Quranın yandırılması islamafobiyanın növbəti təzahürüdür

Quranın yandırılması islamafobiyanın növbəti təzahürüdür
  24 Yanvar 2023    Oxunub:477
Danimarkalı ekstremist sağçı partiya “Ştram Kurs”un sədri Rasmus Paludanın Quranı yandırması dünyanın əsas gündəm məsələlərindən biridir.
Təəssüflə qeyd etmək lazımdır ki, Qərbdə Quranın yandırılması, ona hörmətsiz münasibət ilk dəfə deyil baş verir. Bu hadisə artıq dəfələrlə təkrarlanır. Özü də bütün Avropanın gözü qarşısında. Son hadisəyə də polis heç bir reaksiya vermədi. İllər öncə Məhəmməd Peyğəmbərin karikaturasının çəkilməsinə də Qərbdə ciddi reakisya verilməmişdi.

Məsələnin insan hüquq və azadlıqları ilə əlaqələndirilməsinə gəldikdə isə bu absurd və qəbul edilməzdir. Üzrü qəbahətindən daha böyükdür.
Bu əməli törədənlər bu hörmətsizliyin hansı qarşıdurmalara gətirə biləcəyini nəzərə almalıdırlar. Tarixdə ən ağır, ən faciəvi müharibələr dini zəmində olub. Onlar bilməlidirlər ki, bu əməlləri ilə həm də dinlərarası ədavəti qızışdırmış olurlar.

Bütün bunlar onu göstərir ki, Qərbdə artan islamafobiyanın qarşısı qətiyyətlə alınmalıdır. Belə məsələlərə yalnız müsəlmanlar deyil, digər dinlərin liderləri, tanınmış siyasətçi və ictimai xadimlər də mütləq reaksiya verməlidirlər.
Tarixdə müsəlmanların digər dinlərin müqəddəs kitablarına hörmətsiz yanaşması ilə bağlı bir dənə belə fakt yoxdur. Çünki İslam müsəlmanlardan digər dinlərə hörmətlə yanaşmağı tələb edir.

Burada belə bir sual yaranır. Müsəlmanların digər dinlərin müqəddəs kitablarını yandırması həmin dinlərin daşıyıcılarına xoş gələrdimi? Əlbəttə yox. Ona görə bu məsələdə siyasi və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin diqqətli olmasına çox önəmlidir.

Siyasi və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs digər dinlərin və xalqların dəyərlərinə hörmətlə yanaşmağı bacarmalıdır. Əks halda, zamanla dünyada dini müstəvidə qarşıdurma və dözümsüzlük halları daha da artacaq. Bu isə əlavə gərginlik ocaqları yaradacaq.

Ceyhun Məmmədov, Milli Məclisin deputatı
AzVision.az

Teqlər: Quran  







Xəbər lenti