Mask bir ildə 170 milyard dollar itirdi

   Mask bir ildə 170 milyard dollar itirdi
  23 Noyabr 2022    Oxunub:289
Dünyanın ən zəngin adamı İlon Maskın sərvəti 2022-ci ildə rekord dərəcədə azalıb. Mask son bir ildə 170 milyard dollar, yanvarın 1-dən isə 100 milyard dollar itirən ilk şəxs olub.
AzVision.az xəbər verir ki, bu, "Bloomberg Milyarderlər İndeksi"ndə indiyə qədər qeydə alınan ən kəskin azalma olub.

Ötən ilin noyabrında 340 milyard dollara sahib olan 51 yaşlı Maskın sərvəti dünən 8,6 milyard dollar zərər edib. Bütün bunlara baxmayaraq,Mask yenə də dünyanın ən zəngin insanıdır.

"Tesla"nın səhmlərinin bu il Nyu-York Birjasında kəskin ucuzlaşması Maskın sərvətinin əriməsində təsirli olub. "Tesla" ilin əvvəlindən 58 faiz dəyər itirib. Ötən ilin noyabrında 1,2 trilyon dolları keçən "Tesla"nın bazar dəyəri 522 milyard dollara qədər geriləyib. Beləliklə, "Tesla"nın bazar dəyərinin bir illik itkisi 700 milyard dolları keçib.

Mask 2022-ci ildə ən çox gəlir itirən şəxs olsa da, onu "Amazon"un qurucusu Ceff Bezos izləyir. Bezosun sərvəti ilin əvvəlindən 76,7 milyard dollar azalaraq 116 milyard dollara düşüb. Bir vaxtlar dünyanın ən varlı adamı olan Bezos indi dördüncü sıradadır.

Avropanın və Fransanın ən zəngin adamı olan Bernard Arnonun sərvəti də bu il 21,5 milyard dollar azalıb. Hazırda onun 157 milyard dolları var. Arno ən zənginlər siyahısında ikinci yerdədir.

“Microsoft”un rəhbəri Bill Qeyts də 25,3 milyard dollar itki ilə ən varlılar siyahısında 5-cidir. Hazırda Qeytsin sərvəti 113 milyard dollardır.

2022-ci ildə məşhur milyarderlərin gəlirləri azalsa da, Hindistanın ən zəngin adamı Qautam Adaninin sərvəti artıb. 60 yaşlı iş adamının gəlirləri bu il 53 milyard dollar çoxalaraq 130 milyard dollar təşkil edib. 1980-ci illərin sonlarında Adani universiteti tərk edərək kənd-ticarət firması ilə işə başlayıb və onun sərvətinin böyük hissəsi son iki ildə əldə edilib.

"Bloomberg Milyarderlər İndeksi" məlumatlarına görə, Adaninin sərvəti 16 mart 2020-ci ildə 5,8 milyard dollar olub.

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti