 kilometrlik Qacaran tunelini məhz İran şirkətləri inşa edəcəklər. Bundan əlavə, İranın sement, polad və tikinti materialları istehsalçıları Ermənistanda fəaliyyətə başlayacaqlar. Halbuki, Azərbaycan və Rusiya ilə birlikdə reallaşdırılan “Şimal-Cənub” nəqliyyat dəhlizinin İran ərazisindəki 164 kilometrlik Qəzvin-Rəşt-Astara (İran) hissəsinin tikintisini Tehran 14 ildir ki, müxtəlif bəhanələrlə uzadır. Maraqlıdır ki, Ermənistana hər şeyini qurban verməyə hazır olan Tehrana Qəzvin-Rəşt-Astara (İran) dəmir yolunun tikintisi üçün Azərbaycan hətta 500 milyon dollar həcmində kredit versə də, İran öz öhdəliyini hələ də yerinə yetirməyə tələsmir.
Bu məqamlar İranın İslam dünyasında liderliyə layiq olmadığından və onun bu iddiasının heç vaxt gerçəkləşməyəcəyindən xəbər verir.

Güney Azərbaycanın Tehranın istibdadına qarşı mübarizəsi

İranın İslam əxlaqına və dəyərlərinə diametral şəkildə zidd olan siyasəti yalnız müstəqil Azərbaycanın yox, həm də Güney Azərbaycanda yaşayan 30 milyondan artıq soydaşımızın haqlı narazılığına səbəb olur. Rəsmi Tehranın İran dövlətçiliyinin əsasını formalaşdıran və ölkə əhalisinin təxminən 40%-ni təşkil edən türk kökənli azərbaycanlılara qarşı istibdadı bu narazılığı və inqilabi əhval-ruhiyyəni daha da sərtləşdirir.

Ötən əsrin birinci yarısında Güney Azərbaycanda milli-azadlıq zəminində yaşanan 3 inqilab və uzun müddət ölkənin hərbi elitasında məhz azərbaycanlıların aparıcı rol oynaması İranın teokratik rejimi üçün çox ciddi xəbərdarlıq olmalıdır. Habelə son 15-16 ildə güneyli soydaşlarımızın bir neçə dəfə İranın teokratik rejimi ilə sərt mübarizəyə qalxması da İrandakı hakimiyyətin manevr imkanlarını get-gedə daraldır. Amma rəsmi Tehran çıxış yolunu teokratik rejimin istibdadı ilə mübarizə aparan güneyli soydaşlarımıza qarşı zorakılığa və işgəncələrə əl atmaqda görür.

2003-cü ildə İran Şimal-Şərqində azərbaycanlıların kütləvi etiraz aksiyalarına qarşı cəza tədbirləri görən İran hakimiyyəti 19 yaşlı azərbaycanlı tələbə qızı nümayişkarənə şəklidə edam etdi. 2006-cı ildə İranın dövlət qəzetlərindən birində azərbaycan dilini lağa qoyan karikaturanın dərc olunmasına qarşı Təbrizdə, Tehranda, Urmiyada, Xoyda, Parsabadda, Meşkində, Sulduzda və digər İranın digər şəhərlərində minlərlə insanın qoşulduğu etiraz aksiyalarının dinc iştirakçılarına divan tutuldu. Nəticədə 50 azərbaycanlı qətlə yetirildi, 600 çoxdan etirazçı yaralandı, 4000 mindən artıq soydaşımız isə həbsxanalara atıldı.

İranın teokratik rejiminin azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti, azərbaycan irsinə hörmətlə yanaşmaması, habelə onların yaşadıqları ərazilərin ekoloji problemlərinə biganəliyi 2011-ci ildə Güney Azərbaycanında növbəti dəfə kütləvi etiraz aksiyalarına səbəb oldu. Azərbaycanlılara qarşı təhqiramiz yanaşmanın daha bir nümunəsi 2015-ci ilin noyabrında İranın dövlət kanalında yayımlanan “Fitileh” verilişində göstərilən teletamaşada nümayiş etdirildi. Buna qarşı Təbrizdə, Urmiyada, Zəncənda və digər şəhərlərdə etiraz nümayişlərinə çıxan azərbaycanlılara qarşı gözyaşardıcı qazdan istifadə edən İran polisi çoxsaylı həbslər həyata keçirdi. Cəza tədbirləri zamanı bir azərbaycanlı öldürüldü.


Təxminən 87 milyon əhalisi olan İranda yaşayan cəmi-cümlətanı 70-80 min erməniyə verilən imtiyazlar qarşılığında azərbaycanlıların hüquqlarının tapdanması siyasəti Güney Azərbaycanda milli-azadlıq əhval-ruhiyyəsini şərtləndirən əsas amildir. Hazırda İranda yaşanan etiraz aksiyalarının qarşısını almaqda teokratik rejim böyük çətinliklərlə üzləşib. Bir sıra mənbələr İranın elitar hərbi qurumu olan İslam inqilabı keşikçiləri korpusunda (İİKK) rəhbər vəzifələr tutan azərbaycanlı zabitlərin bu korpusun nümayişçilərə qarşı sərt tədbirlər görməsindən narahatlıq izhar etdiklərini bildirilər.

Bu etiraz dalğasında iştirak edən güneyli soydaşlarımız isə Vətən müharibəsində təcavüzkar Ermənistanı diz çökdürmüş və Cənubi Qafqazın lideri olan müstəqil Azərbaycanı özlərinin güvənc yeri sayırlar. Güney Azərbaycanın bütün şəhərlərində divarlara Prezident İlham Əliyevin fotosu olan və üzərinə “Güney Azərbaycan Sizin arxanızdadır, cənab Prezident!” yazılmış plakatların vurulması sıradan hadisə deyil. Onlar bununla İlham Əliyevin yalnız müstəqil Azərbaycanın yox, güneyli soydaşlarımız da daxil olmaqla bütün dünya azərbaycanlılarının Prezidenti kimi dəstəklədiklərini nümnayiş etdirirlər.


Tarixən İran dövlətçiliyinin formalaşdırılmasında əsas rol oynamış türk kökənli azərbaycanlıların zorakılığa və igəncələrə məruz qoyulması Güney Azərbaycanın müstəqilliyinin elan edilməsi üçün tarixi şəraitin yetişdiyini göstərir. Təxminən 1000-ci ildən başlayaraq 1925-ci ilə qədər əsasən türk sülalərinin rəhbərlik etdiyi və məhz həmin dövrdə əzəmətli dövlət olmuş İranda azərbaycanlılara qarşı istibdad siyasətinə yalnız bu yolla xitam verilə bilər.

Sahil İsgəndərov, politoloq
AzVision.az

Teqlər: İran   GüneyAzərbaycan  







Xəbər lenti