Türkiyədə zəlzələ: 2 ölü, 50 yaralı - Yenilənir

  Türkiyədə zəlzələ:  2 ölü, 50 yaralı -  Yenilənir
  23 Noyabr 2022    Oxunub:722
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Düzcedə yerli vaxtla saat 4 radələrində baş verən 5,9 bal gücündə zəlzələ ilə bağlı son vəziyyəti açıqlayıb.
Məlumatda bildirilir ki, Düzcedə 37, İstanbulda 1, Zonquldakda 6, Sakaryada 1, Boluda 1 olmaqla, ümumilikdə 50 nəfər yaralanıb. Həmçinin Düzce Çay Məhəlləsində yaşayan 63 yaşlı Sevim Çengelin zəlzələdən sonra təlaşa düşdüyü və infarkt nəticəsində öldüyü qeyd olunub.

Eyni zamanda yeraltı təkanlar başlayanda 47 yaşlı Hikmet Çələbi evdən tələsik çıxmağa çalışıb. Bu zaman o, müvazinətini itirərək yıxılıb və başı pilləkənə dəyib. Çələbi dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

***10:15***

Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində baş verən 5,9 bal gücündə zəlzələdə 46 nəfər xəsarət alıb.

Xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Düzce valisi Cevdat Atay bəzi ərazilərdə, o cümlədən Düzcede və Boluda məktəblərdə tədrisin dayandırıldığını bildirib. Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın sözlərinə görə isə vətəndaşlara dəstək olmaq üçün bölgəyə 10 psixososial qrup göndərilib.

***08:31***

Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 35 nəfərə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.

Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.



**07:30**

Türkiyənin Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, təkan yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) qeydə alınıb. Zəlzələnin episentri Düzce rayonunda, ocağı isə 6,8 km dərinlikdə yerləşib. Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərbində hiss olunub.

Düzce bələdiyyə sədri Faruk Özlü bildirib ki, ilkin məlumatlara görə, zəlzələ nəticəsində ölən olmayıb. Hazırda Düzcedə elektrik enerjisinin verilməsi dayandırılıb, ölkədə internet bağlantısı ilə əlaqədar problemlər var. Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələ baş verən andan indiyədək insan tələfatı ilə bağlı heç bir məlumatın daxil olmadığını deyib:

"İstanbul, Tekirdağ, Kocaeli, Əskişəhər, Zonguldak, Sakarya, Biləcik, Bolu, Karabük və Bartın vilayətlərində qruplarımıza can itkisi ilə bağlı məlumat daxil olmayıb. Hadisələrin gedişatı barədə ictimaiyyətə məlumat veriləcək".

Türkiyənin səhiyyə naziri Fahrettin Koca isə tviter hesabında yazıb ki, Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb. Onun sözlərinə görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

AzVision.az

Teqlər:







Xəbər lenti