Putin Ukraynada bundan sonra nə edəcək? - TƏHLİL

Putin Ukraynada bundan sonra nə edəcək? - TƏHLİL
  17 May 2014    Oxunub:1768
Rusiya prezidenti Vladimir Putinin Ukraynanın Luqansk və Donetsk əyalətlərindəki rusiyayönümlü separatçılara referendumu təxirə salmalarını tövsiyyə etsə də, separatçılar prezidentin tövsiyyələrini qulaqardına vurdular və mayın 11-də referendum keçirərək bu əyalətlərin müstəqilliyini elan etdilər. Mayın 12-də isə hər iki əyalətin yeni qondarma rəhbərləri Rusiyaya birləşmək təklifini irəli sürdülər.

Eyni zamanda Luqanskla Donetsk əyalətlərinin birləşərək “Novorosiyya” adlı müstəqil dövlətin yaradılacağı barədə də məlumatlar yayıldı. Kremlin mətbuat xidməti Donetsk və Luqansk əyalətlərində keçirilən referendumu “xalqın öz iradəsinin təcəssümü ” kimi qiymətləndirdi. Bu fakt onu sübut edir ki, Putinin separatçıları referendum keçirməməyə səsləməsinə baxmayaraq, onlara dəstək verib.

Güman ki prezident belə bəyanat verməklə separatçıları dəstəkləmədiyini göstərmək və bununla ən azı qısa müddətə də olsa fond birjalarına öz xeyrinə təsir göstərmək istəyib.

Kremldən separatçı referendumla bağlı müsbər şərh gəlsə də, prezident Putin hələ ki, hadisələrə öz münasibətini bildirməyib və susmağa üstünlük verir. Putinin susması beynəlxalq ictimayyəti və maraqlı geosiyasi qüvvələri də müəyyən çaşqınlıq vəziyyətinə salıb. Çünki Putinin susqunluqdan sonra növbəti addımının necə olacağını proqnozlaşdırmaq çətinlik doğurur.
Maraqlıdır Putinin bundan sonra Ukrayna ilə bağlı hansı addımı atacaq və ümumiyyətlə Rusiya rəhbərliyinin yaranmış vəziyyətdən çıxmaq üçün hansısa strateji planı varmı?

Hər bir halda Putin anlayır ki, Ukraynadakı hadisələrdən sonra Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyaları ildən-ilə artacaq və son nəticədə Avropa bu ölkədən qaz idxalını dayandıracaq. Buna görə Moskvanın gündəliyində duran birinci həll edilməli olan məsələ özünü sığortalamaqdır. Daha dəqiq desək, Avropa almasa qaz satmaq üçün yeni bazar tapmaqdır. Rusiyanın özünü sığortalamasının iki yolu var:

Birincisi Çini ondan qaz almağa razı salmaq. Qeyd edək ki, Çinlə Rusiya arasında hələ 2005-ci ildən bununla bağlı danışıqlar getsə də, hələ ki razılaşma imzalanmayıb. Müqavilə imzalanarsa Rusiyadan Çinə ildə 38 milyard kub metr qazın ixracı həyata keçiriləcək. Buna görə Putin təcili olaraq Çinə səfər etməyə hazırlaşır və mayın 20-də Pekinə yollanacaq. Qeyd edək ki, Çin bu günə qədər Rusiyadan qaz idxal etməyib. Çinə əsas qaz ixracatçısı isə Türkmənistandır. Əgər Pekin Rusiya ilə əməkdaşlıqdan imtina edərsə bu Putin üçün ən arzuolunmaz variant hesab olunur və ölkəsinin yaxın illər ərzində böyük gəlirdən məhrum olması anlamına gəlir. Bununla belə Çinin Rusiya ilə əməkdaşlığa başlaması belə, Moskvanın bütün problemlərini həll etmir. Çünki Çinə ixrac olunması planlaşdırılan qaz Avropaya satılan qazın üçdə bir hissəsi qədərdir.

Rusiya üçün ikinci çıxış yolu, Azərbaycan vasitəsilə Xəzə hövzəsinin qazının ixracını nəzərdə tutan TANAP və TAP layihələrinin icrasına mane olmaqdır. Bunun üçün Moskva Bakının razılığını almalı və alternativ gəlir mənbəyi irəli sürməlidir. Azərbaycan bu addıma yalnız Qarabağ probleminin həlli müqabilində razı olacağını ehtimal edilir.

Putin Çin səfərindən sonra iyunun 6-da ABŞ və AB rəhbərləri ilə danışıqlar aparmaq üçün Fransaya yola düşəcək. Rusiyanın tutacağı mövqe Çinlə aparacağı danışıqların nəticəsindən asılı olacaq. Güman ki, Putin Donetsk və Luqansk kartlarını da Fransaya saxlayıb və hələ ki, qondarma dövlətləri tanımağa tələsmir. Putin Qərbə nə təklif edə bilər?

Güman etmək olar ki, Putin Krımın öz ərazisi kimi tanınması və ardınca barışığın əldə olunması və iqtisadi əməkdaşlığın əvvəlki səviyyədə qalmasını təklif edəcək. Bunun əvəzində Ukraynanın geridə qalan ərazisindən əl çəkəcəyinə söz verə bilər.

Washington Post qəzeti isə hesab edir ki, Putin avropalılara Ukraynanı üç bərabər hissəyə bölməyi təklif edəcək. Qəzet yazır ki, Putin öz çıxışında Ukraynanın bir hissəsinin bir vaxtlar Polşa, Avstriya və Çexiyaya mənsub olduğunu qeyd etməsi bunə işarədir.

Avropalıların Putinlə müzakirədə Qarabağ məsələsini qaldıracaqları əminliklə demək mümkündür. Çünki Qərb artıq Rusiyanın heç bir vədinə inanmır və özününü enerji təhlükəsizliyini təmin etməyə çalışır. Yeganə ən optimal variant isə Xəzər hövzəsinin qazının ixracıdır. Enerji təhlükəsizliyinin təmin olunması üçün isə, regionda münaqişəli vəziyyətin aradan qaldırılması vacibdir. Fransadakı görüş ərəfəsində bu ölkənin prezidenti Fransua Ollandın Qafqaz ölkələrinə tələsik səfər etməsi və prezidentlə görüşləri ümumi fikri öyrənib prezident Putinlə razılaşmaq üçün hesablanıb.

Tofiq Əsgərov
AzVision.az üçün




Teqlər:





Xəbər lenti