Heydər Əliyev və həyat yoldaşı SSRİ rəhbəri Brejnevin ailə məclisində – 1980-ci ildə çəkilmiş nadir FOTO

   Heydər Əliyev və həyat yoldaşı SSRİ rəhbəri Brejnevin ailə məclisində –   1980-ci ildə çəkilmiş nadir FOTO
  28 Yanvar 2023    Oxunub:862
Sovet rəhbəri Leonid İliç Brejnevin mərhum Heydər Əliyevlə yaxşı münasibətləri onu SSRİ rəhbərləri arasında Azərbaycana dost olan bir lider kimi yadda saxladı.
Brejnev Azərbaycan SSR-yə 3 dəfə səfərə gəlib. SSRİ dönəmində bu bir qədər qeyri-adi görünürdü.

1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev bu münasibətlərdən ölkə üçün faydalanmağa çalışırdı.

H.Əliyevin işi Brejnevin diqqətindən kənarda qalmayıb. 1976-cı ildə Heydər Əliyev Sov İKP Siyasi Bürösu üzvlüyünə namizəd, daha sonra Siyasi Büronun üzvlüyünə qədər yüksələ bildi.

Azpost.info “Fotoxronika” layihəsi çərçivəsində oxucularına bu şəkli təqdim edir.

Foto 22 iyun 1980-ci ildə SSRİ-nin rəhbəri Leonid Brejnevin Krımda, Yaltadakı “Qlitisna” dövlət bağında istirahəti zamanı çəkilib.

Şəkildə o zaman Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi olan Heydər Əliyev və həyat yoldaşı Zərifə Əliyeva da var. Sovet rəhbərinin ailəvi məclisində Azərbaycan rəhbərinin həyat yoldaşı ilə birgə iştirakı ona olan etimaddan xəbər verir.

Fotoda: Heydər Əliyev, mülki aviasiya naziri, marşal Buqayev, xarici işlər naziri Qromıko, Baş katib Leonid Brejnev, Qromıkonun həyat yoldaşı Lidiya Dimitryevna, Brejnevin həyat yoldaşı Viktoriya Petrovna, Brejnevin nəticəsi Qalina, Çernenkonun həyat yoldaşı Anna Dimitryevna, Sov.İKP-nin işlər idarəsinin müdiri Konstantin Çernenko, Heydər Əliyevin həyat yoldaşı Zərifə Əliyevadır.

Heydər Əliyev Brejnev vəfatından sonra -1982-ci ilin dekabrında Moskvaya yüksək dövlət vəzifəsinə aparılıb. O, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunub.

Şəkildə yer alan Konstantin Çernenko isə iki sovet rəhbərinin –Brejnevin və Andropovun vəfatından sonra SSRİ-nin başçısı olub.1985-ci ildə öldükdən sonra bu posta Mixail Qorbaçov gəlib.

AzVision.az

Teqlər:







Xəbər lenti