Hindistan erməniləri niyə silahlandırır? – Pakistanlı ekspertlər şərh edirlər (Eksklüziv)

   Hindistan erməniləri niyə silahlandırır? –    Pakistanlı ekspertlər şərh edirlər (Eksklüziv)
  14 Noyabr 2022    Oxunub:2806
İkinci Qarabağ Müharibəsindən sonra Hindistan Ermənistanla hərbi sahədə fəal əməkdaşlıq kursu götürüb. 2020-ci ilin noyabr məğlubiyyətindən sonra revanşa can atan İrəvan bunda çox maraqlıdır. Yeni Delhini ermənilərlə belə əməkdaşlığa sövq edən isə həm də Azərbaycan-Pakistan qardaşlığıdır.
Sentyabrın əvvəlində iki ölkənin arasında imzalanan hərbi müqavilələrə görə Hindistan Ermənistana 250 milyon dollar dəyərində tank əleyhinə raketlər və bir sıra digər hərbi sursat tədarük edəcək. Bugünlərdə Hindistan mediası ölkənin özəl şirkəti “Kalyani Strategic Systems Ltd”nin (Bharat Forge) 155 mm-lik yedəkli haubitsaların (ATAGS) tədarükü üçün ilk ixrac sifarişini aldığını xəbər verib. “Bharat Forge” sifarişçi dövlətin adını çəkməsə də, ölkənin Müdafiə Nazirliyindəki mənbələr bunun Ermənistan olduğunu təsdiqləyiblər. Məlumata görə, Ermənistan 4-5 artilleriya diviziyası almağı nəzərdə tutur. Hər bir diviziyada 18-20 haubitsa olacaq.
“Qrad”ın zəif plagiatı: “Pinaka” acı taleyilə görüşə tələsir – ARAŞDIRMA

Hindistan mətbuatında Ermənistana silah tədarükü barədə yayılan xəbərlər getdikcə intensivləşir, ancaq çox güman ki, bu, hələ aysberqin görünən hissəsidir. Bəs ictimaiyyətə hələ açıqlanmayan hərbi sövdələşmələr haqqında nə demək olar?

Aydındır ki, bu gün Hindistan Ermənistandan istifadə edir və bu oyunda İran da fəal iştirakçıdır. Hindistanın Cənubi Qafqaz regionunda hansı maraqları var? Yeni Delhi Ermənistanı niyə belə israrla silahlandırır? Bu tələskənlik nəyə xidmət edir? Hindistan-Ermənistan hərbi razılaşmasına cavab olaraq Pakistan Azərbaycana nə təklif edə bilər?

AzVision.az bu sualları cavablandırmaq üçün pakistanlı analitik və ekspertlərə müraciət edib.

Pakistanın Xidmətlərarası Kəşfiyyat İdarəsinin keçmiş direktoru (1993-1995), general-leytenant Cavid Əşrəf Qazi:


- Hindistan hakimiyyəti silahlarını satmaq üçün bazarlar axtarmağa davam edir. Ermənistanın bu sifarişini ABŞ maliyyələşdirə bilər. Hindistan müdafiə avadanlığını satmağa can atır, lakin Çindən gələn rəqabətə görə müştəri tapa bilmir. Azərbaycan-Pakistan münasibətlərinə gəlincə, biz artıq Azərbaycana bir sıra hərbi məhsullarımızı təklif etmişik. Yeganə istisna nüvə və raket proqramlarımızdır. Azərbaycana bəzi artilleriya texnikası və döyüş sursatları verilib.

Pakistanlı politoloq, Dispatch News Desk (DND) informasiya agentliyinin baş redaktoru Ağa İqrar Harun:


- Bəli, həqiqətən də Hindistan Ermənistanı silahlandırır. Hindistan hərbi texnikasını satmaq üçün Şərqi Avropa bazarına nüfuz etmək, postsovet məkanında Rusiyadan sonra ikinci ən böyük hərbi texnika tədarükçüsü olmaq istəyir. Pakistan və Azərbaycan hərbi təyinatlı məhsulların tədarükü üçün müqavilələr bağlayıblar. Pakistan “JF Thunder” tipli təyyarələrin istehsalında liderdir. Üstəlik, top mərmilərinin ən yaxşı istehsalçısıdır.

Sülh və Diplomatik Araşdırmalar İnstitutunun direktoru, pakistanlı politoloq Məhəmməd Asif Nur:


- Hindistan və Ermənistan arasında hərbi sövdələşmələrin arxasında Yeni Delhinin Cənubi Qafqaz regionunda Türkiyə, Azərbaycan və Pakistan arasında üçtərəfli əməkdaşlığı balanslaşdırmaq istəyi dayanır. Hindistanın hərbi-sənaye kompleksi ilə möhkəm əlaqələri olan erməni diasporunun fəal dəstəyi ilə İrəvan Hindistan hakimiyyəti ilə fəal əməkdaşlıq edir. 2019-cu ilin sentyabrında Ermənistanın baş naziri Nyu-Yorkda Hindistanın baş naziri Narendra Modi ilə görüşüb. Bu, son illərdə iki dövlət arasında belə yüksək səviyyəli ilk görüş idi. Görüş iki ölkə diasporlarının fəaliyyəti nəticəsində mümkün olub.
Pakistan və Azərbaycanın iki mühüm məsələsi var: Kəşmir və Qarabağ. Türkiyə və Azərbaycan Kəşmir məsələsində Pakistana, Pakistan isə Azərbaycana fəal dəstək verir. Hindistan Azərbaycan-Pakistan-Türkiyə müttəfiqliyinə qarşı çıxmaq üçün təhlükəsizlik sahəsində Ermənistanı dəstəkləyir.
Diqqətlə nəzər salsaq, Rusiyanın qlobal və regional bazarlarda silah tədarükçüsü kimi yoxluğunun yaratdığı vakuumu görərik. Yeni Delhi Güney Qafqazı hərbi-sənaye məhsullar ixrac edəcəyi, regional siyasi və iqtisadi mərkəzlərə təsir etmək imkanı qazanacağı yer kimi görür.
Ermənistanla Hindistan arasında hərbi əməkdaşlığa cavab olaraq Pakistan Azərbaycana daha sıx hərbi əməkdaşlıq təklif edir. Ölkələrimiz yüksək texnologiyalı silahların istehsalı üçün birgə müdafiə müəssisələri yarada bilərlər.

Pakistanlı politoloq Şaziya Ənvər Çima:


- Ermənistan müharibə cinayətləri törədir, Hindistan isə ona ortaq olmağa çalışır. Hindistan bunu məqsədli edir, çünki Azərbaycan hər zaman Kəşmir məsələsində, eləcə də digər məsələlərdə Pakistanı dəstəkləyib. Digər tərəfdən, Hindistan Rusiyanın həmişə dominant rol oynadığı postsovet silah bazarında öz yerini tutmağa çalışır.
Pakistan və Azərbaycan müdafiə sahəsində həmişə əməkdaşlıq ediblər. Bu yaxınlarda, 2022-ci ilin iyununda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Pakistan Hərbi Hava Qüvvələrinin komandanı marşal Zahir Əhməd Babar Sidhu hərbi, hərbi-texniki və hərbi-təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. İyun görüşü iki ölkə arasında hərbi əlaqələri daha da gücləndirmək üçün yeni imkanlar açır. Pakistan həmişə Azərbaycanın yanında olacaq.

Samir Vəliyev
Murad Nəcəfov

AzVision.az



Teqlər:   Hindistan   Ermənistan  





Xəbər lenti