“Transxəzər” gerçəkləşə bilərmi? – TƏHLİL

// Nəzəri cəhətdən maneə yoxdur, reallıqda isə...

   “Transxəzər” gerçəkləşə bilərmi? –    TƏHLİL
  09 Yanvar 2023    Oxunub:1663
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də Türkmənbaşı şəhərində keçirilən Türkiyə-Azərbaycan-Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü zamanı qeyd etmişdi ki, artıq Türkmən təbii qazının Qərb bazarlarına nəqli üzərində işə başlamağın vaxtıdır. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin istər hava-dəniz-quru üzrə nəqliyyat, istərsə də bütün digər sahələrdə necə böyük, zəngin və müasir infrastruktur imkanlara sahib olduğunu nəzərə çatdırmışdı. Üstəlik, ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın sürətlə inkişaf etdiyini də xatırlatdı.
Həqiqətən də ölkələrimiz arasında ticarət dövriyyəsi və digər iqtisadi əlaqələr durmadan artmaqdadır. Sual olunur ki, bütün bunlar kimə və nəyə işarə idi? Vurğunu nəyin üzərinə gətirmək məqsədi daşıyırdı?

Təbii ki, Türkmənistana işarə idi və vurğunu da Transxəzər qaz kəməri layihəsi üzərinə gətirmək məqsədi daşıyırdı. Çünki bu gün Türkiyə-Azərbaycan-Türkmənistan arasında əlaqə və münasibətlər elə səviyyədədir ki, yeganə həll olunası məsələ “Transxəzər” qaz kəməri layihəsidir. Buna da əslində ən çox Türkmənistanın ehtiyacı var.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Türkmənistanın əvvəlki prezidenti Qurbanqulu Berdiməhəmmədova cəmi 3 il öncə - 2019-cu ilin yazında yazdığı məktubu yada salmaq yerinə düşər. Tramp Novruz bayramı münasibətilə göndərdiyi təbrik məktubunda yazmışdı ki, Xəzər dənizinin hüquqi statusu artıq müəyyənləşib və Türkmənistanın öz qazını Qərbə ixrac etmək üçün mövcud imkanlardan istifadə edəcəyinə ümid edir.

Bəs bu layihənin gerçəkləşməsinə kim, nə maneə olur? "Transxəzər" reallaşa bilərmi? Nəyə görə neçə illərdir adı olub, özü olmayan bu layihə nə birdəfəlik arxivə atılır, nə də həlini tapır?

"Transxəzər" ideyası ilk dəfə 1997-ci ildə Türkiyənin Türkmənistandan qaz almaq istəyilə bağlı meydana gəlib. Həmin ildə Türkmənistanla Türkiyə arasında qaz alqı-satqısı sazişi imzalanmışdı. Sazişə əsasən, Türkiyə Transxəzər kəməri vasitəsilə 2000-ci idən etibarən ildə 30 milyard kubmetr qaz almağı öhdəsinə götürdü.

1998-ci ilin aprelində isə Türkmənistan prezidenti Saparmurad Niyazovun ABŞ-a işgüzar səfəri zamanı bu məsələ dövlət başçısı Bill Klinton və vitse-prezident Albert Qor ilə müzakirə olundu.
1999-cu ilin 19 fevralında Aşqabadda "Transxəzər" qaz kəmərinə dair Türkmənistan hökuməti ilə PGS konsorsiumu arasında müqavilə imzalandı. Həmin ilin əvvəlində layihə texniki-iqtisadi cəhətdən əsaslandırıldığından, kəməri 28 ay müddətində tikib başa çatdırmaq nəzərdə tutulmuşdu. Azərbaycan və Gürcüstan üzərindən keçəcək yerüstü hissə Ərzurumda başa çatmalı idi. Çünki söhbət bilavasitə Türkiyədən getdiyindən, ortada Avropa bazarı söhbəti yox idi.

Mövzu sizə maraqlıdırsa, bu yazıları da oxuyun:
Türkmən qazının Avropaya nəqli realdırmı? – Britaniyalı ekspertin təhlili
Türkmənistan qazı Azərbaycandan daşına bilərmi – TƏHLİL
Öhdəliklərimiz qazımızdan çox deyil ki?!.. – TƏHLİL

Lakin Rusiya ilə İranın bu işə mənfi yanaşmaları, hətta müvafiq siyasət aparmaları, həmçinin ölkəmizdə 1999-cu ilin yayında “Şahdəniz” yatağının kəşfi və onun ehtiyatlarının ilkin qiymətləndirilməsi Türkmənistan qazına marağı azaltdı. Bizimlə Türkmənistanın arasında müəyyən soyuqluq sezilməyə başlandı ki, bu, özünü ən çox “Dostluq” yatağı üzrə mübahisənin yaranmasında göstərdi.

Həmin yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşir və sovet dövründə "Aralıq", SSRİ dağıldıqdan sonra Azərbaycan tərəfindən "Kəpəz", Türkmənistan tərəfindənsə “Sərdar” adlandırılırdı. Yatağın kəşfi, yerləşdiyi məkan elədir ki, onu birtərəfli qaydada işlətməyə daha çox bizim haqqımız çatırdı. Azərbaycanın sahil xəttindən 140 kilometr məsafədə yerləşməklə bu yataq Xəzərin bizə aid sektorunda ən uzaq və sonuncu yataq sayılır. SSRİ dövründə - 1989-cu ildə onu kəşf edən də məhz bizim neftçilər olub. Bu da təbiidir: neft və qaz çıxarma sahəsində Azərbaycanda olan imkanlar - mütəxəssislər, infrastruktur və təcrübə Türkmənistanda yox idi və ola da bilməzdi.

Lakin dövlət başçımız İlham Əliyevin böyük səbr nümayiş etdirməsi və hər şeydən öncə ikitərəfli əlaqələrə çox həssas yanaşması nəticəsində "Kəpəz" və "Sərdar" dostlaşaraq, Xəzərdə ilk dəfə olaraq bir yatağın iki dövlət arasında birgə istifadə ənənəsi qoyuldu. Başqa sözlə, Xəzərdə yeni növ əməkdaşlıq yarandı.

"Transxəzər"ə digər maneə Xəzər dənizinin hüquqi statusu sayıla bilərdi ki, bu da 2018-ci ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə keçirilən Xəzəryanı ölkələrin V sammitində imzalanan müvafiq Konvensiya ilə dörd il qabaq aradan qalxıb.

Xəzərin statusunun müəyyən edilməsi Azərbaycanın “Cənub Qaz Dəhlizi” və hətta Bakı-Tbilisi-Ceyhan neft kəməri layihələrinin əhəmiyyətini birə-beş artırdı. Konvensiyada ən mühüm cəhət o idi ki, Xəzərin su səthinin əsas hissəsi tərəflərin ümumi istifadəsində qalmaqla, dibi və faydalı qazıntılar sahil dövlətləri arasında beynəlxalq hüquq normalarına uyğun bölünür. Yəni Xəzəryanı ölkələr gəmi nəqliyyatı, sualtı boruların çəkilməsi və digər əsas məsələlərdə ümumi razılığa gəlmiş sayılırlar.

Türkmənistan ilə Azərbaycan böyük enerji resurslarına malikdirlər. Odur ki, bu iki ölkənin sıx münasibətdə olması vacib sayılır. Rəcəb Tayyib Ərdoğan onu da təsadüfən qeyd etmədi ki, Xəzərdəki “Dostluq” yatağında türkmən və azərbaycanlı qardaşlarla əməkdaşlığa hazırdırlar. Ölkəmiz bir sıra regional əhəmiyyətli strateji layihələrin təşəbbüskarı, icraedicisi, sahibidir. Bunlar Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz qaz boru kəmərləri, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Adı çəkilən tikililərin hər biri regionun bütün ölkələrinə böyük fayda vermək iqtidarındadır. O cümlədən, Türkmənistana da...

Azərbaycan qazı çoxdan Avropaya axır. "Qoca qitə"nin mavi yanacağa tələbatı getdikcə, artmaqdadır. Odur ki, əsas diqqət istər-istəməz “Cənub Qaz Dəhlizi”nin yol açdığı "Transxəzər" üzərində cəmləşir.

Azərbaycan və Avropa İttifaqı Türkmənistan qazının nəqli ilə bağlı təkliflərini çoxdan veriblər. Azərbaycan regionda alternativlər təklif edən ölkədir. Yekun qərar Aşqabaddan və onun hansı bazara - Avropaya, yoxsa Asiyaya üstünlük verməsindən asılıdır.


Pərviz Heydərov
Azvision.az üçün

Teqlər: Transxəzər   Qaz  







Xəbər lenti