Sosial ödəmələr nə qədər artmalıdır – ŞƏRH

   Sosial ödəmələr nə qədər artmalıdır –    ŞƏRH
  12 Noyabr 2022    Oxunub:1623
Hazırda əhalini sosial həssas təbəqəsinin gələn ilin yanvarında gözlənilən artımlara böyük ümidləri var. Çünki il ərzində gedən bahalaşma insanların dolanışığına həqiqətən pis təsir edib. Bu təkcə bizdə deyil, bütün dünyada belədir: sıravi vətəndaşların gəlirləri xərclərini ödəmir və aradakı fərq getdikcə böyüyür.
Rəsmi rəqəmlərə əsasən, ölkəmizdə inflyasiya 14%, ərzaq inflyasiyası isə 21 faizdir. Belə bir vəziyyətdə hökumətin qarısında ciddi sual durur: Gələn il artımlar nə qədər olmalıdır ki, sosial vəziyyəti həssas insanların ümidləri qırılmasın?

Bu haqda danışanda əvvəlcə əhaliyə sosial ödənişlərin indeksasiyasını və artımını bir-birindən ayırmaq lazımdır. İnflyasiya 14 faizdirsə, indeksasiya da buna bərabər olmalıdır. Əks halda belə çıxacaq ki, artırılan hissə tam şəkildə inflyasiyanın yeminə çevrilir. Əgər 10% də real artım olacaqsa, demək, təxminən 25%-lik çoxalmadan söhbət getməlidir. Bu mümkün olacaqmı?

Maaş və sosial ödənişlərin məhz nə qədər artırılacağını indidən demək mümkün deyil. Bu, parlamentdəki müzakirələrdən və büdcənin qəbulundan sonra aydınlaşacaq. Amma bəllidir ki, gələn il yaşayış minimumu cari illə müqayisədə 17,15%, ehtiyac meyarı isə 23% artırılacaq. İlk dəfə olaraq ölkədə yaşayış minimumu ilə ehtiyac meyarı göstəriciləri bərabərləşdirilərək, eyni səviyyədə - 246 manat olacaq. Bunlar isə digər sosial ödənişlərin hesablanması üçün baza rolunu oynayırlar. Yaşayış minimumu - əhalinin ən zəruri sosial ehtiyaclarını müəyyən etmək üçün əsas göstəricidir. Hazırda o, 210 manatdır, yanvarda 36 manat artırılacaq. Bu, təxminən 17% artım deməkdir.

Lakin bizim arzularımız, hökumətin də istəkləri əsas deyil; əsas odur ki, dövlətin büdcəsi real olaraq nəyə imkan verəcək?

Gələn il büdcəmiz 33 milyard manatlıq xərc hissəsi ilə növbəti rekordu vuracaq. Orada sosial xərclər bu illə müqayisədə 9,2% çox nəzərdə tutulub. Əgər bu il sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728 milyon manatdırsa, gələn il 4 milyard 411 milyon manat olacaq.

Bura qədər deyilənləri ümumiləşdirsək, yanvar ayından sosial ödənişlərin 20-25 faiz artacağını proqnozlaşdırmaq mümkündür, amma burada başqa bir “əmma” da var. O da budur ki, gələn il qlobal inflyasiyanın səngiyəcəyini gözləməyə heç bir əsas yoxdur. Güman ki, dünyada bahalaşmanın templəri azalmayacaq, hətta bəzi risk faktorlarını nəzərə alsaq, arta da bilər. Bu isə o deməkdir ki, yanvarda sosial ödənişlərin bir dəfə artımı kifayət olmayacaq. Hökumət işlərini elə tutmağa çalışmalıdır ki, yayda – ilin ortasında büdcəyə yenidən baxanda ikinci dəfə də sosial ödənişləri artırmaq mümkün olsun.

Bununla yanaşı mütləq inflyasiyaya nəzarət tədbirləri də gücləndirilməlidir. Düzdür, bu, qlobal proses olduğundan, bizdən asılı olan az şey var. Amma gömrük və vergi rüsumlarını azaltmaq, daxili istehsalı stimullaşdırmaq hesabına nə mümkündürsə, edilməlidir.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor



Teqlər: Sosial-siyasət  





Xəbər lenti