Göyündən xəbəri yoxdur, yerdə əməlindən qalmır

// İranın HHM sistemi döyüşə hazır vəziyyətdə deyil

      Göyündən xəbəri yoxdur,    yerdə əməlindən qalmır
  30 Yanvar 2023    Oxunub:2262
Regional və beynəlxalq gərginliyin mərkəzi olan İran bazar günün gecə saatlarında həm zəlzələ, həm də hərbi obyektlərinə çoxsaylı zərbələrlə sarsıldı. İranın ən böyük itkilərindən biri İsfahan şəhərinin mərkəzindəki müdafiə sənayesi obyektinin məhv edilməsi oldu. Digər itkisi ölkənin şimal-qərbində yerləşən neft emalı zavodunda baş verən yanğındır.
Zavoda endirilən zərbənin yaxınlıqdakı Xoy şəhərində baş verən güclü zəlzələdən cəmi 3 saniyə əvvəl baş verməsi çoxlarında suallar yaradır. Mən PUA zərbəsi nəticəsində zəlzələ ehtimalını istisna edirəm. Ən azı indiyə qədər belə bir fakta rast gəlməmişəm.

İran rəsmiləri əvvəllər olduğu kimi bu dəfə də hücumların dəf edilməməsinin səbəbləri və həqiqi itkilər barədə açıqlama vermirlər. İtkiləri kənara qoyuram, onların sayı çox olmaya bilər, çünki zərbələr yüksək dəqiqliklə, həm də gecə saatlarında endirilib. Amma İran ordusunun hücumları dəf edə bilməməsinin səbəbləri hamı üçün maraqlıdır.

Tehran region ölkələrinin demək olar ki, əksəriyyəti ilə düşmənçilik aparır, onlara qarşı bəzən açıq, bəzən isə hibrid müharibə metodlarından istifadə edir. 10 ilə yaxındır vətəndaşlarına zülm verən, onlara qarşı kütləvi qırğın silahından istifadə edən Suriya, dünyadan təcrid edilmiş Şimali Koreya, işğalçı ölkə Ermənistan və Rusiyadan başqa müttəfiqi olmayan İran rejimi dünyaya meydan oxumaq məqsədilə bilərəkdən nüvə sazişi üzrə danışıqları dalana dirəyib.

Azərbaycan və İsrail ilə münasibətləri daim bilərəkdən gərgin saxlayan İran nədənsə İsrailin və Azərbaycanın İran ərazisinə iddia etmədiyini, amma müttəfiqi Ermənistanın Azərbaycana qarşı əsassız iddialarını, bugünə qədər İrəvanın işğalı qismən davam etdirməsini görməzliyə vurur və işğalçıları dəstəkləməklə çox ləyaqətsiz siyasi xətt yürüdür.

Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan, təhlükəsizlik rəisinin şəhid edilməsindən və iki nəfər vətəndaşımızın yaralanmasından sonra İran heç bir üzrxahlıq etməyərək, qatilə efir verməklə Bakı ilə münasibətləri maksimum dərəcədə gərginləşdirdi. Eyni gündə SEPAH-la sıx əməkdaşlıq edən HƏMAS-a bağlı terrorçu Yerusəlimin Neve Yaakov məhəlləsində sinaqoq yaxınlığında 8 nəfərin ölmü ilə nəticələnən terror aktı törətdi.

İrandakı molla rejimi sanki əcəlini yaxınlaşdırmaq üçün ətrafında yerləşən hər kəsə ağız atır. İstədiyinə də nail oldu. İrana zərbələrin kim tərəfindən endirildiyi məlum deyil, amma İsrailin adı daha çox hallanır. Burada maraqlı bir fakt diqqəti çəkir.

İsfahan şəhərinin mərkəzindəki İran müdafiə sənayesi zavoduna endirilən zərbənin görüntüləri şəhərin Minu küçəsində, xalça və elektronika mağazasının yerləşdiyi ticarət mərkəzinin yanındakı ərazi ilə tam uyğun gəlir. Ölkənin əhalisi artır, şəhərlər genişlənir və hərbi obyektlər daha çox ticarət və yaşayış sahələri ilə əhatə olunur. İran şəhərlərində yerləşən hərbi obyektlərin girişində heç bir məlumata rast gəlinmir, yalnız Müdafiə Nazirliyinin və ya İslam İnqilabının Keşikçiləri Korpusunun loqosunu daşıyan lövhə yerləşdirilir. İran rejimi hərbi və nüvə obyektləri bilərəkdən mülki əhalinin sıx yaşadığı yerlərdə saxlayır. Vətən Müharibəsində Ermənistanın fərari ordusunun artilleriya vasitələrini mülki əhalinin yaşadığı evlərin həyətlərində yerləşdirməsi kimi.

Qayıdaq partlayış baş verən obyektlərə. İran rejimi zərbəyə məruz qalan İsfahan hərbi obyektində nə hazırlandığını açıqlamır, bəlkə də utandığı üçün bu ərazini "emalatxana" adlandırır. 1600 km məsafə qət edən İsrail PUA-sının hansısa "emalatxana"nı hədəf seçəcəyinə inana bilmirəm.
Yüngülvari bir araşdırma apardım və məlum oldu ki, Tehrandan təqribən 350 kilometr cənubda yerləşən İsfahanda həm ABŞ istehsalı olan “F-14” qırıcı təyyarələrinın aviabazası, həm də Nüvə Yanacağı Tədqiqat və İstehsalat Mərkəzi yerləşir. Əgər rəsmi Tehran "emalatxana" adlanan ərazinin vurulmasını etiraf edirsə, deməli, zərbə İranın Nüvə Yanacağı Tədqiqat və İstehsalat Mərkəzinə endirilib.
Mərkəzin məhv edilməsi ehtimalı böyükdür.

İsrail əvvəllər də İranın HHM sistemini rahatlıqla yararaq, nüvə silahının hazırlandığı obyektlərə zərbələr endirib. İranın kəşfiyyat orqanları İsrailin yeni zərbələri heç zaman istisna etməyiblər. Hələ keçən ilin iyul ayında İsrailin İsfahan ətrafındakı gizli hədəflərə zərbələr endirmək planı barədə xəbərlər yayılırdı. Oktyabr ayında isə İranın dövlət televiziyasında yayımlanan süjetdə İsrailin "Mossad" təşkilatının Tehrandan qovulan və İraqa qaçan Kamal adlı müxalifətçini bu məqsədlə ələ aldığı iddia edilirdi. Yəni İranda demək olar ki, bütün səlahiyyətli şəxslər İsfahandakı hərbi obyektlərə zərbə ehtimalı barədə məlumatlı idilər.

O zaman suallar yaranır:
• Necə oldu ki, gecə-gündüz ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, İsrail və Azərbaycan kimi güclü ordulara malik ölkələrə təhdid yağdıran İran hücuma məruz qalacağını dəqiq bildiyi hərbi obyektlərə zərbələri dəf edə bilmədi?
• İran hücumun başlanğıc ünvanını niyə dəqiq faktlarla göstərə bilmir?
• İranın radiotexniki kəşfiyyat hissələri nə işlə məşğuldurlar?

Cavablar sadədir: İranın hava hücumundan müdafiə qoşunları və onların tabeliyində olan radiotexniki kəşfiyyat hissələri bu gün döyüşə hazır vəziyyətdə deyil, onların məhdud görmə şəraitində hava hücumunu izləmək və dəf etmək potensialı isə ümumiyyətlə, yoxdur.

Bütün bunlar sübut edir ki, həm ölkə daxilində, həm də xaricdə ciddi problemlərlə üzləşən İranın molla rejiminin yaratdığı ordunun imkanları Tehranın iddialarını təmin edəcək səviyyədə deyil. Buna görə də İran uranı sürətlə zənginləşdirərək nüvə silahı əldə etməklə regionda şərtlərini diqtə edən tərəf statusuna sahiblənməyə çalışır. Qlobal və regional güc mərkəzləri İranı bu niyyətlərindən çəkindirmək üçün fəaliyyətlərini koordinasiya etməli, zərurət yarandıqda Tehranın nüvə obyektlərini zərərsizləşdirmək istiqamətində sinxron davranmalıdırlar.

İsrailin 2021-ci ilin aprelində İranın Natanzdakı yeraltı nüvə obyektinə qabaqlayıcı zərbələri digər qlobal güclər tərəfindən dəstəklənsəydi, bəlkə də bu gün molla rejimi indiki qədər təhlükəli səviyyəyə çata bilməzdi. İran Rusiyanı Ukraynanın enerji infrastrukturuna və mülki əhalisinə hücum məqsədilə pilotsuz vasitələrlə silahlandırmazdı, işğalçı Ermənistana silah ötürməklə onu Azərbaycanla növbəti müharibəyə təhrik etməzdi...

Zamanında İran rejiminə qarşı adekvat və təsirli addımların atılmaması gələcəkdə dünyaya yaxşı heç nə vəd etmir. Əksinə, Rusiya-Ukrayna müharibəsinin digər ərazilərdə, o cümlədən Qafqazda və ya Yaxın Şərqdə təkrarlanması üçün münbit şərait yaradır.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: İran  





Xəbər lenti