Qurdun pəncəsində qılınc: Türkiyənin qisası ağır oldu

 Qurdun pəncəsində qılınc:   Türkiyənin qisası ağır oldu
  23 Noyabr 2022    Oxunub:1501
Türkiyə Silahlı Qüvvələri noyabrın 19-da Suriya və İraqın şimalında “Pəncə-Qılınc” hava əməliyyatlarına başladı. Türk ordusunun qonşu ölkələrdə genişmiqyaslı anti-terror tədbirləri görməsinə səbəb noyabrın 13-də İstanbulun İstiqlal prospektində törədilən qanlı terror aktı oldu.
Partlayışın PKK/YPG terror təşkilatı tərəfindən törədilməsi üzə çıxdı. Bu xain hücum xeyli sayda dinc sakinin ölümü, yaralanmasına səbəb oldu. Budəfəki əməliyyat Türkiyə tarixinin ən böyük hava hərəkatı idi. Hərbi tapşırıqların yerinə yetirilməsində Diyarbəkir və Malatya başda olmaqla Türkiyənin bir çox hava bazasından qalxan 70-ə yaxın təyyarə iştirak edib.

Yerli media yazır ki, Prezident Rəcəb Tayyib Ərdoğan İndoneziyadan qayıdan kimi təcili şəkildə əməliyyat əmrini müdafiə naziri Hulusi Akara çatdırıb. Türkiyənin Müdafiə Nazirliyi isə anti-terror əməliyyatlarını cəmiyyətə “Hesab vaxtıdır, alçaqların xain hücumları hesaba çəkilir” mesajı ilə açıqladı.

Havaya qalxan döyüş təyyarələri lazerlə idarə olunan və bunkeri deşən xüsusi bombalarla onlarla hədəfi, sərhəddə yerləşdirilmiş artilleriya batareyalarını sıradan çıxardı. Məhv edilən strateji hədəflər İraqın şimalında Qəndil, Asos, Hakurkda, Suriyanın şimalında isə Ərəb bulağı, Tel-Rıfat, Cizirə və Derik bölgələrində olub.


Rəsmi bəyanatlarda o da vurğulanıb ki, türk ordusu ilk mərhələdə ölkəni, dinc əhalini və sərhəd təhlükəsizliyini təhdid edən terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, sursat anbarları, qərargah və təlim düşərgələrindən ibarət olmaqla 89 hədəfi məhv edə bilib. Bundan başqa xeyli sayda təhlükəli terrorçu zərərsizləşdirilib. Hətta hava əməliyyatı ilə öldürülən silahlılar arasında terror təşkilatının idarəçiləri də olub. Digər diqqət çəkən məqam isə əməliyyatlarda Rusiya və ABŞ-ın nəzarətində olan bəzi bölgələrdəki terror hədəflərinin də vurulmasıdır.

Amma terrorçular xain hücumlarını səngitmədilər. Budəfəki hədəf sərhəd bölgələri oldu. Məsələn, bazar günü Öncüpınar sərhəd keçidi atəşə tutuldu. Nəticədə üç türk təhlükəsizlik işçisi yaralandı. Bazar ertəsi isə Karkamış şəhərində azı beş raket partladı, mərmilər orta məktəb və yaşayış binalarına düşdü. Biri uşaq olmaqla üç nəfər həyatını itirdi.

Bundan sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları Suriyada Kürdüstan Fəhlə Partiyası və “Xalq Özünümüdafiə Qüvvələri”nin kürd birləşmələrinin mövqelərinə aktiv hücumları yenidən bərpa edərək cavab tədbirləri kimi Kobani bölgəsinə hava zərbələri endirdi.

"Həm Bayden, həm də Putin zərbələr endirmə ehtimalımızı yaxşı bilirlər" – Ərdoğan

Türkiyə rəhbərləri və rəsmilərinin kəskin bəyanatları da məlum proseslərdə diqqət çəkir. Prezident Rəcəb Tayyib Ərdoğan dedi ki, əməliyyatlar təkcə hava hücumu ilə məhdudlaşmayacaq. O, Qətər səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində qeyd edib ki, məsələ ilə bağlı məsləhətləşmələr davam edir: “Bunu asanlıqla deyə bilərəm ki, əvvəla, İraq və Suriyanın şimalındakı bu əməliyyat təsadüfən həyata keçirilən əməliyyat deyil. Əvvəl də dediyimiz kimi, əgər kimsə ölkəmizə, torpaqlarımıza təcavüz edirsə, ona cavab verəcəyik”.

Ərdoğan fikirlərinə onu əlavə edib ki, o, bu əməliyyatla bağlı Bayden və Putini məlumatlandırmayıb: “Amma həm cənab Bayden, həm də cənab Putin artıq bilirlər ki, biz regionda istənilən vaxt bu cür əməliyyatlar apara bilərik. Ümid edirəm ki, onların hamısı gələcək prosesdə necə qətiyyətlə daha vacib addımlar atacağımızı və atmalı olduğumuzu görəcəklər”.


Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə indiyə kimi qurudan və havadan 184 terrorçunun zərərsizləşdirildiyini bəyan edib. Nazir ordunun fəaliyyətlərinin ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın terrorun mənbəyində məhv edilməsi göstərişi çərçivəsində həyata keçirildiyini bildirib. Hulusi Akar Türkiyə hərbçilərinin qarşısına çıxa bilməyən terrorçuların qorxaqcasına cəhdlər etdiyini vurğulayıb: “Çaxnaşma və qorxu içindədirlər. Terror təşkilatının (PKK/YPG - red.) çöküşünün davamlı olması üçün lazım olanı etməyə davam edirik.

Biz deyirik ki, indi haqq-hesab vaxtıdır. Onların əvvəllər etdikləri ilə yanaşı, keçən həftə Beyoğluda və bu gün də (21 noyabrda-red) sərhəd xəttində Öncüpınar və Karkamışda törətdikləri bütün çirkin əməllərin hesabını soracağıq. Şəhidlərimizin və mülki vətəndaşlarımızın qanının hesabını sormağa davam edəcəyik. Öldürülən terrorçuların sayının daha da artacağını düşünürük. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək”, - Akar PKK/YPG təşkilatının ciddi şəkildə iflasa uğradığını vurğulayıb.

"Alçaqlıqlarını bir daha dünyaya göstərdilər"
Türkiyənin haqlı şəkildə başlatdığı anti-terror əməliyyatları xarici ölkələrdə birmənalı qarşılanmır. Fransa ənənəvi anti-türk siyasətindən çıxış edərək əməliyyatlara mənfi reaksiya versə də, İsveçin xarici işlər naziri Tobias Billström “Expressen” nəşrinə deyib ki, “Pəncə Qılınc” əməliyyatı zamanı mülki itkilərin qarşısını almaq vacibdir”. O, fransız həmkarından fərqli olaraq, Türkiyənin qonşu ölkələrdə keçirdiyi əməliyyatla bağlı rəsmi Ankaranı mühakimə etməyib.

“Türkiyə terror hücumlarına məruz qalmış bir dövlətdir və bütün dövlətlərin özünü müdafiə etmək hüququ var. Amma aydındır ki, mülki itkilərdən və mülki hədəflərdən qaçmaq vacibdir. Hesab edirəm ki, bu kontekstdə biz tərtib edilmiş memoranduma sadiq qalmalıyıq”,- Tobias Billström vurğulayıb.

Billström “İsveç müstəqil xarici siyasət yürüdür” deyərək söhbətin başqa dövlətin bütövlüyünə hücumdan deyil, özünümüdafiədən ibarət olduğu xəttini müdafiə edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da diqqət çəkən fikirlər sələndirib. O qeyd edib ki, "Rusiya və Türkiyə arasında Suriyadakı vəziyyətlə bağlı fikir ayrılıqları var, lakin dost münasibətləri anlaşılmazlıqları konstruktiv şəkildə müzakirə etməyə imkan verir. Biz Türkiyənin təhlükəsizliyinin təmin olunması ilə bağlı narahatlıqlarını anlayır və buna hörmətlə yanaşırıq. Hesab edirik ki, bu, Türkiyənin qanuni haqqıdır. Bununla yanaşı, bütün tərəfləri vəziyyətin daha da gərginləşməsi ilə nəticələnəcək addımlar atmaqdan çəkinməyə çağırırıq. Bunun əksi bumeranq effekti verə və təhlükəsizliklə bağlı vəziyyəti ağırlaşdıra bilər".


“Pəncə” silsiləsi əməliyyatlarında 1441 terrorçu zərərsizləşdirilib

Diqqət çəkən açıqlamalardan biri də Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altundan gəlib. O da qeyd edib ki, PKK/YPG separatçı terror təşkilatına qarşı əməliyyatlar son terrorçu məhv edilənə qədər davam edəcək. Altun mülki əhaliyə, hərbçi və polislərə, müəllimlərə, qadınlara və uşaqlara fərq qoymadan hücum edən terrorçuların davam edən cinayətlərinə diqqət çəkib: "Təhlükəsizlik qüvvələrimiz terror təşkilatlarının günahsız vətəndaşlara hücumuna daha sərt cavab verir. Əməliyyatlar sonuncu terrorçu məhv edilənə qədər davam edəcək. Terrorçular və onlara dəstək verənlər əməllərinə görə cavab verəcəklər”.

Xatırladaq ki, 2019-cu ildə Hakurk ilə başlayan və Sinat-Haftaninlə davam edən, sonradan Metina və Avaşin-Basyan ilə genişlənib Zap bölgəsini də əhatə edən “Pəncə” silsiləsi əməliyyatlarında indiyədək 1441 terrorçu öldürülüb.

Türk ordusu bu ilin əvvəlindən indiyədək isə 3585 terrorçunu zərərsizləşdirib.
Türkiyə müdafiə nazirinin açıqladığı məlumata görə, ümumilikdə 2015-ci ildən bəri İraq və Suriyanın şimalında 36 854 terrorçu məhv edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Türkiyə   Suriya   Terror  





Xəbər lenti